Xəbər lenti

 

“ABŞ-ın bütün havadan müdafiə sistemlərini paramparça edəcək silahlarımız var. Təcavüzkarları dəfələrlə yox edə bilərik. Əgər NATO bizə hücum etsə, bütün NATO dövlətlərini də yox edə bilirək. Buna zəmanət verirəm”.

Ovqat.com xəbər verir ki, bu təhdid dolu açıqlamanı Rusiyanın Baş nazir müavini Dmitriy Rogozin rus mətbuatına verdiyi müsahibəsində deyib.

O, ABŞ-ın Şərqi Avropa ölkələrinə havadan müdafiə sistemlərini qurmağa çalışmasının səbəblərinə aydınlıq gətirərkən bildirib ki, hazırda dünyada strateji bir tarazlıq mövcuddur və super dövlət bu tarazlığı pozmağa çalışır:

“ABŞ nə edir? - Polşa, Rumıniya və Qrenlandiyada öz havadan müdafiə sistemlərini yerləşdirir. Onların etdikləri açıq təxribatdır. Hava müdafiə sistemlərinin Avropaya yerləşdirilməsi texniki baxımdan nə mənaya gəlir, sizə izah edim: Dünyada bir strateji tarazlıq var. Bu tarazlıq bu gün zəmanət verir ki, mövqeyi nə olursa-olsun, Sakit, Atlantik okeanlarından və ya başqa bir yerdən Rusiyaya hücum edən istənilən tərəf dərhal fiziki olaraq yox edilsin. Bunun üçün hər şeyimiz var”.

Rogozinə görə, bu strateji tarazlıqda hər hansı bir ölkənin havadan müdafiə sistemi onun müstəqilliyinin əsas qarantıdır və Rusiya 1999-cu ildə Yuqoslaviyanın gününə düşməmək üçün öz hərbi qüdrətini gücləndirir:

“Məsələn, 1999-cu ildə Yuqoslaviyada nələr baş verdiyini gördük. Bu ölkə güclü bir havadan müdafiə sisteminə sahib deyildi, buna görə də başdan-ayağa bombalandı. Eynisinin bizə tətbiq edilməsini istəmirik”.

Dünyadakı mövcud strateji tarazlığın pozulmasına laqeyd qalmayacaqlarını bildirən Rogozin, Rusiyanın suverenliyinin zəmanəti olan bu hərbi qüdrətini ortadan qaldırmaq  məqsədilə ABŞ-ın Şərqi Avropaya havadan müdafiə sistemləri yerləşdirdiyinə və beləcə rus sərhədlərinə yaxınlaşdığına inanır:

“Onlar bizə mane olmağa, potensialımızı zəiflətməyə, bizi diz çökdürtməyə, müstəqilliyimizi azaltmağa çalışırlar. Halbuki, bu strateji potensialımız müstəqilliyin zəmanətidir. Buna görə də onlar havadan müdafiə sistemlərini sərhədlərimizə yaxınlaşdırırlar ki, bir gün zərurət halında atılacaq raketlərimizi hələ maksimum sürətini almadan vura bilsinlər”.

ABŞ-ın bu strategiya ilə əslində Rusiyadan daha çox, Şərqi Avropa ölkələrini ciddi təhlükə altında qoyduğunu bildirən Baş nazirin müavini fikrini Rusiyanın strateji silahlarını istifadə etməmişdən əvvəl öz sərhədlərinə yaxın ərazilərdə yerləşdirilən NATO-ya aid havadan müdafiə sistemlərini sıradan çıxarma imkanıyla əlaqələndirib:

“Məsələ bundadır ki, öz torpaqlarına ABŞ hava müdafiə etmə sistemini yerləşdirən ölkələr qarşıdurma çıxacağı təqdirdə, hücuma ilk məruz qalan tərəf olacaqlar. Biz raketlərimizin vurulmasını izləməyəcək ki. Əvvəl onların hava müdafiə sistemlərini yox edəcəyik, sonra əks-hücuma keçəcəyik. Buna görə də Polşa, Rumıniya və digər ölkələrə açıq şəkildə söylədik: Əgər siz öz torpaqlarınızda ABŞ havadan müdafiə sistemlərini yerləşdirirsinizsə, özünüzü hədəf halına gətirirsiniz. Bunu biz istəmirik, siz özünüz bizi vadar edirsiniz. Paytaxtlarınızı vurmayacağıq, amma bizi hədəf alan sistemləri yox edəcəyik. Bunu açıq şəkildə onlara söylədik. “Zarafat etmirik”, dedik. İŞİD-i necə vurduğumuza baxsınlar. Uzaqdan - Xəzər dənizi, Aralıq dənizindən, sualtı, suüstü mövqedən, havadan, hər yerdən vururuq. Bir raketlə nə qədər quldurları yox edirik. Yalnız bu quldurlara deyil, bütün dünyaya necə silaha sahib olduğumuzu göstəririk”.




Ana səhifəyə qayıt        Baxış: 1 729          Tarix: 27-06-2017, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma