Xəbər veridyimiz kimi, XİN rəsmi açıqlama verərək, Naxçıvan Muxtar Respublikasının İran vətəndaşları üçün viza rejimini ləğv etməsini dəstəkləmişdi. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirmişdi ki, Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunlarına uyğundur və dövlətlərarası münasibətlərə aid olan bu məsələ Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlaqələndirilib. Loru dilə çevirsək, xanım diplomatın sözlərindən belə çıxırdı ki, Naxçıvan Nazirlər Kabinetinin 26 noyabrda qəbul etdiyi qərara XİN xeyir-dua verib.
Maraqlıdır ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bu rəsmi məlumatdan bir neçə gün əvvəl saytımıza verdiyi açıqlamasında həmin qərarın legitim olmadığını bildirmişdi. Dolayısıyla, XİN İlyas İsmayılovun mülahizələrini də şübhə altına almışdı.
Doğrudanmı, İlyas müəllim bu məsələdə səhv edə bilər?
Sualımızı cavablandıran dəyərli hüquqşünas Ovqat.com-a verdiyi növbəti açıqlamasında vizasız keçiş məsələsinə sözün həqiqi mənasında nöqtə qoydu.
Onun sözlərinə görə, savadından və mövqeyindən asılı olmayaraq hər kəs səhv edə bilər: “Mən də insanam və səhvdən sığortalanmamışam. Üstəlik, hər gün bu işlərlə məşğul olan XİN-nin yetkililəri öz sahələri ilə bağlı qanunvericiliyi daha yaxşı bilməlidirlər və yəqin ki bilirlər də. Odur ki, XİN-nin məlum açıqlamasını oxuyanda bu məsələnin hüquqi əsaslarını bir daha araşdırdım. İncələdiyim Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində isə XİN-nin bu məsələdə kiməsə xeyir-dua verməsi səlahiyyətinin olmadığını aydınlaşdırdım. Görünür, XİN məlum açıqlamanı verərkən ya tələsib, ya da hansısa səbəbdən Naxçıvan Muxtar Respublikası rəhbərliyini müdafiə etmək zərurəti hiss edib”.
İlyas İsmayılov viza qalmaqalı ilə bağlı son təsbitlərini də bizimlə bölüşdü: “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.3. maddəsində deyilir:
“Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər”.
Maddədəki “müvafiq icra hakimiyyəti orqanı” sözləri qarışıqlıq yaratdığından, görünür, həm Naxçıvan MR, həm də XİN rəsmiləri bu səlahiyyətin özlərində olduğunu düşünüb bu cür qərar veriblər. Halbuki, elə həmin Məcəllənin 5.1. maddəsində sözügedən icra hakimiyyəti orqanının kimliyi konkret göstərilib:
“5.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 4.4-cü, 8.4-cü, 15.3-cü, 37.2-ci, 37.6-cı, 38.2-ci, 39.4-cü, 44.6-cı, 52.5-ci, 59.9-cu, 64.0.8-1-ci (hər iki halda), 64.0.17-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir”.
Bu maddədən də göründüyü kimi, Azərbaycanın bütün sərhədlərində vizasız rejim təsis etmək hüququ istisnasız olaraq ölkə başçısına aiddir. Yəni nə Naxçıvan MR rəsmilərinin, nə də XİN-nin belə bir hüququ var”.
İlyas müəllimin bu sözlərindən belə çıxır ki, “muxtar iradə” və XİN prezidentin səlahiyyətlərini mənimsəyərək bu özbaşınalığa imza atıblar. Amma məsələ burasındadır ki, bu qalmaqallı qərar onların ilk özbaşınalığı da deyilmiş. Araşdırmalar nəticəsində aydın oldu ki, Naxçıvan Muxtar Respublikası bundan əvvəl də Azərbaycan Respublikasının İran vətəndaşlarına tətbiq etdiyi rejimə əhəmiyyət vermirmiş.Belə ki, Mərkəzi hakimiyyət İran vətəndaşlarının viza tələbi üçün 20 ABŞ dolları məbləğində rüsum müəyyənləşdirdiyi halda Naxçıvan MR Nazirlər Kabineti məbləği əvvəl 10 avroya, daha sonra isə 5 avroya endiribmiş. Sual oluna bilər: Bu qayda da XİN-nin xeyir-duası iləmi həyata keçirilib?
Naxçıvan MR Nazirlər Kabinetinin İran vətəndaşları üçün vizasız keçiş qaydasını tətbiq etməsinin digər ciddi təhlükəli tərəfləri də var. Belə ki, hüquqi əsası olmayan qərarın Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ölkə başçısı İlham Əliyevlə görüşdən sonra imzalaması mərkəzi hakimiyyətə əzələ nümayişi təəssüratı yaradır. Zira həmin görüşdən sonra mərkəzi hakimiyyət Muxtar Respublikaya ayırdığı dotasiyanı azaltmışdı. Mümkündür ki, bu addım “muxtar iradə”nin maraqlarına uyğun olmadığından qıcıq yaratsın və Naxçıvan özünün “dövlət iradəsini” ortaya qoymaqla rəsmi Bakıya hansısa mesaj versin.
Digər xoşagəlməz məqam isə qərarın rəsmi Bakını İran qarşısında çətin vəziyyətə salmaq məqsədi daşıması ehtimalıdır. Məlumdur ki, bir neçə ay əvvəl rəsmi Bakı Türkiyə vətəndaşlarına viza rejimini ləğv etmiş, amma eyni hüququ İrana tanımamışdı. Rəsmi şəkildə deyilməsə də, bəzi analitiklər bu fərqli yanaşmanı İran-Azərbaycan arasındakı sərin münasibətlərlə əsaslandırmışdılar. Hətta Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu məsələni şərh edərək demişdi ki, indiyə kimi Azərbaycan “təhlükəsizlik məsələləri”nə görə Türkiyəyə viza rejimi tətbiq edirdi və yəqin, bu problem həll olunduğundan, belə bir addım atılıb. Eyni hüququn İran vətəndaşlarına verilməməsinə gəlincə isə, Tofiq Zülfüqarov bu qərarı təhlükəsizlik və digər səbəblərə görə yüz ölçüb, bir biçəndən sonra verməyi doğru saymışdı.
Belə bir həssas mövzuda Naxçıvan MR və XİN-nin prezidentin səlahiyyətlərini mənimsəməsi ciddi suallar doğurur.
Paylaş: