Xəbər lenti

İçin yandı, Türkiyə,
İçim yandı, Türkiyə.
Gözlərimdən süzülən
Gözyaşları deyil ki,
Qızıl qandı, Türkiyə.
Gecənin səssizliyi
Bir fəlakət gətirdi.
Qabarıb qalxdı torpaq,
Yer döndü cəhənnəmə,
Ölüm, vəhşət gətirdi.
Bir ox keçdi sinəndən.
Yayı sındı kirişdən.
Elə bil heç Allahın
Xəbəri yox bu işdən.
Endi uca bayrağın,
Gör, neçə şəhər düşdü.
Sənin qəmli halından
Könlümə yüz xal düşdü.
Gün döndü gül çöhrəndən,
Gecə kimi qaraldın.
Döndün yaralı şirə,
On yerdən yara aldın.
Sındı Qəhrəman Maraş,
Adana, Diyarbəkir.
Nəşəli Əzrayıl da
Xətayın, Antakyanın
Çökmüş evləri üstə
Xatirə şəkli çəkir.
Dosta bax, düşmənə bax,
Kim səni zəif sanır?
İçimdə hönkürürəm,
Biləsən, canım yanır.
Bir tərəfin dönübdür
Uçurulmuş sərgiyə.
Canın yanır, Türkiyə.
Canım yanır, Türkiyə
        6- 7.02.2023



Ana səhifəyə qayıt        Baxış: 1 535          Tarix: 10-02-2023, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma