Xəbər lenti

"ABŞ və müttəfiqləri İsrail və İran hökumətinə münaqişənin eskalasiyasının yolverilməzliyi barədə mesaj göndəriblər".

Oxu.Az-ın AFP-yə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken ABŞ-Avstraliya "iki üstəgəl iki" formatında danışıqların yekunlarına dair açıqlamasında deyib.

"Heç kim münaqişəni kəskinləşdirməməlidir. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla intensiv diplomatiya aparırıq. Bu mesajı birbaşa İrana çatdırırıq. Biz bu mesajı birbaşa İsrailə də çatdırmışıq", - deyə Blinken bildirib.

O qeyd edib ki, ABŞ-nin İsrailin təhlükəsizliyinə sadiqliyinə dair mövqeyi sarsılmazdır.

"Biz İsraili terror qruplarının və ya onların sponsorlarının hücumlarından, eləcə də öz hərbçilərimizi qorumağa davam edəcəyik", - deyə dövlət katibi əlavə edib.

Blinkenin sözlərinə görə, regiondakı siyasi proseslərin bütün iştirakçıları başa düşməlidirlər ki, növbəti hücumlar yalnız münaqişəni, qeyri-sabitliyi və hamı üçün təhlükəsizliyin olmamasını dərinləşdirəcək.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik iyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra pik həddə çatıb. SEPAH-ın məlumatına görə, Haniyə təxminən 7 kq çəkidə döyüş başlığı olan qısamənzilli mərminin atəşi nəticəsində öldürülüb.

İsrail tərəfi Haniyənin ölümünü şərh etməyib.

İran, "Hizbullah" və HƏMAS hücumda İsraili ittiham edib, buna cavab verəcəklərini vəd ediblər. İsrail tərəfi öz əlaqəsini təsdiqləməyib.

Bundan başqa iyulun sonunda "Hizbullah"ın komandirlərindən biri olan Fuad Şükür öldürülüb. İsrail onun ölümündə əlaqəsini etiraf edib.

ABŞ gərginliyin artması fonunda Yaxın Şərqə aviasiya daşıyıcı zərbə qrupu, əlavə kreyserlər və esmineslər göndərib.

HƏMAS avqustun 6-da Haniyənin ölümündən sonra yeni siyasi liderin adını açıqlayıb - onun xələfi əvvəllər qruplaşmanı Qəzza zolağında idarə edən Yəhya Sinvar olub. O, 7 oktyabr 2023-cü ildə İsrailə hücumun təşkilatçılarından biri hesab olunur. İsrailin xarici işlər naziri İsrael Kaats bildirib ki, Sinvarın HƏMAS-ın Siyasi Bürosunun rəhbəri təyin edilməsi onu aradan qaldırmaq üçün daha bir səbəbdir.




Ana səhifəyə qayıt        Baxış: 2 924          Tarix: 7-08-2024, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma