Belarus müdafiə naziri Viktor Xrenin Ukrayna tərəfindən silahlı təxribatların ehtimalının yüksək olduğunu bəyan edib.
Oxu.Az-ın "Belta"ya istinadla verdiyi məlumata görə, o bu barədə Belarus dövlət başçısının yanında hərbi təhlükəsizlik məsələlərinə dair müşavirədə bildirib.
"Cənub əməliyyat istiqamətində vəziyyət gərgin olaraq qalır. Ukrayna Silahlı Qüvvələri və Sərhəd Xidmətinin birləşmələri sərhəd mühafizəsi sistemini və eşelonlaşdırılmış müdafiə elementlərini təkmilləşdirməyə davam edir. Belarus Respublikasının dövlət sərhədi boyunca bütün sahələrdə Ukrayna Xüsusi Əməliyyatlar Qüvvələri və Təhlükəsizlik Xidməti bölmələrinin fəal fəaliyyəti qeydə alınır", - deyə müdafiə naziri bildirib.
O, həmçinin Ukrayna tərəfindən fasiləsiz kəşfiyyat aparıldığını, bunun üçün pilotsuz uçuş aparatlarından fəal istifadə edildiyini, o cümlədən Belarus hava məkanının pozulması cəhdlərinin olduğunu məruzə edib.
"Sərhədyanı rayonlarda Ukrayna silahlı birləşmələrinin mövcudluğu şəraitində ərazimizə silahlı təxribatların, həmçinin Belarus millətçi birləşmələrinin cəlb edilməsi ilə rezonans doğuracaq aksiyaların hazırlanması və keçirilməsi ehtimalı yüksək olaraq qalır", - deyə Viktor Xrenin bildirib.
Paylaş: