Xəbər lenti

 

 

“İstanbuldan gələn xəbərlərdən və əldə etdiyimiz digər məlumatlardan məlum olur ki, burada da balaca bir xan var – Baş konsul Məsim Hacıyev”.

Açığı, bu sözləri oxuyana qədər elə bilirdik ki, Azərbaycanın yalnız Qarsda bir xanədanlığı var və ona Nuru Quliyev adlı xan rəhbərlik edir. Xural.com saytının 7 senyabr 2019-cu il tarixli buraxılışında dərc olunan Məsim Hacıyev İstanbuldakı konsulluğu niyə bazara çevirib?! sərlövhəli yazısını oxuyanda isə nə qədər yanıldığımızın fərqinə vardı. Sən demə, Nuru xanın bir tayı da İstanbuldaymış.

Azərbaycanın müasir xanları ilə xalqımızı daha yaxından tanış etmək məqsədilə məqaləni olduğu kimi dərc edirik:

 

Azərbaycanın İstanbuldakı konsulluğundan xəbər var. Burada elə Azərbaycanda olduğu kimi çətinlik və bürokratiya dizə vurur. Hər gün konsulluğun qarşısına onlarla insan ən müxtəlif səbəblərdən gəlsələr də, onları burada mehriban qarşılamırlar. İsti və xoş qarşılama bir yana qalsın, konsulluğun o qədər süründürməçilikləri var ki, sadalamaqla bitməz. Xural.com-un əməkdaşlarına İstanbuldan gələn xəbərlərdən və əldə etdiyimiz digər məlumatlardan məlum olur ki, burada da balaca bir xan var – Baş konsul Məsim Hacıyev.

Məsim Hacıyevin fəaliyyəti haqqında zaman-zaman Azərbaycan mətbuatı yazıb. Amma bunun heç bir xeyri və nəticəsi olmayıb. Yazılar yazılır, Məsim Hacıyev yazan jurnalisti çağırır, söhbətləşir, dərdini anladır və məsələ bununla da bağlanır. Problemlər isə yerində sayır. Həll olunmur ki olunmur.

Təbii ki, buraya hər gün onlarla adam hansısa problemlər ucbatından gəlir. Kimi yeni doğulan övladına sənəd düzəldir, kimisi lazım olan sənədini tərcümə etdirir, kimisə vətəndaşlıq problemlərini həll edir, onlarla, yüzlərlə tələbə isə qarşılaşdıqları ən müxtəlif problemlərin həllinə nail olacaqlarını düşünürlər. Və təbii ki, hər şey elə qapıdaca qarşılamadan başlayır. Burada insanlarla çox kobud danışırlar. Sanki başqa millətin nümayəndələrinə cavab verirlər. Çəmkirir, səslərini qaldırır, bəzən qapını sərt formada bağlayıb açmırlar. Gələn adamlar təbii ki, çox olur və onların hamısını dar-düdük bir küçədə bir neçə quraşdırılmış skameykaya məcbur edirlər. Adamlar bütün sənədlərini bəzən orada yazır-pozur, oturub dincəlir, hətta yatırlar. Bu haqda Baş konsul Məsim Hacıyev mətbuata verdiyi müsahibələrdə danışıb və buna səbəb kimi yerin darlığını bəhanə gətirib. İnsanları qarşılamaq, qayğı göstərmək və yola salmaq lazımdır, kimin marağında olmalıdır sənin yerinin balaca olması və ya olmaması. Sən dövlətsən və vətəndaşlarını qarşılayacaq dərəcədə yerin olmalı, planlarını ona görə uyğunlaşdırmalısan. Elə deyilmi?

Məsim Hacıyevi görünür, bu, maraqlandırmır. Yaranan bir neçə suala cavab axtarmaq üçün bunları təqdim etmək lazımdır. İlk öncə ondan başlayaq ki,

Konsulluq binası niyə bu qədər uzaqda yerləşir və bina niyə bapbalacadır?

Niyə konsulluq uzaqda və lüks səmtdə yerləşir? Adətən, azərbaycanlılar İstanbulun hər səmtində yaşayırlar, amma çoxu kasıb səmtlərdə yaşayırlar. Məsim Hacıyev müsahibələrində də bildirib ki, tərcümə üçün yaratdıqları problem azərbaycanlıların çox olması və güman olunan saxtalaşdırmaların qarşısını almaqdır. Deməli, konsulluğun binasını “Allahın yanına” – zənginlərin səmtinə (Ləvənt səmti) aparmaq o qədər də doğru deyil. Təbii ki, bu, o demək deyil ki, dövlətin konsulluğu şəhərin ən baxımsız səmtində olmalıdır, amma insanları, onların ehtiyaclarını nəzərə almaq lazımdır. İnsanların daha çox məskunlaşdığı istiqamətlərə, hamının rahat gələ biləcəyi səmtlərə, nəqliyyatın əlverişli olduğu yerlərə yaxın yerdə bina tutmaq, almaq, tikmək lazımdır. Biz bilmirik, bu binanın burada yerləşməsi ideyası kimə məxsusdur, amma doğru hesab etmədik. Bu haqda düşünülməlidir. Əvvəlki konsullar nəyisə yanlış ediblərsə, onu düzəltmək də indiki konsulun borcu və vəzifəsi olmalıdır.

Yer dar və balaca olmamalıdır. Azərbaycan dövləti çox zəngindir və onun vətəndaşlarının işlərini lazımi qaydaya görməsi üçün böyük bina əldə etməsi, kirayələməsi və alması ciddi məsələ olmamalıdır. Konsulluğun bu yaxınlarda Nəcibə xanım haqqında bir əməkdaşının qızının varidatı haqqında yazılanlara baxsaq, hər şey görünər. Yəqin belə əməkdaşların və belə balaların sayı çoxdur. Onlar özlərinə və balalarına şərait yaradırlar, amma Azərbaycan dövləti üçün də işləməlidirlər. Xarici İşlər Nazirliyinin bu sahəyə ayrılan büdcəsinə bir şey demirik hələ…

Sözün qısası, Azərbaycanın İstanbuldakı konsulluğunun binası yetərli deyil, azərbaycanlıların adına və sərvətinə yaraşmır və bu bina ən yaxın zamanlarda dəyişdirilməlidir. Məsim Hacıyev bu işin təqibçisi olmalıdır.

Niyə konsulluğun öz tərcüməçisi olmalıdır və ya olmamalıdır?

Azərbaycanlıların ən çox əziyyət çəkdiyi məsələlər bu sahədə yaşanır. Konsulluq özü hansısa bir tərcüməçi ilə müqavilə bağlayıb və yalnız o tərcüməçinin etdiyi tərcüməni tanıyır. Qiymət isə çox bahadır. Niyə? Konsul mətbuata açıqlamasında bunu hansısa saxtakarlıqla və məlumatların dəyişdirilməsi ehtimalı ilə bağlayır. Elə şey olarmı? Qanunsuz hərəkət edən, yanlış məlumat daxil edən hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Hələ-hələ Türkiyədə bunun mümkün olacağını düşünmək, türk notarius sistemini şübhəyə almaq da nə deməkdir? Belə məsuliyyətsiz yanaşma ola bilərmi?

Müşahidələrimiz və əlimizdə olan dəlillər onu göstərir ki, bu, Azərbaycanın İstanbuldakı konsulluğunun biznesə çevirdiyi sahələrdən biridir. Bunlar tərcümə məsələsini monopoliyaya alıblar və bunun üzərindən pul qazanırlar. Yalnız onların dediyi tərcümə məkanında tərcümə etdirmək və onların istədiyi paranı vermək Azərbaycan vətəndaşlarına zülüm etməkdən və onların cibinə girməkdən başqa bir şey deyil. Ucu-bucağı bilinməyən İstanbulda hər kəs tanıdığı yerdə yox, onlarla kilometr yol qət etməli, Məsim Hacıyevin dediyi yerdə tərcümə etdirməli, təsdiq etdirməlidir ki, onun imkanları genişlənsin – belə çıxır.

Başqa bir məsələ var. Xüsusilə, məsələn, pasport tərcüməsində (eləcə də digər rəsmi sənədlər) nə ehtiyac var kənar tərcümə mərkəzlərinə? Konsulluqda bununla bağlı bir ştat açmaq olmazmı, ya da işçilərin, əməkdaşların hansısa biri və ya bir neçəsi həm də bu işlə məşğul ola bilməzmi? Bir pasportu tərcümə etmək nə çətin işdir ki?! 15-20 dəqiqəyə həll olunacaq bir işi niyə günlərlə uzatmalıdırlar ki? Vətəndaşa bu qədər zülmü və xərci niyə rəva görməlidir ki, Məsim Hacıyev?! Ya da Məsim Hacıyevin simasında Azərbaycan dövləti?

Niyə konsulluğun yanındakı “İş” bankı?!

Bu da yetmir. Məsimin mərifətləri o qədərdir ki, yazmaqla bitməz. Bütün Azərbaycan vətəndaşları yalnız Ləvəntdə, Azərbaycan konsulluğunun yanında yerləşən – konsulluğun dediyi və istədiyi bank şöbəsində rüsumları və digər ödənişləri etməlidir. Qalan yerdə olmaz. Bu haqda yaxından müşahidələrimiz oldu. Xural.com-un əməkdaşı Ləvəntdəki bank şöbələrindən birində pulun niyə buradan yox, 1 km aralıdakı şöbədə keçirilməli olduğunu sorğu etdi. “İş” bankının əməkdaşları beləcə də dedilər: “Sizin konsulluq belə istəyir!” “Belə bir müqaviləmi var” sualına “bəli, şöbəmizlə konsulluğunuzun özəl bir müqaviləsi var” cavabını aldıq. Bunun da altında başqa səbəblər varmış. Sən demə, yalnız konsulluğun yanındakı bank şöbəsində ödənilən rüsumdan başqa həm də 30 lirə (təxminən 10 manat) haqq tutulur bank şöbəsi üçün. Belə bir biabırçılığa imza atmaq yalnız İstanbuldakı konsulluğun ağlına gələ bilər. Məsələn, düşünün ki, sizin hansısa sənəd üçün ödəniləcək rüsumunuz 30 lirədir – 30 lirə də “bank haqqı” kimi ödənilməlidir. Bunun altında nə yatır, bilinməz, amma “özəl müqavilə”də nə yazılır, biz onu öyrənə bilmədik. Bəlkə “bank haqqı”nın içində ayrıca konsulun da payı var?! Yoxsa adam niyə qoca İstanbulda yerləşən heç bir bankda pulun keçirilməsini istəmir, daha doğrusu, ona icazə vermir? Yalnız öz yerləşdiyi ərazidə pul keçirməyi tələb etmək, üstəgəl 30 lirə kimi qorxunc məbləğdə “bank haqqı”na göz yummaq da nə deməkdir?! Yaraşarmı Azərbaycana?! Azərbaycanlılara?!

Amma bir şeyi xatırlatmağı özümüzə borc bilirik ki, Türkiyənin digər banklarına 10.000 lirə həcmində yatırılan pullara 1 lirə də “haqq” almırlar. Bunu yalnız Azərbaycan konsulluğu edir. Buna “dur” demək lazımdır. Azərbaycan vətəndaşlarının cibinə girmək, ona İstanbulda da həyatı çəkilməz etmək kosulluğun əsas məsələsi olmamalıdır.

Konsul kiminlə şəkil çəkdirir?!

Onunla görüşən jurnalistlərə “şəkil çəkdirmirəm” demək də nə demək? Məsim Hacıyev guya mediaya qapalı olduğundan jurnalistlərlə məsafə saxlayır. Amma onun şəkilləri internetdə nə qədər desən var. Ya şəkil çəkdirmə, ya da bu nə naz etmək? Dövlət adamına və dövlət ciddiyyətinə yaraşarmı heç? Hökumət adamları ilə “mıqq” eləmədən bol-bol şəkil çəkdirirsən, hətta hökumətyönümlü qəzetçilərə poz verirsən, amma iş müstəqil mediaya gələndə naz edirsən? Niyə?!

Biz İstanbuldakı konsulluğun da veriləcək cavabı olarsa, onların da mövqeyini yayınlamağa hazırıq. Təki azərbaycanlılar layiq olduğu münasibətlə üzləşsinlər. Bu haqda isə birbaşa Xarici İşlər Nazirliyi düşünməlidir.

Ovqat.com-dan xüsusi qeyd:  Azərbaycan xanlıqlardan çox əziyyət çəkən ölkə olub. 200 il əvvəl başlayıb indiyə qədər davam edən rus müstəmləkəçiliyinə düşməyimizin əsas baiskarı da məhz xanlıq rejimləridir. Odur ki, saytımız Azərbaycanda xanlıq rejimləri süquta uğrayanadək bu mövzunun peşini buraxmayacaq. Səhifələrimizi İstanbul və Qars xanədanlığı barədə məlumatı və şikayəti olan hər kəsə açıq elan edirik. Buyurun, “xanlıq” rejimlərinə qarşı başlatdığımız mübarizəyə Siz də qoşulun.

 

Xural.com




Ana səhifəyə qayıt        Baxış: 4 895          Tarix: 23-03-2020, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma