ABŞ-ın İranı parçalamaq planının detalları bəlli olub.
Ovqat.com Cənubi Azərbaycan türklərinə məxsus araznews.org saytına istinadən xəbər verir ki, bu plan Suriya və İraq torpaqları üzərində həyata keçirilən “kürd zolağı” strategiyasının təkrarından başqa bir şey deyil.
Bizim üçün ən qorxunc olanı isə odur ki, İranı parçalamaq planının Cənubi Azərbaycan torpaqları üzərində həyata keçirilməsi düşünülür.
Bildirildiyinə görə, PKK təşkilatının Şimali Suriyada yaratdığı terror dəhlizinin eynisini Cənubi Azərbaycanın qərb bölgəsində yaratmağa start verib. Bunun üçün isə bir zamanlar sol görüşləri ilə seçilən Cənubi Azərbaycan türklərindən bəzi aktivistləri PKK ilə əməkdaşlığa cəlb etməyə çalışırlar.
Qeyd edək ki, ABŞ Suriyada ərsəyə gətirdiyi “kürd zolağı” planına regional iradə görüntüsü vermək üçün PKK-nın bir qanadı olan PYD-nin rəhbərliyi altında Suriya Demokratik Gücləri (SDG) adlı qurum yaradıb bəzi ərəb və türkmən silahlılarını da bu qurumda birləşdirmişdi. SDG-dəki ərəb və türkmən silahlıları timsalında gördüyümüz eyni mənzərə Cənubi Azərbaycanda yaradılan müqavimət gücündə müşahidə olunur. Müqavimət gücünə qoşulan sol görüşlü soydaşlarımızın da, Suriyada olduğu kimi, sayları azdır və onların sıravı vəzifələrdə təmsil edildikləri xəbər verilir:
“PKK-nın İran qolları olan KODAR və PJAK kimi təşkilatlar Avropada keçirdikləri iclaslarda sözdə "Demokratik Konfederalizm" və "İran Demokratik Ordusu" layihəsini rəsmən elan etmişlər. PKK həmçinin sözdə "kürd və azəri sol təşkilatlarının əməkdaşlığı" adıyla bir zamanlar sol görüşlü Güney Azərbaycan türklərini əməkdaşlığa cəlb edib və bu şəkildə, guya, "İran Demokratik Ordusu" layihəsinə legitimlik qazandırmağa çalışır. Ancaq yanlarına çəkə bildikləri Güney azərbaycanlı sol aktivistlərin sayı bir əlin barmaqları qədərdir”.
(Qaynaq: http://araznews.org/tr/?p=3915)
Məqalədə qeyd olunmasa da, zənnimizcə, ən qorxulu məqam ondan ibarətdir ki, ABŞ-ın Cənubi Azərbaycan torpaqlarında həyata keçirmək istədiyi separatizm siyasətinə rəsmi Tehran da birmənalı yanaşmır. Bir çox hallarda İranın yürütdüyü siyasət hətta ABŞ-ın “Şərqi Kürdüstan” layihəsinə yaşıl işıq yandırır. Belə ki, İran prezidenti Həsən Ruhani hakimiyyətə gəldikdən sonra mədəni islahatlar adı altında kürd dilində məktəblərin açılmasına start verdi. İrandakı milli çoxluq olan türklərə verilməyən bu haqlar ölkənin nəinki Kürdüstan ostanlığında, hətta Cənubi Azərbaycan sərhədləri içərisində qalan digər əyalətlərdə yaşayan kürdlərə də şamil olundu. Dolayısıyla, Azərbaycan türklərinin tarixi torpaqları olan Xoy, Həmədan, Zəncan, Urmiyə, Maku və s. kimi ərazilər kürdləşdirilməyə başlanıldı. Maraqlıdır ki, bu faktı əslən kürd olan İran siyasətçisi və Yaxın Şərq məsələləri üzrə ekspert Ardəşir Pəşəng də gizlətmir, Rusiyanın “Sputnik” informasiya kanalına verdiyi müsahibəsində açıq şəkildə etiraf edərək deyir:
"İran Prezidenti Həsən Ruhaninin seçki vədlərinə sadiq qaldığını və kürdlərə qarşı daha əvvəl vəd verdiyi siyasəti həyata keçirdiyini qeyd etməliyik. Bu siyasət İranda azlıq olan kürdlərə verilən müxtəlif mülki hüquqlara riayət edilməsidir. Misal kimi, Kürd Dövlət Universitetinin təhsil proqramına kürd dilinin daxil edilməsi göstərilə bilər. İran Kürdüstanı ərazisində kürd dili dərsinin keçirilmədiyi tək bir ibtidai sinif, orta məktəb qalmadı. Hətta kürd dili, bir müddətdir ki, Qərbi Azərbaycan əyalətinin bəzi universitetlərində də öyrədilir. Dövlətin bu mövqeyi aydın şəkildə görünür. Bu səbəbdən də İran kürdləri Ruhani hökumətinə minnətdardır və bu vəziyyətdən məmnundurlar".
Ardəşir Pəşəng, İran prezidenti Ruhaninin Sananc səfəri zamanı yaxın gələcəkdə İranın aparıcı informasiya agentliyi IRNA-nın kürd dilində nəşrə başlamasına söz verdiyini xatırladaraq, bunu da kürdlərə veriləcək böyük töhfə kimi qiymətləndirib:
“İran prezidenti bu layihənin ən yaxın zamanda həyata keçiriləcəyini, hazırda layihənin tamamlanma işlərinin aparıldığını söylədi. İran hökumətinin bu addımı göstərir ki, Yaxın Şərqdə kürd faktoru öz təsirini artırıb”.
İran kürdləri üçün son həftələrin ən mühüm hadisələrindən birinin kürd əsilli Saleh Adibinin Vyetnam və Kamboca səfiri təyin edilməsi olduğunu vurğulayan Pəşəngin fikrincə, ümumiyyətlə, İranda dövlət və kürdlər arasındakı münasibətlər müsbət hal kimi dəyərləndirilə bilər.
(Qaynaq: https://tr.sputniknews.com/analiz/201509101017669783/)
Sual oluna bilər: ABŞ-ın İranı parçalamaq planının tərkib hissəsi olmasına baxmayaraq, rəsmi Tehran nə üçün bu cür təhlükəli “kürd açılımı”na gedir?
Zənnimizcə, bunun bir neçə səbəbi var.
Başlıca səbəblərdən biri, kürdlərə müəyyən azadlıqlar verərək, ABŞ-ın etnik separatizm bəhanələrini heçə endirməkdir. Amma bunun nə qədər işə yarayacağı isə müəmmalıdır. Xatırladaq ki, Türkiyə də bir müddət əvvəl eyni siyasətə əl atdı və əks effektini gördükdən sonra geri çəkilmək məcburiyyətində qaldı. Nəticədə yüzlərlə türk əsgəri Ərdoğanın bu səhvinin qurbanına çevrildi və hazırda Yaxın Şərqin digər ölkələri də bunun bədəlini ödəyir.
Ruhaninin 2015-ci ildə başlatdığı mədəni islahatın digər səbəblərdən biri isə İranın kürd faktorundan çox da çəkinməməsi və daha təhlükəli gördüyü potensial Cənubi Azərbaycan milli hərəkatına qarşı bu faktordan istifadə etmək niyyətidir. Belə ki, İranda 30 milyona qədər türk yaşadığı təxmin olunur. Çoxmillətli ölkə əhalisi arasında ən çox insan gücünə sahib türklərin milli kimlikləri uğrunda hərəkata başlaması İranın sonunu gətirə bilər. Belə bir vəziyyətdə Azərbaycan türklərinin gələcəyini təhdid edən təhlükələr yaradıb onları məcburən mərkəzi hakimiyyətə bağlamaq rəsmi Tehrana daha rasional addım kimi görünür və etiraf edək ki, bu taktika işə də yarayır.
Ən əsası isə, İran kürdlərinin sayı türklərlə müqayisədə xeyli az olduğu kimi, həm də aralarında dərin bir fərqlilik, parçalanma mövcuddur. İran kürdlərinin bu fərqlilikləri uzun əsrlər boyu ortadan qaldıra bilməyəcəkləri, lazım gəldiyi anda bu amillərdən onlara qarşı istifadə edilə biləcəyi təxmin edilir. Rəsmi Tehranı rahatladan bu təxminlərə görə, İranda 5-6 milyon kürd yaşayır (İranda əhali milli kimlikləri nəzərə alınmadan sayıldığı üçün hansı etnik qrupun nə qədər olduğu dəqiq bilinmir. Odur ki, irəli sürülən bu və digər statistik rəqəmlərin nisbiliyi unudulmamalıdır-H.O.). Azərbaycan türkləri ilə müqayisədə bu, xeyli kiçik rəqəmdir.
Digər tərəfdən, kürd əşirətləri arasında ciddi ləhcə və məzhəb fərqlilikləri də mövcuddur. İran kürdlərinin əksəriyyəti (60-70%) sünni, geri qalan qismi isə şiə və digər dini inanca bağlıdır. Şiə kürdlərin yarısı İranın rəsmi dini olan 12 imamçılıq, digər yarısı isə əhli-Haqq (yaresani) inancına sahibdir. Bununla yanaşı, xristian, yəhudi kimi fərqli həyat tərzinə, dini və məzhəbi kimliyə sahib kürdlər də var. Onların yayılma bölgələri də xeyli genişdir. Şiə kürdlərinin əksəriyyəti İraq Kurdistanı yaxınlığında yaşayırlar və onlar arasında isə “təbii” sərhəd mövcuddur – məhzəb fərqliliyi. Yəni Şimali İraq kürdlərinin böyük əksəriyyəti sünni inanca sahib olduğundan İranın şiə kürdləri ilə düz-əməlli yola gedə bilmirlər.
Sünni kürdlər isə əsasən Mahabadda məskunlaşıblar ki, bu da İranın qərb hissəsinin mərkəzinə daha yaxın ərazi sayılır. Onlarla digər məzhəbdaşlarının yaşadığı Şimali İraq kürdləri arasındakı coğrafi bağlar isə xeyli kövrəkdir. Çünki şiə türkmənlərin və kürdlərin yaşadıqları Mosulla sərhəddə məskunlaşıblar. Mosul isə əslən Mahabadlı olan Barzani əşirətinin deyil, İrak parlamentinin deputatı Ala Talabaninin iddiasına görə, şiə ərəb tayfasından assimiliyasiya olunan Talabani klanının nəzarəti altındadır. Baxmayaraq ki, Talabani ailəsinə mənsub deputatın irəli sürdüyü həmin iddia daha sonra Kürdüstan Yurdsevərlər Birliyi (KYB) tərəfindən təkzib olundu, bu tayfanın sünni məzhəbli Qədiriyyə təriqətinə inandığı bildirildi, hər halda kimliyindən asılı olmayaraq, KYB-nin mərkəzi İraq hakimiyyətinə bağlılığı məşhur müstəqillik referendumunda bir daha ortaya çıxdı.
İran kürdləri arasındakı bu bölünməni gündəlik həyatda istifadə etdikləri ləhcələri daha da böyüdür. Belə ki, Cənubi Azərbaycanın Maku şəhərindən başlayaraq Xoy, Salmaz və Urmiyəyə qədər uzanan Türkiyə ilə sərhəd bölgələrində yaşayan kürdlər kurmançı, digərləri isə sorani ləhcəsində danışırlar.
Bütün bu fərqliliklərin şahmatvari şəkildə bölünmüşlüyü və iç-içə keçmişliyi İranın kürd kartına üstünlük verməsinin əsas səbəblərindəndir.
ABŞ və İranın bir-birinə qarşı oynadığı bu təhlükəli qumarda Azərbaycanın milli varlığının masaya yatırılması bizim dövlət maraqlarımıza ziddir. Rəsmi Bakı bu təhülkəli oyuna “yox” deməyi bacarmalı və öz mövqeyini ortaya qoymaq cəsarəti göstərməlidir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: