Xəbər lenti

  

Ruhaninin kitabı bağlanır

İranda ötən həftənin cümə günündən bəri davam edən etiraz aksiyalar növbəti mərhələyə qədəm qoyur. İndi dini liderə bağlı qüvvələr meydana enir.

Ovqat.com xəbər verir ki, İran dövlət televiziyasının bu gün yaydığı məlumatdan belə anlaşılır.

Məlumata görə, bu səhər onminlərlə rejim havadarı hökuməti dəstəkləyən aksiyalar keçirir. Bir çox şəhərdə keçirilən nümayişlərdə "Liderimiz, hazırıq!", "Qiyamçılara ölüm!" şüarları səsləndirilir.

Rejimə bağlı qüvvələrin nümayişlərə çıxması isə təsadüfi deyil. İranın dini rəhbəri ayətullah Əli Xamneyi dünən verdiyi bəyanatda  ölkənin xarici təzyiq altında olduğunu bildirmiş və xalqı öz iradəsini ortaya qoymağa çağırmışdı.

Qeyd edək ki, dünənə qədər keçirilən aksiyalar ilk baxışdan rejimə qarşı təəssürat yaratsa da, bir çox mütəxəssislər etirazların arxasında dini rəhbərin olduğunu düşünürlər. Bu versiyaya görə, məqsəd islahat tərəfdarlığı ilə seçilən Ruhanini devirməkdir. Etiraz aksiyalarının dini iradənin nəzarətində olan Məşhəddən başlaması da bu mənada təsadüfi hesab edilmir.

 

Maraqlıdır ki, 2009-cu ildə baş verən xalq üsyanlarından fərqli olaraq, bu dəfəki aksiyalara İran İnqilab Keşikçiləri (Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslām və ya qısa şəkildə Sepah) tamamilə laqeyd qalmış, sadəcə bir sözçü tərəfindən “dəmir yumruq göstərə bilərik” şəklində açıqlama verməklə kifayətlənmişdi. Halbuki, Sepah daha az etirazçının qatıldığı 2009-cu il hadisələrində xüsusi amansızlıqları ilə seçilmiş və hətta bu amansızlığına görə mollaların qınaqları ilə qarşılaşmışdı.

İnqilab Keşikçilərinin budəfəki laqeydlikləri dini liderlə prezident arasındakı rəqabətlə izah olunur. Mülahizələrə görə, dini liderə bağlı Sepah qüvvələri üsyanları yatırmamaqla əslində Ruhanini nüfuzdan salmaq kampaniyasında iştirak edirlər. Üsyançılarla mübarizədə indiyədək yalnız polis qüvvələrinin ön plana çıxması, daha doğrusu, polislərin üsyançılar qarşısında tək buraxılması da sözügedən planın tərkib hissəsi kimi görünür. Zira İran Konstitusiyasına görə, polis prezidentə tabedir. Digər silahlı qüvvələrinin Ali Baş Komandanı isə dini liderdir. İddia olunur ki, polislər xalqa qarşı çıxarılmaqla əslində Ruhaninin qəddarlıq imici yaradılmağa və ictimai nifrətin ona yönəldilməsinə çalışılır.

Mülahizələrə inansaq, dini liderin Ruhaniyə qarşı bu cür cəbhə alması təsadüfi deyil. Məqsəd İrandakı dini rejimi gözlənilən təhlükədən sığortalamaqdır. Belə ki, islahatçı söyləmləriylə xeyli nüfuz qazanan Ruhani get-gedə İranın bütün siyasi idarəetmə orqanlarını ələ keçirib. Parlamentdən tutmuş hökumətə, dövlət televiziyasına qədər bir çox qurumlar onun nəzarətindədir. Xüsusilə “6-lıqlar”la bağlanan nüvə sazişindən sonra İran xalqının böyük rəğbətini qazanan bu adama indiyədək Xamneyi tərəfdarları da etiraz edə bilmirdilər. Çünki İranın 40 ildən bəri arzusunda olduğu bir sazişi imzalamışdı və heç kim bu fürsəti fövtə vermək istəmirdi.

 

Üstəlik, həmin sazişdən sonra İrana qarşı embarqoların ortadan qaldırılmasıyla dünyanın bir çox yerlərindən investorlar bu ölkəyə axışa bilərdilər. Sazişin yenicə imzalandığı dövrlərdə həqiqətən ilk qaranquşlar gəlmişdilər belə.

Di gəl ki, Ruhaninin böyük sürətlə artan nüfuzu Tramp maneəsiylə üzləşdi. ABŞ-ın yeni prezidenti hakimiyyətə gələr-gəlməz ilk silləsini İrana vurdu. Əvvəl İran vətəndaşlarına tətbiq olunan viza qadağası daha sonra nüvə sazişindən imtina ritorikasıyla, yenidən embarqolar təhdidiylə əvəzləndi. Beləcə, İranın uzun illər “bahar” gözləyən iqtisadiyyatına pənah gətirən “qaranquşlar” da ölkəni tərk etdi.

Bu da azmış kimi, İranın Suriya və İraqda girdiyi müharibələr xeyli can və maliyyə itkisinə səbəb oldu, ölkədə devalvasiyalar, inflyasiyalar baş alıb getdi. Beləcə, Ruhaninin xalqa və dini avtoritar iradəyə verdiyi ümidlər tamamilə tükəndi. Artıq Ruhanini hakimiyyətdən endirməyin də zamanı gəldi.

Ruhaninin dini iradəni ən ciddi təhdid etdiyi sahə onun gələcəyin ali rəhbəri olmaq ehtimalı ilə bağlıdır. Son zamanlar Xamneyinin səhhətində yaranan problemlər indiki dini liderin öz postunu yaxınlarda sələfinə ötürməsi zərurətini yarada bilər. Konstitusiyaya görə, dini lider ömürlük seçilsə də, Xamneyi Allahın ona verdiyi “səlahiyyət müddətini” başa vurmaq üzrədir. Xamneyisizlik dövründə isə onun ən ciddi sələfi ola biləcək şəxslərdən biri, bəlkə də birincisi Ruhanidir. İran İslam İnqilabının qurulmasında ən azı Xamneyi qədər xidməti olan bu adamın dini çevrələrdə olduğu kimi, xalq arasında da böyük nüfuzu var. Elə məsələ də bundadır. Görünən budur ki, ölkənin taleyini Qərblə həşir-nəşir olan birinə ötürməmək üçün dini avtoritar iradə hərəkətə gəlib: Ruhani ilk əvvəl xalqın gözündən, sonra taxtından salınmalıdır.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, hakimiyyət orqanlarında yerini xeyli möhkəmləndirən Ruhaninin kitabının bağlanması üçün iki yol var və bu iki yolun ikisi də dini rəhbərdən keçir. Qanunvericiliyə görə, dini rəhbər ya bu barədə parlament qarşısında məsələ qaldıraraq, ya da Ali Məhkəməyə müraciət edərək, öz niyyətini həyata keçirə bilər. Parlament üzvlərinin yarısından çoxu Ruhani tərəfdarı olduğundan, birinci yol Xamneyinin üzünə bağlı görünür. Qalır ikinci yol. Xamneyinin müraciətinə Ali Məhkəmənin “hə” deməsi üçün isə Ruhani siyasətinin ölkəni təhlükə qarşısında qoyması, əhali arasında parçalama yaratması, vəziyyətin vətəndaş müharibəsi həddinə gəlməsi lazımdır.

Bunun ilk mərhələsi ötən ayın 28-dən başlayaraq həyata keçirildi. Etirazçıların qarşısına çıxacaq digər tərəf isə bu gün meydanlara sürülür. Özü də birbaşa ali rəhbərin çağırışıyla.




Ana səhifəyə qayıt        Baxış: 4 012          Tarix: 3-01-2018, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma