Xəbər lenti

 

Cahangir Hacıyevin ötən il Ovqat.com-a verdiyi müsahibənin yaratdığı ajiotaj hələ də bitməyib. Baxmayaraq ki, hüquq mühafizə orqanlarımız öz fikrini böyük ehtiyatla pıçıldayan bankiri də, bunu ictimailəşdirən saytımızı da cəzalandırmışdı; Cahangir Haciyev payızın soyuq günlərində “kars”a salınmış, hətta ona isti paltar belə verilməmiş, yay geyimində soyuqla imtahana çəkilmişdi. Biz isə müsahibə aldığımıza görə Baş Prokurorluğa dəvət olunmuş və xəbərdarlığa layiq görülmüşdük.

Görünən budur ki, Cahangir Hacıyevin danışmaq, bizim isə müsahibə almaq hüququmuzu məhdudlaşdıran Azərbaycan ədalət sistemi bununla da kifayətlənmək istəmir. Bu gün Cahangir Hacıyevlə yeganə əlaqə qurmaq imkanları da rəsmən məhdudlaşdırıldı. Bu istiqamətdə isə cəza vəkillərə kəsildi. C.Hacıyevin iki vəkilindən biri Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən töhmətlə, digəri isə 1 il işindən məhrum edilməklə “mükafatlandırıldı”. Halbuki, onların da günahı öz işlərini layiqincə yerinə yetirməkdən ibarət idi. Zira Vəkillik haqqında Qanunun 3-cü maddəsinə görə, “fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi” bu peşə sahiblərinin birbaşa vəzifəsidir.

Müvəkkilinin hüquqlarını müdafiə edərkən vəkilin müdafiəçisi olduğu şəxslərin “mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək” (Vəkillər və vəkillik faəliyyəti haqqında Qanun, Maddə 15. Vəkilin hüquqları) səlahiyyəti vardır. Bu səlahiyyətlərdən biri də, təbii ki, müvəkkillərinin qarşılaşdığı problemləri ictimailəşdirmək, dövlət qurumlarını və vətəndaşları məlumatlandırmaqdır. Qanunvericilik yalnız bir halda vəkilə öz bildiyi məlumatları yaymaq qadağası gətirir: “mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi həyatının müdafiəsi tələb edərsə...” (Maddə 16. Vəkilin vəzifələri). Bu gün cəzalandırılan vəkillərin heç biri nə dövlət təhlükəsizliyinə ziyan vurmuşdu, nə də müvəkkillərinin icazəsi olmadan onun barəsində qeyri-adi nəsə yaymışdılar.

Vəkillər və müvəkkillər bir də, təbii ki, istintaq sirrini yaya bilməzlər. Bildiyimə görə, saytımıza müsahibə verən Cahangir Hacıyev məhz bu maddə ilə ittiham olunurdu. Halbuki, onun müsahibəsi mediada dərc olunan iddialara cavab xarakterliydi və əgər istintaq sirri yayılmışdısa, bunu edən qarşı tərəf idi.

Üstəlik, Cahangir Hacıyevin istintaq prosesi bitmiş, Apellyasiya Məhkəməsi belə öz sözünü demişdi. Belə bir vəziyyətdə hansı istintaqdan və onun sirrindən danışmaq olardı?

Mən Baş Prokurorluqda sorğuya çəkilərkən, hörmətli prokurorlara da bu sualı ünvanlamış, maraqlı cavab almışdım. Sən demə, 15 il müddətinə azadlıqdan məhrum olunan Cahangir Hacıyevin əməllərinə yalnız bir epizodda hüquqi qiymət verilib. Digər epizodlarda isə istintaq hələ də davam edir. Onun bizə verdiyi müsahibə isə guya istintaqı gedən epizodlara aid imiş. Bu yerdə məşhur türk atalar sözü yada düşür: “Minarəni oğurlamaq istəyənlər ona torba tikməsini də bilərlər”.

Sual yaranır: Nədən bu “istntaq sirrini” öz səhifələrinə daşıyan mətbu orqanlar və bu orqanlara məlumatı sızdıranlar yox, iddialara cavab verənlər cəzalandırılır?

Nə yazıq ki, bu sətirlərin müəllifi hələ də bu suala cavab tapa bilməyib. Cavabsız suallar isə təkcə bununla bitmir. Başlıca müəmmalardan də biri bu gün Cahangir Hacıyevin fəaliyyətini bir neçə epizodda araşdıran Baş Prokurorluğun eyni həssaslığı 2010 və 2014-cü illərdə niyə göstərməməsidir. Axı Cahangir Hacıyevin mətbuata verdiyi məlumatlardan aydın olur ki, eyni epizodlar, faktlar, bank köçürmələri həmin illərdə də Vergilər Nazirliyi ilə Baş Prokurorluğun birgə yaratdıqları araşdırma qrupları tərəfindən araşdırılmışdı. ABB-nin xaricdə yerləşdirdiyi layihələr yoxlanılmış, bankın fəaliyyəti, verilən kreditlərin rəsmiləşdirilməsinin qanunauyğunluğu araşdırılmış, müstəqil auditorlar tərəfindən qiymətləndirilmişdi. Nəticədə isə bu fəaliyyətlərdə cinayət tərkibinin olmaması qənaətinə varılmış və işə xitam verilmişdi.

Bəs, görəsən, keçən bu müddət ərzində nə dəyişilib? Bank həmin bank, hesablar həmin hesablar, bankir həmin bankir deyilmi? Baş Prokurorluq o zaman təsbit edə bilmədiyi cinayətləri bu gün necə ortaya çıxarıb? Bu işdə 2010 və 2014-cü illərdə araşdırma aparan prokuror əməkdaşlarının səhlənkarlığı nə qədərdir? Həmin vaxt işinə səhlənkar yanaşan Prokurorluq işçiləri cəzalandırılıbmı? Cəzalandırılmayıbsa, o zaman Cahangir Hacıyevin vəkili, bankirdən müsahibə alan jurnalist və onun işlədiyi media orqanı niyə məşhər ayağına çəkilir?

Axı, talanan, taleyi qaranlıq qalan vəsaitlər bu dövlətindir. Biz də bu dövlətin vətəndaşları olaraq beynimizi qurcalayan müəmmalı suallara cavab axtarmaq hüququna malikik. Hətta buna borcluyuq.

İctimaiyyəti maraqlandıran başqa suallar da var: Cahangir Hacıyev Beynəlxalq Bankın maliyyə portfelinin cəmi-cümlətanı 2 milyard dollar olduğunu bildirirdi. Bu gün isə onun 15 milyard qolları mənimsədiyi iddia olunur. Axı bu necə ola bilər? 2 milyard dollar balalayıb? Bu “balalama” prosesi necə baş verib ki, “ana sürüdən” dəfələrlə çox məbləğ ortaya çıxıb?

Azərbaycanın ədalət sistemi ictimaiyyəti narahat edən suallara cavab axtaranları cəzalandırmaqdansa, bu müəmmalara aydınlıq gətirməlidir.  Əks halda cavabsız suallar artıqca, vətəndaşların ədalətə inamları azalır. Ədalətə inamın çökdüyü yerdə isə dövlətin təməlləri sarsılır.

Bu halların qarşısını almaq isə birbaşa dövlət maraqlarının əsas qoruyucusu olan prokurorluq orqanlarının vəzifəsidir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 065          Tarix: 22-01-2018, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma