Xəbər lenti

 

ABŞ-da məhkəməsi davam edən Rza Zarrabın ortağı Babək Zəncani haqqında çıxarılan ölüm hokum ləğv edilib.

Ovqat.com-un bildirdiyinə görə, bu qərarı İran Apellyasiya məhkəməsi verib.

Zəncaniyə edam hökmü yerinə hansı cəzanın verildiyi barədə isə heç bir məlumat açıqlanmayıb.

Həbs olunduğu 2013-cü ildən bu vaxta qədər 26 dəfə hakim qarşısına çıxarılan Zəncani İrana 2.8 milyard dollar atmaqda günahlandırılır. Ötən ilin mart ayında edam cəzasının verildiyi son məhkəmə prosesində İran yetkililəri dəyən zərər ödənəcəyi təqdirdə Zəncaninin cəzasının yüngülləşəcəyini ifadə etmişdilər. İddialara görə, Zarrabın ABŞ-a qaçmasında bu amilin də mühüm rolu olub.

Belə ki, Zəncaninin azadlığa çıxa bilməsi üçün ötən il öz ortağı Rza Zarraba birgə qazandıqları pulu geri qaytarmaq barədə mesaj göndərdiyi, Rza Zarrabın isə bu mesajı aldıqdan sonra ABŞ-a “istirahətə” getməyə qərar verdiyi iddia edilir. Ehtimal olunur ki, Türkiyənin başına dərd açan Zarrab ABŞ-ın Federal Təhqiqatlar Bürosunun səlahiyyətli şəxsləriylə əvvəlcədən danışdıqdan və simvolik cəza ilə yaxasını qurtaracağına qarantiya aldıqdan sonra bu addımı atıb. O, Türkiyədə qalacağı təqdirdə ya mənimsədiyi pulları geri qaytarmalı, ya da İran xüsusi xidmət orqanlarının hazırladığı sui-qəsdə qurban getmək variantlarından birini seçməli idi. Zarrab isə həm İran, həm də Türkiyə xüsusi xidmət orqanlarından daha ayıq tərpənib və okeanın o tayına pənah aparıb.

Zarrabın Türkiyədə qalmaq şansı qalmadığı kimi, bu ölkədən kənara çıxmaq ehtimalı da güvənli deyildi. Hansı ölkəyə getsə, ABŞ tərəfindən həbs etdirilib indi çıxarıldığı məhkəməyə gətirilə bilərdi. Onun güvəndiyi yer Dubay idi ki, BƏƏ-nin də ABŞ-ın istəyini rədd edəcəyini gözləməyə dəyməzdi.

Üstəlik, özü ABŞ məhkəməsinə təslim olacağı və suçlarını etiraf edəcəyi təqdirdə, günahını yüngülləşdirə bilərdi. Zarrabdan əvvəl Kanadada yaşayan İran əsilli iş adamı Əli Rza Parsa da eyni cinayətdən günahlandırılmış və etirafları nəzərə alınaraq, 3 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Zərrabın ailəsiylə bərabər ABŞ-a “istirahət”ə getməsində bu amilin də mühüm rol oynadığı bildirilir.

Rza Zarrabın İranda həbsdəki ortağı Zəncani Türkiyədəki şirkətləri vasitəsilə ölkəsi adından xaricə milyonlarla barrel neft satmaqda ittiham olunur. Onun Apellyasiya məhkəməsi tərəfindən cəzasının azaldılması dövlətə dəyən zərəri ya tam, ya da qismən ödədiyini göstərir. 3 milyard dollara yaxın olan bu vəsaiti Zəncani üçün ödəmək əslində çətin deyil. Nədən ki, Zəncaninin 14 milyard dollardan çox varidatı olduğu ehtimal edilir. Görünür, iş adamının indiyədək borcunu ödəməkdən yayınması Zarrabdan öz payına düşən hissəni qaytarmaq gözləntisiylə bağlı imiş. Zarrab isə özünü ABŞ-da həbsxanaya saldırmaqla bu məsuliyyətdən yaxa qurtardığı üçün bəlkə də Zəncani zərər yükünün altına təkbaşına girmək məcburiyyətində qalıb.

Bir sözlə, Rza Zarrab ABŞ-da hakim qarşısına çıxmaq seçimiylə öz ortağına da atıb.




Ana səhifəyə qayıt        Baxış: 1 445          Tarix: 21-12-2017, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma