İran İnqilab Keşikçiləri korpusunun Qüds qanadının komandanı Qasim Süleymaninin öldürülməsindən sonra dünya bazarlarında neftin qiyməti 4% bahalaşaraq 70 dollara çatıb. Eyni şəkildə qızılın qiymətlərində xeyli bahalaşma baş verib. Nəzərə alsaq ki, bu hücum həm də ABŞ-Çin-Avropa İttifaqı arasındakı ticarət savaşlarının getdikcə qızışdığı bir şəraitdə baş verir, istər-istəməz sual ortaya çıxır: Görəsən, ABŞ-İran gərginliyi qlobal iqtisadi böhrana səbəb ola bilər?
Ovqat.com-un sualını cavablandıran REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirdi ki, bu, ilkin reaksiyadır: "Bu tipli hadisələrə ilkin reaksiya həmişə belə kəskin olur, getdikcə birjaların, bazarların proseslərə daha sakit reaksiya verməsinin şahidi olacağıq. Çünki söhbət birbaşa Amerika-İran müharibəsinə görə neftin qiymətinin artmasından getmir. Burada əsas gözlənti ondan ibarətdir ki, Yəmən ərazisindən yenidən Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumların təşkil olunması ehtimalı var idi. Çünki rəsmi Yəmən hökumətinə qarşı mübarizə aparan Husilər hərəkatı İran tərəfindən dəstəklənir, İranın həmin bölgədə əsas dayaqlarından biridir. Əsas ehtimal o idi ki, yenidən raket zərbələri yaxud dron hücumları ilə Səudiyyə Ərəbistanının neft obyektlərinə zərər dəyə və bu da neftin qiymətində kəskin artımlara səbəb ola bilər".
Qlobal iqtisadi böhranın bu tipli lokal hadisələrdən baş verməsi ehtimalının aşağı olduğuna inanan N.Cəfərliyə görə, bununla belə, ümumlikdə dünya iqtisadiyyatında təhdidlər və müəyyən problemlər hələ də qalmaqdadır, ticarət, valyuta müharibələri davam edir: “Geosiyasi gərginlik tək İraq ərazisində deyil, Liviyada da ciddi gərginlik ocağı yaranıb. Liviyada da vətəndaş müharibəsinin pik nöqtəyə çatması ehtimalı var. Yəni həm beynəlxalq, həm regional münaqişələrin artması, həm də ticarət, valyuta müharibələrinin davam etməsi ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir edən amillərə çevrilə bilər".
Natiq Cəfərli ABŞ-İran gərginliyinin iki dövlət arasında birbaşa müharibəyə çevrilməyəcəyini düşünür. Onun fikrincə, iki dövlət arasında hesablaşmalar hibrid müharibələri şəklində davam edəcək: "Ümumiyyətlə, son 10 ildə dünya xəritəsinə baxdıqda daha çox hibrid müharibələrinin öndə olduğunu görürük. Yəni müxtəlif adlar altında müxtəlif ölkələr ərazisində dünya güclərinin toqquşmaları baş verir. Əsasən poliqon isə Suriya, İraq ərazisidir”.
Bununla belə, birbaşa müharibəni də tam istisna etməyən həmsöhbətimizin fikrincə, belə bir ehtimal masada var: “Amma bu ehtimalın çox yüksək olduğunu düşünmürəm. Çünki bu il artıq Amerikda prezident seçkiləri dönəmidir. Prezident seçkiləri ilində belə addımların atılması Amerika seçkilərinə ciddi təsir edə bilər. Çünki amerikan əsgərlərinin ölüm xəbəri gəldikcə Trampın reytinqi aşağı düşə bilər. Zatən Trampın reytinqində problemlər var”.
Şamo EMİN,
Ovqat.com
Paylaş: