Xəbər lenti

 

Suriyada təhlükəsiz zonalar yaratmaq haqqında memorandumun imzalanması Tel-əvivin nəzarəti altında həyata keçirilib. Hər halda Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fominin fikirlərindən belə çıxır.

Ovqat.com xəbər verir ki, Fomin memorandumun hazırlanması prosesində Rusiya, Türkiyə, İran müdafiə nazirləriylə yanaşı, onların israilli həmkarının da iştirak etdiyi bildirib: “Memorandumun hazırlandığı toplantılara İsrail Müdafiə naziri də qatılıb”.

Fomin sənədin ərsəyə gətirilməsi prosesində bu dörd ölkənin kəşfiyyat xidmətləri və xarici işlər nazirliklərinin də bir-biriylə mütəmadi təmaslar qurduqlarını etiraf edib.

Suriyada təhlükəsiz zonalar yaratmaq barədə memorandum son Astana sammitində Türkiyə, Rusiya və İran tərəfindən imzalanıb. Memorandumda ölkənin şimal və şimal-qərb hissəsində müharibəsiz 4 bölgə yaratmağı qərara alınıb. Hələb, İdlib, Lazkiyə və Xama rayonlarında yaradılacaq təhlükəsiz zonalara Xüms, Guta, Dera və Kuneytranın bəzi bölgələri də aid edilib.

Yaradılması nəzərdə tutulan təhlükəsiz zonalara baxışlar isə birmənalı deyil. Bəzi ekspertlər bunu Suriyada 6 ildən bəri davam edən vətəndaş müharibəsinin sonu, bəziləri isə ölkənin parçalanması projesi kimi qiymətləndirirlər.

Regionda təhlükəsiz zonalar yaradılması məsələsi Astana sammitində təsadüfən ortaya çıxan proyekt də deyil. Sammitdən xeyli əvvəl də bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilmişdi. Xatırlatmaq yerinə düşərdi ki, Türkiyə uzun illərdən bəri Suriyanın müxtəlif yerlərində təhlükəsiz zonalar yaradılması fikrini irəli sürür, onun ən güclü müttəfiqi olan ABŞ isə bu təklifi yaxına buraxmırdı.

Bəs, bu memorandumla kim nə qazanacaq?

Astana sammitində regionun 4 böyük aktyoru tərəfindən razılaşdırılan memorandum həyata keçirilərsə, böyük güclərin bölgədə yaratmağa çalışdıqları “Kürdüstan” xəyalı suya düşəcək. Bu mənada əldə edilən razılaşmanı Türk diplomatiyasının aktivinə yazmaq olar.

Sözsüz ki, regionun müxtəlif çarpışan maraqlarını birləşdirməyi bacaran qüvvə və əsas söz sahibi statusu qazandığı üçün əldə edilən razılıqdan ən karlı ayrılanlardan biri də Moskvadır.

İrana gəlincə, memorandumun tələbləri Tehranı öz nüfuz dairəsini bütün Suriyaya yaymaq imkanından məhrum etsə də, hər halda bölgədə cücərməyə başlayan sülh təşəbbüsləri illərlə davam edən vətəndaş müharibəsində yorğun düşən bu ölkə üçün də xeyirlidir. Nəzərə alaq ki, bölgədə gedən vətəndaş müharibəsində Suriyadan sonra ən çox itki verən (həm maddi, həm də canlı qüvvə baxımından) ölkə İrandır, məsələnin hansısa şəkildə yoluna qoyulması bu ölkənin də işinə yaradığı aydın olur.

Üstəlik, Suriyanın şimalında xəyali Böyük Kürdüstan dövlətinin yaranması Türkiyə qədər İranı da narahat edir. Nədən ki, kürd separatçıları İranın Mehabad, Urmiyə və sair vilayətlərini də xəyali Kürdüstanın şərq hissəsinə aid edirlər. Xüsusilə bir neçə gündən sonra İranda keçiriləcək prezident seçkilərində kürd təşkilatlarının xeyli aktivləşdiyi müşahidə olunur və onlar namizədlərdən birinin müəyyən şərtlərlə dəstəkləyə biləcəklərini açıq şəkildə bəyan edirlər. Odur ki, “Kürdüstan” xəyalının üstündən xətt çəkilməsi Tehranın da maraqlarına uyğundur.

Tel-əvivin bu prosesə dəstək verməsi də təsadüfi deyil. Bölgədə müharibənin davam etməsi İsrailin şimal sərhədlərində qeyri-müəyyən vəziyyətin sürməsi anlamına gəlir. Bu isə həm Suriyanın nə zamansa daha radikal islamçı qüvvələrin əlinə keçməsi ehtimalı, həm də İsrailin əsas rəqib kimi gördüyü Livan Hizbullahının hərbi texniki və canlı qüvvə baxımından güclənməsi deməkdir. Təsadüfi deyil ki, ötən gün İsrail parlamentinin (Knesset) Təhlükəsizlik və Xarici əlaqələr Komissiyasının rəhbəri Avi Diçter də bu ehtimalı dilə gətirmiş və Hizbullahın artıq kiçik bir terrorçu dəstə deyil, ciddi döyüş təcrübəsi, silahı olan orduya çevrildiyini etiraf etmişdi. Suriyada müharibə şəraitinin davam etməsi İsrail üçün heç də yaxşı olmayan bu gedişatı daha da sürətləndirirdi.

Üstəlik, regionun 3 əsas güc mərkəzinin bir araya gəlməsi və bu tendensiyanın daha ciddi ittifaqların yolunu açacağı əndişəsi də Tel-əvivi narahat etməyə bilməz. Onsuz da bişəcək “xörəkdə” İsrail “duzu”nun olması üçün Tel-əviv də əlini daşın altına qoymalı idi və qoydu.

Regionun bütün dövlətlərinin mənfəətlərini nəzərə alaraq hazırlanan  memorandumun tələbləri bu gündən-may ayının 6-dan etibarən qüvvəyə minmiş sayılır.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 757          Tarix: 6-05-2017, 08:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma