Bu ayın əvvəlindən ayağa qalxan İraq xalqı hakimiyyəti dəyişmək üçün yüzlərlə itki versə də, rəsmi Bağdad kreslosunu buraxmaq niyyətində deyil. İraqın qanunən səlahiyyətləri bitmiş Baş naziri Adil Əbdülmehdinin müxalif lider Müqtəda əs-Sədrə bu gün yazdığı cavab məktubundan da belə anlaşılır.
Ovqat.com xəbər verir ki, Baş nazir məktubunda növbədənkənar seçkilərin keçirilməsi üçün ilk növbədə parlamentin buraxılması lazım olduğunu bildirib.
Onun fikrincə, vəzifədən ancaq 2 yolla ayrıla bilər: ya 60 gün ərzində səs çoxluğuyla parlament özünü buraxmalıdır, ya da Müqtəda əs-Sədr Həşdi-Şabi komandanı Hadi Amiri ilə razılaşaraq yeni hökumət kabinetini qurmalıdır.
Bəs bu Hadi Amiri kim olsa yaxşıdır? O şəxsdir ki, İraqda onun İranın yerli qubernatoru olduğunu bilməyən yoxdur. Əvvəl İrana bağlı Bədr diviziyasının rəhbəri olan Hadi Amiri hazırda Həşdi-Şabinin də əsas yetkilisi sayılır. Həşdi-Şabi isə ərəbcə “xalq könüllüləri” mənasına gəlir. İraqda qurulacaq hökumət üçün Konstitusiyada belə nəzərdə tutulmayan, legitimliyi həmişə mübahisə doğuran sözdə könüllülər ordusu Həşdi-Şabidən niyə icazə alınmalıdır, anlamaq mümkün deyil.
Şəkildə: Qasim Süeymani ilə Hadi Amiri
Vəzifəsindən istefa verməyə hazır olduğunu bildirən Baş nazir bunu ancaq qanuni yolla edə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Müqtəda əs-Sədr dünən Twitter hesabı üzərindən verdiyi bəyanatda İraq xalqını mitinqlərin davam etməyə çağıraraq, təhlükəsizlik qüvvələrinin nümayişçilərə müdaxiləsini qınamışdı. O, həmçinin, İraq parlamentinə müraciət edərək bildirmişdi ki, İraq Milli Məclisi növbədənkənar sessiya çağırıb korrupsiyaya bulaşanların cəzalandırmalıdır. Əs-Sədr həmin məktubunda Baş nazirə də müəyyən mesajlar vermişdi. O, dünən verdiyi bəyanatda, parlament üzərinə düşən məsuliyyəti yerinə yetirməsə, Adil Ədbülmehdini erkən seçkiyə getmək barədə qərar qəbul etməyə çağırmışdı. Baş nazir də bu çağırışa cavab olaraq bu gün bəyanat yayaraq o cür səlahiyyətinin olmadığını diqqətə çatdırıb.
Xatırladaq ki, ötən il may ayında keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrin rəhbərlik etdiyi koalisiya ən çox səs toplamışdı. Fəqət bu üstünlük hökumət qurmaq üçün kifayət etməmişdi. Belə ki, əs-Sədrin dəstəklədiyi koalisiya 329 kürsülü İraq parlamentində cəmi 54 yer qazanmışdı. Hökumət qurmaq üçün isə deputat heyətinin ən azı 2/3-nin səsi tələb olunur.
Özü seçkiyə qatılmadığı üçün zatən Baş nazir olmaq fürsəti bulunmayan əs-Sədr 54 deputatla koalisiyasının da hökumət qura bilməyəcəyini anladığından optimal bir variant irəli sürmüşdü: İraqın aqil şəxslərindən təşəkkül tapan müvəqqəti hökumət qurulsun və yenidən seçkilər keçirilsin. Müqtəda əs-Sədrin bu təklifi səbəbsiz deyildi. O, seçkilərin saxtalaşdırıldığına inanır, koalisiyasının səsinin oğurlandığını iddia edirdi.
İraqın faktiki vaxtı bitmiş hökuməti isə əs-Sədrin bu təkliflərinin konstitusiyada nəzərdə tutulmadığını qeyd edir və yaxına buraxmırdı. Ölkəni 1 ildən artıqdır bürüyən bu siyasi qeyri-müəyyənlik ciddi etirazlara səbəb oldu və nəhayət, bu ayın 1-dən İraqın bütün şəhərlərində icazəsiz nümayişlər keçirilməyə başlandı. Həşdi-Şabi və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dinc aksiyalar silahlı toqquşmalara çevrildi. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Rupert Kolvilin BMT-nin Cenevrə Ofisində təşkil olunan həftəlik mətbuat toplantısında verdiyi məlumata görə, İraqda 1 oktyabrdan bu yana davam edən etirazlarda 229 nümayişçi həyatını itirib.
Mütəxəssislərin fikrincə, hakimiyyətin əs-Sədr koalisiyasına ötürülməməsinin başlıca səbəbi onun İrana bağlı olmamasıdır. İraqın ABŞ işğalından sonra hakimiyyətə gələn bütün hökumətləri İrana bağlı olsalar da, Müqtəda əs-Sədr müstəqillik tərəfdarıdır və yeri gələndə Səudiyyə Ərəbistanı ilə isti münasibətlər qurulmasına da pis baxmır. Ötən ilki seçkilər ərəfəsində Səudiyyə Ərəbistanına gedib rəsmi Riyaddan xeyir-dua alması onu İranın gözündən tamamilə salmış və rəsmi Tehran açıq şəkildə hakimiyyəti əs-Sədrə buraxılmayacağını ən yüksək səviyyədə etiraf etmişdi.
Paylaş: