Türkiyə ilə Rusiya arasında uzun müddətdir gündəmdə olan “Türk akını” təbii qaz boru xətti proyektinin inşasına gec də olsa başlandı. Rusiya təbii qazını Qara dəniz üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılması planlaşdırılan kəmərin 2019-ci ilin sonunda işə başlaması gözlənilir. Bəs, bir çox mütəxəssislər tərəfindən Azərbaycanın TANAP layihəsinin ən böyük rəqibi kimi görünən “Türk axını” qardaş ölkəyə nə qazandıracaq?
Türkiyənin ən tanınmış enerji mütəxəssisi Necdət Pamir bu suallara aydınlıq gətirir. Onun Almaniyanın “DW” qəzetinə verdiyi müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
-Rusiyanın təbii qaz nəqlində əhəmiyyətli yerə sahib olması planlaşdırılan “Türk akımı”nın inşasına başlanıldı. Rusiya təbii qazının bir hissəsini Türkiyə üzərindən Avropaya çatdırmağı hədəfləyir. “Türk akını” enerji geopolitikasında nə kimi dəyişikliklərə yol aça bilər?
-2014-ci ilin sonunda - dekabr ayında Putin Türkiyəyə gələndə, Ankaranın gözləmədiyi bir layihəni masaya yatırtdı. O zaman layihənin həcmi 63 milyard kub metrdi - 4 paralel boru kəməri, hər biri 15.75 (milyard kub metr). Bir qismi Türkiyəni, geri qalanı da Avropanı qazla təmin edəcəkdi. Bəs, bunu hansı şəraitdə ortaya atdı Putin? Avropa Birliyi ilə Amerikanın Ukrayna və Krımdakı hadisələrə reaksiyasından sonra. Bir də Avropa Birliyinin qitədəki Qazpromun monopoliyasını qıra bilmək üçün çıxartdığı 3-cü Enerji paketinə qarşı olaraq... Yəni Putin, “mən çarəsiz deyiləm, siz embarqolarınızla mənə maneə törətməyə çalışsanız, mənim də Türkiyə başda olmaqla müxtəlif alternativlərim var” mesajını verdi.
Bunun mümkünlüyü barədə hamımızın ciddi şübhələri var idi, çünki bu daha çox siyasi proyektə oxşayırdı. Avropa Birliyi ilə Rusiya arasında bir ortaq məxrəcə gəlindikdən sonra, istər Türkiyə, istərsə də Bolqarıstan üzərindən getməyə çalış, qarşında maneələr görəcəksən. Yəni əhəmiyyətli olan, bu qarşıdurmanı ortaq bir məxrəcə gətirmək kimi ön şərt vardı. Sonra nə oldu? - Türkiyə ilə yaşanan təyyarə böhranı və sairə hadisələr baş verdi və layihə donduruldu. Ondan sonra yenə “zoraki evlilik” prosesi başladı; bu layihə yenidən canlandırıldı. “Türk akını”nın bu səfər yeni həcmlə dövrəyə girməsi gündəmə gətirildi: İki paralel xətt 15.75 (milyard kub metr) - biri Türkiyəyə gələcək, digəri də daha sonra Türkiyə üzərindən Avropaya gedəcək. İndi yenə Avropayla müəyyən ortaq məxrəcə gəlinməyəcəyi təqdirdə ikinci ayağının nə qədər tutacağı da müzakirə mövzusudur.
- Ərazisindən keçəcək bu yeni boru kəməri Türkiyə üçün nə məna ifadə edir?
- Türkiyə əvvəlki 14 milyard kubmetr əvəzinə, 15, 75 kub metrlik bir kəmərə qovuşacaq. Yəni bizim Rusiyaya asılılığımızda çox böyük bir fərq yaranmayacaq. Asılılıq onsuz da çox yüksək idi- 55% səviyyəsində. Amma bu asılılıq azalmayacaq, əksinə bir qədər də artacaq. Bundan başqa Rusiya Ukraynaya bu mesajı vermiş olacaq: 'Rusiyaya etibar edilirmi, edilməzmi?'.
Ümumiyyətlə son zamanlar həyata keçirilən enerji siyasətləri Türkiyəni elə bir asılılıq həddinə gətirdi ki, Rusiya bir gün sizi cəzalandırmaq istəsə, istər 'texniki qəza', istər başqa bir səbəblə o qaz kəsilsə, Türkiyə iqtisadiyyatı ciddi bir çətinliklə qarşı-qarşıya qalacaq.
-Bu, Türkiyənin enerji təhlükəsizliyi baxımından nə mənaya gəlir?
-Rusiyadan həddindən artıq asılıyıq, onsuz da bu, çox ciddi bir riskdir. Günlük tələbat baxımından, biz soyuq qış aylarında 260 milyon kub metrə çıxan ehtiyacla qarşı-qarşıya qalırıq, amma fiziki potensialımız 210 milyon kub metr civarındadır. Bunun 90 milyonunu isə Rusiyadan alırıq. “Türk axını”nı da əlavə etsək, yaxın gələcəkdə bu, 100 milyon kub metr olacaq. Həmin 100 kub metrdən 50-si kəsilsə, həyat iflic vəziyyətə düşəcək. Amma madam ki, bizim əsas məqsədimiz asılılığımızı azaltmaq idi, bunu təbii qaza da şamil etmək lazımdı.
-“Türk akını”nın bu halıyla qazananı kim, itirəni kimdir?
-Rusiya qazanır. Niyə? Çünki Ukraynanı cəzalandırır, Türkiyəyə qazı birbaşa satır, üstəlik, 1,75 milyard kub metr daha çox. “30 milyard kub metrlik razılaşması onsuz da vardı, onun yanında 1,75 nədir ki?” deyə bilərsiniz, amma ən azından, Ukraynaya bir mesaj verərək, payını artırır, Türkiyədə TANAP dövrəyə girənə qədər əlini gücləndirir. Sağa-sola mesaj da verir. AB başda olmaqla... Bu səbəbdən layihənin əsl qazananı Rusiyadır. Çünki Türkiyə buradan təbii qaz qiymətlərində bir endirim də almır. Türkiyə baxımından böyük bir itki yoxdur, amma alması lazım olanları aldığını da söyləyə bilmərik.
-“Türk axını” inşasına daha əvvəl başlanan və Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşımağı hədəfləyən, Trans Anadolu Təbii qaz Boru Kəməri proyektinə (TANAP) rəqib deyilmi? Ankara bunun Türkiyənin mövqeyini gücləndirəcəyini ifadə edir, sizcə də elədirmi?
-TANAP-la tələbimizin 6 milyard kub metrini Azərbaycandan almağa başlayacağıq. Bu baxımdan TANAP-ın dövrəyə girməsi bizim Rusiyadan asılılığımızı bir qədər azaldacaq. Bu müsbət haldır, enerji təhlükəsizliyi baxımından Türkiyənin əlini gücləndirir. Amma TANAP-da elə bir müqavilə imzalandı ki, iqtisadi olaraq Türkiyənin zərərinə, Azərbaycanın xeyrinə oldu. Çünki BOTAŞ-in mövcud boru xəttindən istifadəsi daha çox rasional ola bilərdi. Biz isə həm boru xəttinin çəkilişində iştirak edirik, həm də çox yüksək nəqliyyat pulu ödəyirik. Bu səbəbdən Türkiyə iqtisadi olaraq TANAP-da, nəql gəlirləri vs. baxımından yaxşı bir saziş imzalamayıb.
-Türkiyənin bu aralar təbii qaz tələbatı təxminlərini yenidən gözdən keçirtdimi? Nə deyə bilərsiniz bununla əlaqədar?
-Təxminlərin aşağıya çəkildiyini görürük. Əvvəllər çox daha yüksək proqnozlar var idi. Ancaq 'milli kömür' adı altında son dərəcə səhv işlər həyata keçirildi. Öz mənbələrimizə söykənən siyasəti hər zaman müdafiə edirik, amma kömür siyasətində səhvlərə yol verildi. 'Biz yerli kömürə ağırlıq verəcəyik, təbii qaz tələbimiz gözlənildiyindən çox daha aşağıda qalacaq, sabit bir səviyyədə olacaq" deyilir. Türkiyənin 1990-ci ildə enerjidə xaricdən asılılığı 52% idi. 2000-ci ildə 67% oldu, ötən il 76%-ə yüksəldi. Xaricdən asılılığımız artır. Bu mənada yerli kömür istehsalatına yönəlmək lazımdır, amma Türkiyənin kömürünün istilik və kalori dəyəri son dərəcə aşağıdır. Nəm və kükürd nisbəti yüksəkdir. Kül nisbəti də həmçinin. Bu səbəbdən məsələyə xüsusi yanaşmaq lazımdır. Amma tenderə 'hansı şirkət gəlirsə, mən ona bütün bu qaynağımı əvəzsiz verəcəyəm, onlar da mənə hansı elektriki ən ucuza versə, iş onundur' deyirsiniz. Yəni burada nə qazan tipi, nə yanma texnologiyası, nə tullantı məsələsində heç bir ön şərt gətirmədən 'ən aşağı verənə verəcəyəm' desəniz, ekoloji kirliliyin artmasına xidmət edərsiniz.
Necdət Pamir - müxtəlif universitetlərdə dünya və Türkiyədə enerji siyasəti üzərinə bakalavr və magistr səviyyəli dərslər verən enerji mütəxəssisi. CHP Enerji Komissiyasının sədri, TMMOB Neft Mühəndisləri Odası Enerji siyasəti Qrupunun rəhbəri
Sadələşdirdi: Ovqat.com
Paylaş: