Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
“Ermənistanla Azərbaycan arasında münaqişə daha böyük miqyas almaqdadır. Son olaraq iyulun 16-da sərhəddə artilleriya səsi eşidilməkdə idi, ölən və yaralananlar var idi”.
Ovqat.com xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti son günlər Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələri şərh edən məqaləsində belə yazıb.
“Ermənistanla Azərbaycan arasında gərginlik son həddə çatıb” sərlövhəli məqalədə bildirilir ki, tərəflər arasında “söz savaşı” da şiddətlənir: “Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi bəyan edib ki, Yerevan ölkənin strateji obyektlərinə hücum edərsə, Bakı Ermənistandakı Atom Elektrik Stansiyasını hədəfə ala bilər. Belə bir şəraitdə tərəflərin danışıqlara hazırlığından söhbət gedə bilməz. Üstəlik, 2004-cü ildən Azərbaycanın xarici işlər naziri postunu tutan Elmar Məmmədyarov da vəzifəsindən uzaqlaşdırılıb. Prezident İlham Əliyev Azərbaycan diplomatiyasından narazı olduğunu açıq şəkildə dilə gətirib, bunu diplomatiyanın hücum deyil, müdafiə xarakteri daşıması ilə izah edib.
Cəbhədə və sözdə savaş
Ermənistanla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədində yaranmış indiki hərbi girginlik tərəflər arasında 2016-cı ilin aprelində qeydə alınmış qızğın fazadan bəri ən miqyaslı toqquşma sayıla bilər. Belə getsə, bu, 1994-cü ilin mayında imzalanmış müddətsiz atəşkəs sazişindən bu yana yaşanan ən dərin böhran da ola bilər.
Bakının məlumatına görə, cümə axşamı gecəyədək Azərbaycan 12 hərbçisini, o cümlədən bir generalını itirib. Ermənistan tərəfi isə 4 hərbi qulluqçunun öldüyünü, 10 nəfərin yaralandığını bildirib. Bundan başqa, erməni tərəfindən 1 dinc sakin də yaralanıb.
Sərhəddə vəziyyət gərgin olaraq qalır. Ermənistanın Tavuş vilayəti və Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya səsi demək olar ki, kəsilmir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Saat 03:40-da erməni hərbçiləri düşmənin hərəkətini qeydə alıblar. Dairəvi müdafiəyə keçən Ermənistan bölmələri düşmənin diversiya hücumunun qarşısını alıb. Şiddətli döyüşlərdən sonra düşmən itki verərək geri çəkilib. Qarşı tərəfin bizim mövqelərimizi və yaşayış məntəqələrimizi atəş altında saxlayan bir tank, bir artilleriya və bir minaatan mövqeyi vurulub. Döyüş meydanında uğur əldə etməyən Azərbaycan bölmələri Aygepar və Movses kəndlərini, mülki infrastrukturu və dinc əhalini məqsədyönlü şəkildə artilleriya zərbələrinə məruz qoyub”.
İttihamlara cavab verən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı isə bir neçə dəfə “dezinformasiya” sözünü işlədib. “Azərbaycanın bütün tankları salamatdır və sıradadır. Ön xəttə Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası yoxdur”, - deyə Vaqif Dərgahlı bildirib.
Eyni sözləri o, erməni tərəfinin iyulun 12-si və 13-də vurduğunu iddia etdiyi 13 pilotsuz uçuş aparatı barədə də deyib. Nazirlik rəsmisi Movses və Aygepar kəndlərinin atəşə tutulması barədə ittihamları da erməni tərəfinin uydurması adlandırıb. “Azərbaycan bölmələri heç vaxt yaşayış məntəqələrinə atəş açmır”, - deyə Dərgahlı qeyd edib. Üstəlik, o, Ermənistanın özünü belə əməllərdə ittiham edib: “Ermənistan qüvvələrinin Tovuz rayonunun Dondar Quşçu kəndini atəşə tutması nəticəsində mərmilər yaşayış evlərinə və həyətyanı sahələrə düşüb. Evlərə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib”.
Vaqif Dərgahlı həmçinin bir səs-küylü bəyanata da imza atıb və onun əks-sədası bölgənin hüdudlarından kənara yayılıb. O deyib ki, Azərbaycan ordusunun sərəncamında olan ən müasir raket sistemləri “Metsamor” AES-ə yüksək dəqiqliklə zərbə endirməyə qadirdir ki, bu da Ermənistan üçün böyük fəlakətə çevrilə bilər.
Xatırladaq ki, bundan əvvəl bir sıra erməni eksperti və sosial şəbəkə istifadəçisi Azərbaycanın Mingəçevir su anbarına zərbə endirməyi təklif etmişdilər. Görünür, cənab Dərgahlının sözləri də hansısa mənada bu çağırışlara cavabdır.
Bundan başqa, Müdafiə Nazirliyinin rəsmisi Dağlıq Qarabağdakı təmas xəttində yerləşən Azərbaycan rayonlarının atəşə tutulmasından danışıb. Lakin tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə nazirliyi”nin (dırnaq işarəsi bizə aiddir - WM) mətbuat katibi Senor Asatryan “Kommersant”a açıqlamasında bildirib ki, ““DQR”in ön xəttə yerləşən bölmələri atəşkəs rejiminə əməl edir və heç bir preventiv tədbirə əl atmır”.
“Bütövlükdə nisbi sakitlikdir. Atıcı silahlarla atəşkəs rejiminin pozulması demək olar ki, hər gün qeydə alınır, lakin bu artıq adi haldır”, - deyə Asatryan bildirib. Qeyd edək ki, sərhəddəki gərginliyin əvvəlki günlərində də Qafqazın ən qaynar nöqtəsində sakitlik hökm sürürdü.
“İşğalçı ölkəyə təzyiq edin!”
Bunu Azərbaycan prezidenti məhz Qarabağla bağlı deyib, sərhəddəki gərginliklə bağlı yox. Yaranmış vəziyyət onu Ermənistanla danışıq taktikasına yenidən baxmağa vadar edib.
“Biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq”, - deyə cənab Əliyev bildirib.
Prezident danışıq taktikasını zəif hesab etdiyi üçün 2004-cü ildən Azərbaycanın xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifəsindən kənarlaşdırıb. Onu bu postda keçmiş təhsil naziri Ceyhun Bayramov əvəz edib. Bundan əvvəl prezident Əliyev Məmmədyarovun işini sərt tənqid edib. “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”, - deyə İlham Əliyev bildirib. O həmçinin qeyd edib ki, iyulun 12-də ilk atəş səsləri eşidilən zaman cənab Məmmədyarovu tapa bilməyib – o, evdən işləyən yeganə məmur imiş.
Ayrıca prezident Əliyev Ermənistanla humanitar əməkdaşlığa da qarşı çıxıb. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə bu məsələ 2019-cu ilin əvvəlindən faktiki olaraq hər iki tərəfin əsas vəzifəsinə çevrilmişdi. Məsələn, 2019-cu ilin payızında tərəflər erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərin təşkil etmiş, xarici işləri nazirlərinin son videokonfransında isə koronavirusla mübarizə məsələsi müzakirə olunmuşdu. “Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar”, - deyə İlham Əliyev bəyan edib.
Prezident Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmədiyini də söyləyib. “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik”, - deyə o, bildirib. İ.Əliyev bildirib ki, “meydanda səslənən və ola bilər yaxşı niyyətlə “mən gedim Qarabağda vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil”.
Bu sözlər iyulun 15-nə keçən gecə Bakıda baş vermiş izdihamlı mitinqin əks-sədası idi. Mitinq 2003-cü ildən bəri Azərbaycanda görüşməmiş qarışıqlığa çevrilmişdi – etiraz edənlər polis avtomobillərini aşırır, parlament binasına soxulmağa çalışırdılar.
Mitinq iştirakçılarının tələblərindən biri Qarabağ uğrunda azadlıq müharibəsinə başlamaq olsa da, İlham Əliyevin sözlərinə görə, real olaraq döyüşə getmək istəyənlərin sayı o qədər də çox deyil. “Dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin”, - deyə cənab Əliyev çağırış edib.
Prezidentin çıxışı mətbuatda dərc ediləndən bir neçə saat sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov artıq 4 min nəfərin qeydiyyata düşdüyünü bildirib.
“Cənubi Qafqaz” Bakı Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin sözlərinə görə, söhbət “münaqişənin keyfiyyətcə yeni mərhələyə keçməsi”ndən gedir. “Azərbaycan münaqişə zonasının genişlənməsində maraqlı deyil. Ermənistan isə beynəlxalq ictimaiyyətin diqqətin Qarabağ istiqamətindən sərhəddə keçirmək istəyir ki, Azərbaycanı təcavüzkar kimi göstərsin”, - deyə o, “Kommersant”a bildib.
Yerevanda yerləşən Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskandaryan isə vəziyyətin əhəmiyyətli dərəcədə pisləşəcəyini düşünmür. Amma o, yaxşılaşma da gözləmir: “Baş verənlər çox ciddi olsa da, lokal toqquşmadır. Gec-tez gərginlik bitəcək və danışıqlar bərpa olunacaq. Lakin bu danışıqlar özündə heç bir məzmun daşımayacaq. Elə indiyədək olduğu kimi”.
Kirill Krivoşeev
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar