Livanın paytaxtı Beyrutda yenidən etiraz aksiyaları başlayıb. Aksiyaçılarla güc strukturları arasında baş verən toqquşmaların gedişatında zərərçəkənlərin sayı 165 nəfəri ötüb, onlardan azı 65-i xəstəxanaya yerləşdirilib.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinin məlumatına görə, 100-dən çox zərərçəkən var və onlara hadisə yerində tibbi yardım göstərilib.
Maraqlıdır, Livanda nə baş verir? Bu, Livanda ikinci vətəndaş müharibəsinə səbəb ola bilərmi?
İlqar Vəlizadə: "İsrail-"Hizbullah" müharibəsinin təkrarlanması ehtimalı var"
Ovqat.com-un sualını cavablandıran politoloq İlqar Vəlizadə dedi ki, Livanda Həriri hökumətinin istefasından sonra insanlar ilk növbədə sosial vəziyyətdən narazıdırlar: "Livan çox ağır iqtisadi vəziyyətdədir. Eyni zamanda əlbəttə ki, burada həmişə olduğu kimi siyasi fon da var. Siyasi fon ondan ibarətdir ki, mövcud hökumətin, yəni istefada olan hökumətin böyük hissəsi şiə qruplaşması "Hizbullah"ın nümayəndəsini təşkil edirdi. Adi insanların bununla bağlı müəyyən narazılıqları var. Yəni arxada dayanan "Hizbullah" və İranın təsiri kifayət qədər böyükdür”.
Livanda ikinci vətəndaş müharibəsi ilə bağlı risklər olduğunu düşünən İ. Vəlizadə qeyd etdi ki, indi çox maraqlı bir mənzərə yaranıb: "Narazılıq edənlərin konfensional və etnik mənsubluğu aşkar görsənmir. Narazılıq edənlər arasında sünnilər də, xristianlar də var. Yəni burada konfensional, yaxud etnik qarşıdurma gözlənilmir, sosial etirazlar dilə gətirilir. Amma əvvəllər vətəndaş müharibəsi dövründə hansısa bir etnik qrup o biri etnik qrupa yaxud dini qrup o biri dini qrupa qarşı çıxış edirdi. İndi elə bir şey yoxdur".
Livanda "Hizbullah"la İranın vahid cəbhədən çıxış etdiyini vurğulayan İ. Vəlizadənin sözlərinə görə, hadisələr göstərir ki, İran livan daxili məsələlərdə bir az kənarda durmağa çalışır: "Çox maraqlı bir şeydir ki, Hətta "Hizbullah" belə hökumət əleyhdarlarının yanında olmağa çalışır və yaxud hakimiyyət nümayəndələrini tənqid edir. Ona görə, burada hər şey çox qabarıq şəkildə baş vermir, pərdəarxası proseslər gedir".
İ. Vəlizadənin fikrincə, 2006-cı ildəki İsrail-"Hizbullah" müharibəsinin təkrarlanması ehtimalı var: "Bu ssenarinin təkrarlanmasını Süleymanin ölümü ilə bağlayırdılar. Amma indi bu ssenarinin reallaşması aktuallığını itirməsə də, hazırda tərəflər bu rikslərdən sığortalanmaq istəyirlər. Əslində, bu ssenarinin reallaşmaşması "Hizbullah"a daha çox risklər gətirə bilər. Ona görə də, konkret addımlar atmağa bunlar tələsmirlər".
Vəlizadənin sözlərinə görə, İran Livan daxili proseslərdən ona görə kənarda qalmağa çalışır ki, onun proseslərdə açıq iştirakı regionda vəziyyətə mənfi təsir göstərə bilər: "Onda Livan daxili sosial proseslər İrana qaşı yönələ bilər, yaxud onu yönəldə bilərlər. Bunu iran istəmir. Necə ki, İraqda müxtəlif qüvvələr daxili sosial-iqtisadi gərginliyi İrana qarşı çevirməyə cəhd edir və əslində, bu cəhd də alınıb. İran istəməzdi ki, İraqdakı ssenari Livanda təkrarlansın. Ona görə, çox ehtiyatla davranır və davrancaq".
Nəzakət Məmmədova: "Livan əhalisinin əksəriyyəti yoxsulluq həddində yaşayır"
Livanda son proseslərın siyasi, maliyyə, iqtisadi və digər səbəbləri olduğunu nəzərə çatdıran politoloq Nəzakət Məmmədova isə xatırlatdı ki, Livanda ötən ilin oktyabrında hökumət əleyhinə nümayişlər keçirilmişdi: "Etirazçılar korrupsiyaya son qoyulmasını və iqtisadi islahatların keçirilməsini tələb edirdi. 29 oktyabrda Səid Həriri hökuməti istefaya göndəriləndən sonra ölkədə hökumət böhranı yaranıb, yeni hökumət koalisiyası formalaşması problemə çevrilib. Livan əhalisinin əksəriyyəti yoxsulluq həddində yaşayır, üstəlik Suriyadan gələn qaçqınlar ölkədə vəziyyəti gərginləşdirib. Bu, iqtisadi problemlərin yaratdığı narazılıq olmaqla yanaşı, həm də geosiyasi kökləri olan qarışıq bir durumdur. Livanın siyasi sistemi o prinsiplə qurulub ki, ölkənin bütün dini qüvvələrin marağı balanslaşdırılsın".
Kamran Sultanlı: "Livanda gərginlik davam edəcək"
Livanın olduqca mozaik, qarışıq dini və etnik tərkibə malik dövlət olduğunu diqqətə çatdıran politoloq Kamran Sultanlının fikrincə isə, burada müştərək bir idaretmə modeli tətbiq edilir: "Prezident xristian baş nazir sünni parlament sədri isə şiə olmalıdır. Həmçinin ölkənin daxilində şiələrin ən güclü strukturu sayılan İrana bağlı "Hizbullah" var. Son illər sünni baş nazir Həriri İranın Livanda təsirinə qarşı çıxırdı. Ərəb lider həm də ərəb nəhəngləri olan Səudiyyə və BƏƏ ilə yaxınlaşırdı. Digər tərəfdən bu dövlətdə güclü şiə təsiri var. Son seçkilərdə "Hizbullah" öz gücünü həm siyasi, həm də hərbi cəhətdən daha da artırdı. Səudiyyə ilə İran, İsrail və İran arasında gedən vəkalət savaşı, eləcə də Livanın tərkibində bu ölkələrə bağlı qrup və şəxslər Livanın müstəqil inkişafına, sabitliyinə mane olur".
Livanın İran üçün önəmli dövlət olduğunu vurğulayan K.Sultanlının sözlərinə görə, bu dövlət İranın Aralıq dənizinə çıxmasında əsas rol oynayır: "Lakin Tehranın Aralıq dənizinə cıxmasi və Livanla birləşib "şiə hilalı" qurmasi üçün Suriya və İraqda da güclü olmalıdır. Bu baxımdan, Tehran bu iki ölkədə "Hizbullah"ın və digər qruplaşmaların güclənməsinə maraqlıdır. "Hizbullah"dan imtina əsla mümkün deyil. ABŞ və İsrail isə İranın Aralıq dənizinə çıxmasını önləmək üçün hər üç ölkədə "Hizbullah"a və digər İrana bağlı qüvvələrə müxtəlif üsullar və vasitələrlə zərbələr endirə bilərlər. Bu baxımdan, Livanda gərginlik davam edəcək. Çünki ölkədə olan rəngarənglik, bunun xarici təsiri və əlaqələri bütün bunları şərtləndirir".
Şamo EMİN,
Ovqat.com
Paylaş: