“Kim təminat verə bilər ki, sabah Ramiz Mehdiyev həbs olunmayacaq?”
Növbəti və yaxud növbədənkənar seçkidə iştirak edənlərdən biri də ADP sədri Sərdar Cəlaloğludur. O, qatıldığı seçkilərdən nə gözləyir? Niyə məhz iştiraka qərar verib?
Bu və bənzər suallarla bağlı Sərdar Cəlaloğlunun fikirlərini aldıq.
ADP sədrilə müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
V hissəsi
http://ovqat.com/manset/18123-srdar-clalou-mn-milli-hmrylik-hokumti-yaradacaam-.html
http://ovqat.com/manset/18392-srdar-clalolu-mehriban-liyevan-evita-peronla-muqayis-etdi.html
-Sərdar bəy, bayaq bir söz dediniz: “Cinayətkara qarşı yox, cinayətə qarşı mübarizə aparılmalıdır. Bu fikrinizdən belə çıxır ki, siz mühitin öz şəxsiyyətini yaratdığına inanırsınız. Açığını desəm, sizinlə böyük ölçüdə razıyam. Bununla belə, mühit-şəxsiyyət münasibətlərində bəzən şəxsiyyətlərin də aparıcı rol oynadıqlarının və mühitlərinin dəyişdirdiklərinin şahidi oluruq. Əgər belə olmasaydı, insan oğlu da digər canlılar kimi ibtidai icma quruluşundakı səviyyələrində qalar, qətiyyən dəyişilməz, inkişaf etməzdilər. İnsanıqsa inkişaf edirik, inkişaf ediriksə, dəyişilirik. Necə fikirləşirsiniz; Azərbaycanda bu gün mütərəqqi dəyişikliklər hardan başlanmalıdır?
-Sözsüz ki, mühit-şəxsiyyət münasibətlərində hər iki amilin öz aparıcı yeri var. Mən bunu inkar etmirəm. Amma gəlin, razılaşaq ki, bir çox sahələrdə Azərbaycan da 25 il bundan əvvəlki səviyyədə qalmayıb. Ümumiyyətlə, inkişaf, tərəqqi yalnız bir ölkəyə, millətə aid məsələ də deyil. Bütün mütərəqqi inkişafların təsiri qlobal xarakter daşıyır, istəyib-istəməməyimizdən asılı olmayaraq biz də bundan təsirlənirik. Xüsusilə indiki çağda heç bir güc qlobal tərəqqinin nə sürətini, nə də təsir gücünü azalda bilməz. Azərbaycan da bu mənada qlobal inkişaflardan öz nəsibini alır. Burada söhbət tərəqqi prosesindən daha effektli faydalanmaqdan gedə bilər. Bizdəki rejim isə daha effektli faydalanmağımıza imkan vermir. Mən bunun səbəbini Azərbaycandakı idarəetmə maşınının xarablığında görürəm. Zənnimcə, dəyişikliklər də burdan başlamalıdır. Yoxsa bir neçə məmuru işdən çıxarmaqla, yaxud sərt cəzalandırmaqla bu sistemi dəyişdirmək olmaz. Mövcud idarəetmə təfəkküründən imtina edilmədikcə, heç nəyi dəyişdirmək mümkün deyil. Hətta İlham Əliyev bu gün bütün siyasi məhbusları azadlığa buraxsa, Azərbaycandakı məhkəmə sistemi yeni siyasi məhbuslar “istehsal edəcək”. İndiki hüquq mühafizə orqanları yenə də kiminsə cibinə nəşə qoyub tutduracaq. Çünki bu sistem başqa cür işləməyə öyrəşməyib. Sabiq deputat Gülər Əhmədovanın bu barədə gözəl bir sözü vardı, deyirdi ki, Azərbaycanda kimi vəzifəyə qoyursan, bir müddətdən sonra rüşvətxor olur. Yəni ən namuslu adamı belə bu sistem cinayətkar edir. Düzdür, bəzi adamlar nəfsinə qalib gəlib sistemin ona yaratdığı cinayətkar fürsətlərdən yararlanmır. Bunlar isə müstəsna hallardır. Adam da var ki, hansısa icra hakimiyyətinin ən kiçik vəzifəsinin ucunu göstər, satmadığı dəyər qalmaz, hətta ailəsini də satar.
Digər tərəfdən, bir çox hallarda cəmiyyətləri qanunlar yox, onların tarixi şüurlarından, inkişaf səviyyələrindən gələn xarakterləri idarə edir. Məsələn, Böyük Britaniyanın bizim anladığımız klassik mənada konstitusiyası yoxdur. Onun mövqcud qanunvericiliyinə görə, ölkədə krallıq hökm sürür. Bununla belə, dünyanın ən demokratik ölkələrindən sayılır. Çünki Böyük Britaniyanın xalqı demokratik ruhludur.
Azərbaycana gəlincə, nəinki Böyük Britaniya, digər demokratik ölkələrlə də müqayisə ediləcək mütərəqqi ideyalar ehtiva edən qanunlarımız var. Amma ölkədə ən sadə hüquqi aktlara belə əməl olunmur. Məsələn, Cinayət Prosesual Məcəlləsinə görə, qeyri-qanuni yollarla əldə edilməmiş sübutlar sübut sayılmır. Amma bir çox hallarda məhkəmələrə təqdim olunan sübutların heç biri bu Məcəlləyə uyğun gəlmir. Di gəl ki, bu qanunsuz sübutarla ittihamlar irəli sürülür.
İlham Əliyev yox, mən də prezident olsam, bu idarəetmə mexanizmi, kadrları seçmə prinsipi dəyişmədikcə, Azərbaycanda heç bir şey dəyişilməyəcək. Mənim bu seçkilərdə əsas şüarım indiki idarəetmə maşınını dağıtmaq olacaq. Çünki İlham Əliyev də, mən də, sən də bu mexanizmin əsiriyik. Məhz bu səbəbdən də indiki iqtidarın ən alovlu müdafiəçisi Əli İnsanov hazırda məhbəsdədir və nə zaman azadlığa buraxılacağı da bilinmir. Yaxud hakimiyyətə ən çox xidmət edən Fərhad Əliyevi götürək; əvvəl həbsxanaya, sonra isə ölkədən didərgin salındı. Ziya Məmmədov, Fazil Məmmədov indi hardadır? Kim təminat verə bilər ki, sabah Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Əli Həsənov harda olacaqlar? Hardan bilirsiniz ki, sabah onlar həbs edilməyəcəklər? İndiki hakimiyyətin siyasi mirasçısı olan sovet hakimiyyəti dövründə 1930-40-ci illərdə KQB-nin bütün başçıları güllələniblər. Heç kim deyə bilməz ki, bugünkü iri məmurları da ağır cəzalar gözləmir. Ona görə ki, dövlət mexanizmi bir kombayndır. Kim qabağına çıxırsa biçir. İstərsə kombayni sürən çıxsın, istərsə başqası, fərq qoymadan həmin adamları bir-bir udur. Sevil Qazıyeva necə öldü? – Pambıqyığanın çərxlərinə saçı ilişdi və kombayn onu da öz içinə çəkdi. Dövlət maşını da o cürdür. Hətta ən yüksək dövlət xadimlərinin özləri də bu cür qeyri-qanuni həbslərdən, hakimiyyət maşınının qurbanı olmaqdan sığortalanmayıb. Mən hələ qanuni həbsləri demirəm.
-Niyə onda hami üçün təhükəli olan bu maşını dəyişmirlər?
-Əgər hər şey yalnız ölkədaxili qüvvələrdən asılı olsa, məmnuniyyətlə dəyişdirərlər. Bəziləri siyasətin formalaşmasında xarici faktorları inkar edirlər. Halbuki, insanlıq yaranandan, dövlətlər ortaya çıxandan indiyədək cəmiyyətlərdə dəyişilmələrin iki səbəbi olub: biri daxili, digəri xarici amillər. Bəzən xarici səbəb daha güclü olub (Məsələn, xarici güclər qoşunla gəlib dövləti yıxıb), bəzən isə daxili faktorlar ön plana çıxıb. Suriyanı götürək; Bəşər Əsədi İranla Rusiya müdafiə etməsəydi, neçə saat hakimiyyətdə qala bilərdi?
-Qala bilməzdi...
-O zaman Suriya müxalifətinin öz siyasətini doğru qurub qurmamasının rejimin özünü qorumasında nə əhəmiyyəti var? Bəşər Əsədi Rusiya və İran qoruduğuna görə Suriya müxalifəti hətta əlinə silah alıb döyüşsə belə, siyasi hakimiyyəti yıxa bilmir. Ona görə də məsələlərə sistematik baxmaq lazımdır. Sistem bilirsinizmi nədir?
-Nədir sistem?
-Sistem ayrı-ayrı qanunauyğunluqlara tabe olan qüvvələrin birliyidir. Bəzən sistemin altı başqa, üstü başqa qanuna tabe olur. Məsələn, dövlət kimi biz xarici mükəlləfiyyətlərimiz etibarilə BMT-nin qəbul etdiyi qərarlara, daxili mükəlləfiyyətlərimiz etibarilə Azərbaycan Konstitusiyasına tabeyik. Konstitusiyanın maddələrinə görə isə iqtidarla müxalifət ayrı-ayrı qanunlara tabedir. Sən Azərbaycan dövlətinə də müxalifətlə eyni qanunauyğunluğa tabe olan qurum kimi baxsan, heç bir doğru nəticəyə vara bilməzsən. Yaxud tərsinə; Azərbaycan müxalifətinin fəaliyyətini BMT-nin hüquqları çərçivəsində dəyərləndirsən, yenə də yanılarsan. Sistemli yanaşma tələb edir ki, əvvəla, dövlətin mövcudluğunu əsas götürüb məsələlərə geopolitik münasibətlərdən yanaşan. İkincisi, bir çox hadisələri daxili güclərin münasibətləri çərçivəsində dəyərləndirəsən. Daha sonra bu iki qanuna tabeliyin ortaq məxrəcini tapıb siyasi davranışlarını müəyyənləşdirəsən.
Siyasi davranışların müəyyənləşdirilməsində bəzən xarici, bəzən isə daxili amillər aparıcı olur. Bu, həm də yalnız Azərbaycan üçün də keçərli deyil. Dünyanın super gücləri də bu qanunauyğunluqlara tabedir. Məsələn, deyirlər ki, ABŞ-da son prezident seçkilərində Rusiya Trampın xeyrinə müdaxilə edib. O zaman sual yaranır: Trampın özü qalib gəlib? Rusiya müdaxilə edibsə, hansı ədalətli və demokratik qələbədən söhbət gedə bilər? Amma Rusiyanın müdaxiləsilə faktiki saxtalaşdırılan seçkilərin nəticələrini ABŞ tanımaq məcburiyyətində qaldı. Əks halda ABŞ-da hakimiyyət böhranı yaranar, daha dəhşətli hadisələr yaşanardı.
İndi Azərbaycanı götürək; bizdə hər kəsə bəllidir ki, parlament seçkilərindən əvvəl Rusiyanın yüksək səlahiyyətli rəsmilərindən biri ölkəmizə gəlir və o getdikdən sonra hakimiyyət Azərbaycanın maraqlarına zidd deputat siyahısı ortaya qoyur. Belə çıxır ki, bizdə də hakimiyyəti formalaşdıran Rusiyadır.
-Bəy, onda nə üçün MŞ-nı Rusiyaya işləməkdə günahlandırırsınız. Bir halda ki bizdə siyasi hakimiyyəti Rusiya müəyyənləşdirirsə, iqtidara gəlmək istəyənlərin Moskvayla dil tapması normal deyilmi?
-Xeyr, normal deyil. ABŞ-dan fərqli olaraq bizdə seçkilərin nəticəsi həm də suverenliyimizi müəyyənləşdirə bilər. Görürsünüzmü, ABŞ-da Rusiyanın müdaxiləsilə hakimiyyətə gələn Tramp komandası dövlət gücünün işə qarışması ilə bu gün Moskvaya qarşı ən kəskin mövqeyi tutan hökumətə çevrildi. Bir çox Rusiyanın qarşısında öhdəliyi olan qüvvələr öz postlarından uzaqlaşdırıldılar. Tramp isə ABŞ-ın ənənəvi Rusiyaya qarşı siyasətinə yönəldi. Bu onu göstərir ki, ABŞ-ın dövlət gücü Tramp hakimiyyətini öz milli maraqlarına tabe etdirdi. Bizdə isə Rusiyanın müəyyənləşdirdiyi hökuməti Azərbaycanın milli maraqlarına tabe etdirmək asan deyil. Bunun üçün də biz belə müdaxilələrə müqavimət göstərməliyik...
-Hə, indi başa düşdüm. Deyirsiniz ki, Tramp hakimiyyətinə müqavimət göstərən gücü Azərbaycanda siz təmsil edirsiniz?
-Elə də demək olar. ABŞ-da milli maraqlarını qoruyan qüvvələr dövlət orqanlarındadır, bizdə isə, nə yazıq ki, müxalifətdədir. Biz də harda olmağımızdan asılı olmayaraq buna müqavimət göstərməliyik.
-Amma siz də Qərbi dəstəklədiyinizə görə, eyni məntiqlə sizi də ittiham etmək olar.
-Necə? Nədə ittiham etmək olar?
-Xarici qüvvələrə yönəlməkdə.
-Yox, bunlar ayrı-ayrı şeylərdir. Bizim Qərbə yönəlişimiz hansısa dövlətin qarşısında öhdəlik yaratmır. Biz sadəcə Qərbin demokratik və mütərəqqi dəyərlərini müdafiə edirik. Bizim Qərblə əlaqələrimizdə hansısa təşkilati bağlılıqdan söhbət gedə bilməz. Biz sadəcə Qərbin və Rusiyanın ölkəmizə yanaşmasına görə öz təmayülümüzü müəyyənləşdiririk. Biri var, xarici faktor mənim xalqımın xoşbəxtliyinə, Qarabağın azad olunmasına, mənim dövlət kimi ayaqda durmağıma xidmət edir, biri də var, bizim dövlət kimi məhvimizə çalışır. Sizcə, milli qüvvələr bu dillema qarşısında hansı tərəfdə durmalıdır?
-Niyə hesab edirsiniz ki, Rusiya bizim məhvimizə, Qərb isə xoşbəxtliyimizə çalışır?
-Bunu mən hesab etmirəm, vəziyyət elə göstərir. Qarabağ problemini kim yaradıb, Azərbaycanı kim daha çox basqı altında saxlayır? Kim erməniləri silahla təchiz edir? Kim vaxtaşırı rəsmi Bakıyla təhdid diliylə danışır? Əlbəttə, Rusiya. Çünki Rusiyanın Azərbaycan və ümumiyyətlə post-sovet coğrafiyası üzərində imperial hədəfləri var. Moskva bu coğrafiyanı özünün imperiya sərhədləri içərisində görür və tarix boyu da görəcək. Qərb isə ən azı Rusiyanı zəiflətmək üçün bizim ondan ayrı qalmağımızı, müstəqil dövlət kimi mövcudluğumuzu istəyir. Bu isə bizim suverenliyimizin, dövlət kimi mövcudluğumuzun ən böyük qarantiyası deməkdir. Üstəlik, ötən əsrin geopolitik hadisələri göstərir ki, Qərb dünyası SSRİ ətrafındakı ölkələrin Rusiyanın tabeçiliyinə keçməməsi üçün onların iqtisadi inkişafına təkan verdi. ABŞ-ın bu məqsədlə II Dünya müharibəsindən sonra həyata keçirdiyi Truman və Marşall planları Türkiyənin, Yunanıstanın, Cənubi Koreyanın və başqa dövlətlərin iqtisadi inkişafının əsas səbəblərindəndir. Bu gün bir çoxları bu planlara fərqli nəzərlərlə baxsa da, fakt budur ki, II Dünya Müharibəsinə qədər bizimlə, təxminən, eyni iqtisadi gücdə olan həmin dövlətlər indi bizi xeyli geridə qoyublar. Azərbaycanla Türkiyə, Cənubi Koreya ilə Şimali Koreya arasındakı bugünkü fərqlər bunun ən bariz nümunəsidir. Biz də milli vətənpərvər qüvvələr olaraq, nəhəng dövlətlərin bu rəqabətindən ölkəmizin suverenliyi və iqtisadi inkişafı üçün faydalanmasını arzulayırıq. Sözsüz ki, sabah geopolitik vəziyyətin dəyişilməsiylə dövlətlərin bizə münasibətləri də fərqlənə bilər. Necə ki, bu, Türkiyədə 15 iyul hərbi çevrilişinə cəhd zamanı yaşandı. Sabah eyni təhlükə qarşısında qalanda Azərbaycanın fərqli siyasətləri gözdən keçirməsini də istisna etmirəm. Ümumiyyətlə, bayaq da dediyim kimi, bu cür məsələlərə sistematik yanaşmağın, Azərbaycanın suverenliyinin və inkişafının ön plana çıxarılmasının tərəfdarıyam.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com
Paylaş: