Xəbər lenti

  

ADP sədri Sərdar Cəlaloğluyla bu dəfəki söhbətimizi qarşıdan gələn Prezident seçkiləri üzərində qurduq.

Etiraf edim ki, Sərdar bəylə söhbətimiz mən gözlədiyimdən daha maraqlı alındı. Uşaqlıqdan bəri tanıdığım ADP liderini heç bir zaman bu radikallıqda və açıqsözlülükdə görməmişdim.

Sərdar Cəlaloğlunun Ovqat.com-a müsahibəsinin III hissəsini təqdim edirik:

 

(Əvvəli bu linklərdə: http://ovqat.com/manset/12032-srdar-clalolu-o-itlri-asmaq-lazmdr.html

http://ovqat.com/manset/12122-azrbaycanda-gozlniln-hakimiyyt-dyiikliyinin-arxasnda-iki-guc-dayanr-srail-v-vatikan.html )

-Gəlin, razılaşaq ki, ədalətli bir rejim qurmaq üçün ilk növbədə ölkənin varidantının düzgün bölüşümü lazımdır. Ölkənin varidatı isə, bayaq özünüzün də qeyd etdiyiniz kimi, bir neçə korrupsionerin əlində cəmləşib. Yeni komanda ilk növbədə iqtisadi ədaləti bərpa etməlidir ki, bu da...

-Ədalət yalnız ədalətli insanlar üçündür. Ədalətsiz insanlar ədalətli cəmiyyətdə yalnız cinayətkar ola bilərlər...

-Amma biz dövlətdən danışırıq, Sərdar bəy, bandadan yox. Dövlətin təməli ədalətdir. Ədalət bərpa olunmayacaqsa və ya bu məqsəd qarşıya qoyulmayacaqsa, hansı islahatdan söhbət gedir?

-Məsələ burasındadır ki, demokratik ölkələrdə də cinayətkarlar, korrupsionerlər var və onlar əksər hallarda hakimiyyət pilləsində irəliləyə bilirlər. Nə demək istəyirəm? Dövlət ədalətli ola bilər, amma əhalinin böyük əksəriyyəti ədalətli deyilsə, dövlətin siyasi-mənəvi xarakteri də dəyişilir. Çünki bütün dövlətlər öz əhalisinin mənəvi-siyasi məcmusundan ibarətdir. Azərbaycan xalqının ən böyük bədbəxtçiliyi də ondadır ki, özü ədalətli deyil. Biz niyə indiyədək mövcud hakimiyyətə qarşı effektli mübarizə apara bilmirik? Çünki əhali olaraq ədalətsizliyi normal qəbul edir, ona dözürük. Bizim xarakterdə cəmiyyət dünyanın ən demokratik ölkəsində belə yaşasaydı, onun siyasi idarəetmə orqanları tədricən dəyişilib indiki Azərbaycana oxşayacaqdı. Odur ki, mən bir partiya lideri kimi mövcud rejimdən daha çox, insanlarımızı maarifləndirməyi daha vacib iş hesab edirəm və bütün əqli gücümü bu istiqamətə yönəltmişəm. Bir çox siyasətçilər mənim bu təşəbbüsümü bəyənmir, fəaliyyətimdə hansısa başqa məqamlar axtarırlar. Başa düşmürlər ki, istənilən fəaliyyətə tavandan yox, dabandan başlamaq lazımdır. Baxın, biz bir binanı necə inşa edirik? İlk əvvəl fundamentini atır, sonra onun üzərində divarları inşa edir, sonra isə tavanı düzəldirik. İşə tavandan başlamağımız mümkün deyil. Sosial quruculuq işləri də bu prinsiplə getməlidir. Əvvəl qurmaq istədiyimiz cəmiyyətin ideoloji əsasları hazırlanmalı, xalq bu yöndə maarifləndirilməli və təşkilatlanmalı, daha sonra onun tavanı sayılan siyasi qat formalaşdırılmalıdır.  Necə ki, vaxtilə Musa peyğəmbər yəhudiləri Firon zülmündən xilas etmək üçün 40 il səhralarda yaşatmış, xalqın dünyagörüşündəki stereotipləri tamamilə silmiş, yalnız bundan sonra hakimiyyət qurmağa çalışmışdı. Əks halda, onun yeni bir sistem qurması mümkün deyildi. Eyni metodun Məhəmməd peyqəmbər tərəfindən də həyata keçirildiyini görürük. Hesab edirəm ki, İslam tarixinin erkən dövründəki hicrət hadisəsi yaşanmasaydı, dinimiz də yarana bilməz, Məkkədəki cəhaliyyət rejimi tərəfindən yox edilərdi. Mədinə hicrəti və burada qurulan yeni idarəetmə sistemi ilk müsəlmanların beynindəki cəhaliyyət izlərini sildikdən sonra İslam mədəniyyəti formalaşa bildi, nəticə etibarilə, bu yeni düşüncə köhnə və mürtəce  ənənəyə qələbə çaldı...

-Nə təklif edirsiniz, Sərdar bəy? Biz də hicrət etməliyik?

-Yox, artıq hicrət etməyə ehtiyac yoxdur. Keçmiş dövrlərdən fərqli olaraq, artıq insanlar hicrətə getmirlər, “hicrət” insanların ayağına gəlir. Dünya qloballaşıb və internet üzərindən xəbərləşmələr, virtual ünsiyyətlər toplumlarda qlobal düşüncə tərzi formalaşdırır. Artıq bütün bəşəriyyət eyni mədəniyyətli, dünyagörüşlü vahid bir toplum halına gəlir. Bu prosesin qarşısını almaq mümkün deyil. Sadəcə, prosesi bir qədər yubatmaq olar. Bu isə ilk növbədə həmin axının qarşısına çıxanların fəlakətiylə nəticələnir. Necə ki, Qəddafilər, Hüsnü Mübarəklər bu selin qabağlnda dayana bilmədilər...

-Bəli, təvazökarlıqdan uzaq olsa belə, mənim də elə bir şeirim var:

“İnadını, gəl, çıxart

“Mən, mən” deyən beynindən.

Axına qarşı üzmə,

Tuman çıxar əynindən”.

-Nə gözəl izah edibsən. Tam mənim dediyim həqiqətin bədii ifadəsidir. Həqiqətən də bu gün zamanın axınına qarşı üzənlər həm özlərini, həm də idarə etdikləri xalqları böyük fəlakət qarşısında qoyurlar. Amma nəticədə öz istəklərinə də nail olmurlar. Hazırda bunun ən bariz nümunəsi Şimali İraqda yaşanır. Öz hakimiyyəti naminə bütün dünya dövlətlərinin, regional güclərin iradəsinə qarşı gedən Məsud Bərzani kürd xalqının onillərlə qazandığı siyasi dividentləri bir anda məhv etdi. Bundan sonra, yəqin ki, özü də ya hakimiyyətdən uzaqlaşacaq, ya da uzaqlaşdırılacaq. Ümidvaram ki, bizim hakimiyyətkilər də baş verənlərdən nəticə çaxaracaq, bu selin qabağında dayanmağa çalışmayacaq. Bununla belə, bayaq da dediyim kimi dəyişikliklərə yalnız hakimiyyətdəkilərin hazır olması kifayət deyil. Xalqın özü də buna hazır olmalıdır. Azərbaycanın bu mənada iki mühüm problemi var: biri ədalətsiz xalq, digəri ədalətsiz hakimiyyət. Əslinə qalsa, ədalətsiz hakimiyyətin də əsas mənbəyi ədalətsiz xalqdır. Quranda bir ayə var: “Siz özünüzü dəyişdirməsiniz, mən sizin halınızı dəyişdirməyəcəyəm”. Yəni hər kəs idarə olunduğu kimi yaşamağa layiqdir. Bir başqa ayədə deyildiyi kimi, “mən sizin cəzanızı içərinizdən seçib başınıza gətirdiyim hakimləriniz vasitəsilə verəcəyəm”. Düşünürəm ki, cəmiyyətimiz tədricən dəyişilir və bu da hakimiyyətin xarakterini yaxşı mənadə nizamlayır. Yaxın zamanlarda bu təkamül prosesi daha sürətlə gedəcək.

-Axı, bəy, cəmiyyət eyni tipli adamlardan təşəkkül tapmayıb ki, cəza da kollektiv olsun. Belə deyək, cəmiyyətdə sizin kimi, lap yeri gələndə, mənim kimi fərqli düşünənlər də var. Mənim günahım nədir ki, qonuşumuz Məmmədhəsən kişinin cəzasını onunla bərabər çəkirəm? Burda ilahi ədalət hardadır?

-Əvvəla, qonşunuz Məmmədhəsən kişinin xasiyyətini dəyişə bilmirsənsə, zəhmət çəkib onun cəzasına da qatlanmalısan. Ataların yaxşı bir sözü var: “Qonşun pisdir, köç, qurtar”. Öz evində rahat yaşamaq istəyirsənsə, ilk növbədə qonşunu da özünə bənzətməlisən. Bunu bacarmırsansa, ilahi ədalətdən inciməməlisən.

İkincisi, məzlum olmasa, zalım da yaranmaz. Bütün zalımların anası məzlumlardır. Sən niyə zülmə boyun əyirsən ki, zalım da meydana çıxsın?

-Sərdar bəy, məzlum olmayıb neyləyək? Özünüz demişkən, sən xalq və dövlətin arasındasan. O da ədalətsizdir, bu da. Sənin məzlum olmamaqdan başqa nə çarən var?

-Sənə çarəni deyirəm. Allah öz kitabında deyir ki, mənim əmrlərimdən başqa heç kimin buyruğunu icra etmə. Allahın əmri nədir? Səff surəsində deyir ki, “Allah Taala zülmün qarşısında polad kimi dayananları sevər”. Sən dayanırsan? – Yox. Allah səni niyə sevməlidir? Allah səni sevməyəndə nə olur? – Sənə nifrət edir. Bu nifrət nədə özünü büruzə verir? – Sənə verdiyi cəzada. Sən də cəzan nədir, çəkməlisən. Cəza necə olur? – Ya təbii fəlakət şəkilində ortaya çıxır: məsələn, Xəzərdə tufan qopur və sənin ölkən suyun altında qalır, Nuh tufanında olduğu kimi. Ya da Azərbaycandakı iqtidar kimi bir hakimiyyəti gətirib qoyur həmin xalqın başına, deyir ki, cəzanı çək, ağlın başına gəlsin. Bir sözlə, Azərbaycan xalqı Allah  tərəfindən indiki iqtidar vasitəsilə cəzalandırılıb.

-Allahın cəzası da mübarəkdir, çəkək. Amma biz hansı günahın sahibi idik, onu anlamıram.

-Məsələn, Allah-Taala deyir ki, öz sərhədlərinizi qoruyun. Qoruduq sərhədlərimizi? Torpaqlarımızın 20%-i kimin əlindədir?-ermənilərin.

-Qorumağa imkan verdilər ki?

-Kim imkan verməliydi? Sən öz hakimiyyətini müəyyənləşdirə bilməyəcək qədər acızsən, Allah nə etsin? İkincisi, “tərəzidə düz çəkin, bir-birinizi aldatmayın” deyir. Azərbaycan xalqı bu əmrə əməl edir?-Yox. Quranda deyilir ki, şeytan sizin müxalifətiniz və düşməninizdir, siz də ona düşmən olun. Sən şeytanla dostsan, axı. Allah sənə niyə kömək etsin?

-Yəqin, hökumətimiz də müxalifətə bu ayədən çıxış edərək, şeytan kimi baxır.

-Mən onu qoyuram qırağa. Dərd budur ki, Azərbaycan xalqı şeytanla dostdur. Hətta dindarlarımızın oxuduğu dini kitablar, onların öz fikirləri şeytani vəsvəsədən doğub. İnandıqları şeylərin əksəriyyəti Allaha şərik qoşmaqdır, İslam dininin əsas prinsiplərinə ziddir. Sən ulduz falına inanırsansa, Allahdan niyə mədət ummalısan? İnanırsan ki, başqa planetdən gələn var, necə müsəlmansan? Siz özünüz jurnalistsiniz, özünüz deyin, bütün qəzetlərimizdə ulduz falı çıxmır?

-Çıxır. Amma Sərdar bəy, İslamdan danışırıqsa, bu dinin fəlsəfəsində imanın elə vəsvəsədən, şübhədən doğduğuna dair açıq ehkamlar var. Məsələn, İbrahim peyğəmbər atası Azərin inandığı dinin həqiqiliyinə şübhə etdiyi üçün Haqq axtarışına başladı və onu tapdı, peyğəmbər oldu. Məntiqlə, həmin şübhə olmasaydı, İbrahim əleyhüs-salam da dinə gəlməyəcəkdi. Deməli, şübhələr bəzən imanın əsas qapısı olurlar.

-Yox, o başqa bir şeydir, mən dediyim başqa. İbrahim peyğəmbər haqlı olaraq nahaqdan şübhələnmişdi. Sən axı Haqdan şübhələnirsən, şeytanın vəsvəsəsinə qapılırsan. Bunlar mahiyyət etibarilə fərqli şeylərdir və bir-birinin ziddinədir. İbrahim peyğəmbər astrologiyanın səhv olduğunu anlamışdı. Ulduz falı nədir? – astrologiya. Biz isə ulduzları müqəddəsləşdiririk. Allah Taala deyir ki, “batini elmlərə yaxın getməyin”. Batini elmlər 3 növdür: astrologiya, əl-kimya və ovsunçuluq. Azərbaycan xalqı bunlardan ən azı ikisinin – astrologiya və ovsunluğun təsiri altındadır.

-Sərdar bəy, islamı elə günə qoyublar ki, batini elmlərə inanmaq, dinə inanmaqdan daha mütərəqqi təsir bağışlayır. Məsələn, mən adam tanıyıram, övladını uşaqlıqdan içkiyə öyrəşdirir ki, İŞİD-çi, yaxud hizbullahçı olmasın.

-Heç kim İslamı pis günə qoymayıb. İnsanlar özlərini o günə qoyublar. Allah Taala Quranda deyir ki, bu dini mən qoruyacağam. Allahın qoruduğuna heç kim zərər verə bilməz.

-Hər nəsə da. Ya zəlzələdən, ya vəlvələdən...

-Qoymasınlar da özlərini o günə.

-Bizə təlqin olunan islami nəzəriyyələr kafirlikdən daha qorxuncdur. Füzuli demişkən:

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

 

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,

Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!”

-Onlar islami nəzəriyyələr deyil, sadəcə bu cür təqdim olunurlar. Məsələn, İŞİD-i götürək. Tarixdə onun bənzəri var da – Həşhəşilər. Ələmut qalasındakı həşhəşilərlə indiki İŞİD-in heç bir fərqi yoxdur. Bu iki hərəkatın başında duran adamların da islamla heç bir əlaqəsi mövcud deyil.

-Deməli, din belə bir axmaq cərəyanların yaranmasına yol aça bilir da.

-Bu axmaqlıqları din yox, axmaq adamlar, xüsusi kəşfiyyat orqanları yaradır.

-Nə dəxli var? Həmin cərəyanları dini motivlərdən istifadə edib din adına yaradırlar.

-Onda belə götürək, mən oturmuşam burda, sən get, küçədə mənim adımdan yol kəs, quldurluq elə, mən olacağam quldur?

-Məncə, müqayisə düzgün deyil. Sizin hər hansı bir direktivinizi əldə rəhbər tutub adam soysam, əlbəttə, siz də mənim məsuliyyətimi bölüşmüş olarsınız. Din adına çıxış edən bütün cərəyanlar öz hərəkətlərinə uyğun ehkam tapa bilirlər İslamda. Problem burdadır.

-Bunlar yanlış yozumlardan ortaya çıxır. Dində heç kəs ədalətin, haqqın əleyhinə bir dənə də olsun, mühakimə tapa bilmız. Allah Taala deyir ki, bu Quran sağlam ağıl sahibləri üçün göndərilib. Bu gün Azərbaycanda özlərini müsəlman sayanların düşüncələrini isə sağlam ağıl qəbul edə bilməz. Deməli, bunlar həqiqi İslam inancı deyillər.  Bu adamlar sağlam ağılla yanaşsalar görərlər ki, onların inandıqları ya islamdan qabaqkı bütpərəstliklə, ya xristianlıqla, ya da yəhudiliklə bağlıdır.

-Sərdar bəy, dini təsəvvürünüzlə mətbuatdan az-çox tanışlığım var. Açığını desəm, bəzi məqamlarda sizə qatıldığım, bəzi məqamlarda isə qəbul etmədiyim fikirləriniz mövcuddur. İnşallah, bir gün oturub həm din, həm ədəbiyyat, həm də tarixi qəhrəmanlarımızla bağlı ayrı-ayrılıqda söhbət edərik. İndisə mən daha çox siyasi məsələlər üzərində dayanmaq istəyərdim. Bayaq dediniz ki, xarici güc mərkəzləri yeni liderə söykənib ruspərəst qüvvələri hakimiyyətdən qovmaq istəyirlər. Amma bunu elə izah etdiniz ki, sanki dəyişim prosesi su içmək qədər asan olacaq. Hansı məmur, haram yolla əldə etsə belə, indiki imtiyazını rahatlıqla verər?

-Sözsüz ki, heç nə asan olmaya da bilər. Mən sadəcə, baş verə biləcək hadisələr barədə təxminlərimi, ehtimallarımı deyirəm. Deyirəm ki, əgər qlobal güc mərkəzləri Rusiya ilə dil tapa bilsə, bu proses qansız-qadasız baş verəcək. Beynəlxalq sövdələşmə olmasa, ağır nəticələr də gözləniləndir. Azərbaycanın Yaxın Şərq və yaxud Qara dəniz hövzəsi  ölkələri kimi beynəlxalq hesablaşmaların poliqonuna çevrilmək ehtimalı da istisna deyil. Hətta ola bilər ki, indiki hakimiyyət Rusiyanın güzəştə getməməsi səbəbindən özünü qorusun. Bütün bu ehtimalların hansının baş tutacağını ancaq səsvermə dövrünə yaxınlaşdığımız zaman görəcəyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla Aİ arasında “Şərq tərəfdaşlığı” çərçivəsində müzakirələr aparılır. Noyabrın axırında Brüsseldə Avropa İttifaqının növbəti sammiti keçiriləcək. Sammitdə Azərbaycanın da daxil olduğu 6 post-sovet ölkəsinin Qərblə inteqrasiya məsələsinə baxılacaq. Qərbin bu ölkələrdən tələbi assosiativ üzvlükdür, Azərbaycan isə bununla razılaşmır. Eynilə Ukraynadakı Maydan hərəkatında olduğu kimi. Qərb ölkələrinin Azərbaycanla planının nə olduğunu və nə zaman bu prosesi başladacağını heç kim bilmir. Bütün hallarda mənim arzum Azərbaycandakı gözlənilən bütün dəyişim prosesinin təkamüllə baş verməsidir. Ona görə ki, bayaq dediyim kimi, bir toplumu yuxarıdan yox, aşağıdan daha effektli islah edilə biləcəyinə inanıram.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 725          Tarix: 31-10-2017, 16:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma