Neftin qiymətləri ucuzlaşdığı bir zamanda hasilatçı dövlətləri pərişan edəcək bir xəbər İraqdan gəldi.
Ovqat.com İraq mətbuatına istinadən xəbər verir ki, bu ölkə ilə Küveyt arasında yeni neft razılaşması əldə olunub.
Razılaşmaya görə, Küveyt İraqın sərhədyani bölgəsində neft kəşfiyyatına başlayacaq. Məqsəd zəngin neft ehtiyatı olan məkanda yeni yataqlar kəşf etməkdir.
İraqın neft naziri Samir Qəzban bu məlumatı təsdiqləyib. O, Neft İhracatçısı Ölkələr Təşkilatının (OPEC) Küveytdə keçirilən konfransından sonra düzənlədiyi brifinqdə onu də etiraf edib ki, axtarış dünyanın məşhur bir konsaltinq şirkətinin iştirakı ilə həyata keçirilir və bu, həm Küveytin, həm İraqın maraqlarına uyğundur.
Nazir sözügedən xarici şirkətin adı, fəaliyyətin yeri və kəşfiyyata başlama vaxtı haqqında hər hansı məlumat verməyib.
Qeyd edək ki, OPEK bir müddət öncə neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq üçün hasilatı azaltmaq qərarına gəlmişdi. Növbəti ilin ilk günündən etibarən həyata keçiriləcəyi gözlənilən bu qərarin dünya bazarına necə təsir göstərəcəyi isə bilinmir.
Məsələ burasındadır ki, qiymətlərin bahalaşması üçün təkcə OPEK-in hasilatı azaltması kifayət etmir. Bunun üçün hazırda dünyanın ən böyük neft hasilatçısına çevrilən ABŞ da eyni addımı atmalıdır. ABŞ isə nəinki buna getmir, əksinə yeni şist nefti quyularını istismara verərək hasilatını rekord səviyyəyə qaldırır. Dolayısıyla, OPEK ölkələrinin kəsintilərinin ABŞ tərəfindən qarşılanacağı, ən pisi isə onun kəsintiyə gedən hasilatçıların pay bölgüsünə sahib çıxacağı ehtimalı var. Bu da neftdən başqa heç nəyi olmayan OPEK ölkələri üçün böyük təhdid deməkdir.
Digər tərəfdən, 2019-cu ildə sənaye dövlətlərinin böyüməsi ehtimalı da çox aşağıdır. Xüsusilə Çin bu il ondan gözlənən iqtisadi, siyasi islahatları reallaşdırmadı və ekspertlərin fikrincə, sənaye məhsullarının istehsalını artırmaq perspektini də bağlamış oldu. ABŞ-ın ticarət savaşından sonra Avropanın sənaye müəssisələri də ciddi böhran içərisindədir. Bu isə dünya bazarında neftə tələbatı azaldan amil kimi qiymətləndirilir.
Belə bir zamanda Küveyt və İraqın yeni quyu kəşfiyyatına başlaması OPEK-in iki önəmli ölkəsinin də kəsintilərə çox maraq göstərmədiyindən xəbər verir. Əslində OPEK-dən bu qərarı gözləyən Rusiya və İran da üz-üzə qaldıqları sanksiyaları kompensasiya etmək üçün kəsintilərə getmək niyyətindən uzaq görünürlər. Tərəflərin bu tərəddüdləri və tərs addımları isə dünya enerji bazarında hələ uzun müddət təkifin tələbi üstələyəcəyini göstərir. Özəlliklə də böyük neft yataqlarına sahib olan Küveyt və İraqın “qara qızıl”ın ən bol olduğu bölgələrdə yeni quyuların axtarışına başlaması vəziyyəti tündləşdirir.
Qeyd edək ki, hər iki ölkə zəngin yeraltı qaynaqlara malikdir və gəlirləri əsasən neftə bağlıdır. Hal-hazırda İraq gündə ortalama 4.5 milyon, Küveyt isə 2.7 milyon barrel xam neft çıxarır. Onların birgə gündəli ixracatı isə 5 milyon barreli keçir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: