Xəbər lenti

 

“Qətərə qarşı irəli sürülən ittihamların maksimium 20 faizi həqiqətə uyğundur, əsasən isə yalandır. Dohanın terrorçulara kömək etməsi, sözsüz ki, yalandır. Qətər şahzadələrinin girov götürülüb külli miqdarda pul alınması həqiqət ola bilər. Ancaq belə bir hadisə Səudiyyə prenslərinin başına gəlsəydi, onlar da eyni hərəkəti edəcəkdilər”.

Ovqat.com xəbər verir ki, eks-spiker Rəsul Quliyev əməkdaşımızın suallarını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, Qətərlə digər ərəb ölkələri arasındakı gərginliyin əsas səbəbi “Əlcazirə” radio və televiziyasıdır: “Bu media qurumu obyektiv verlişləri ilə diktatura rejimlərinin neqativliyini göstərir və həqiqətən də bir sıra ölkələrin rejimlərinə real təhlükə yaradır. Qətərin bu informasiya vasitəsi ona qulaq asanların, baxanların sayına görə, demək olar ki, dünyada 3-cü yerdədir. Ərəb diktatorları isə azad sözün qarşısını almaq üçün Qətər haqqında ağlasığmaz nağıllar uydurublar. Məqsəd bu nağıllardan bəhanə kimi istifadə edərək, təhlükə mənbəyini ya tamamilə sıradan çıxarmaq və ya Dohaya təzyiq göstərərək, onu “zərərsizləşdirməkdir””.

Eks-spikerin fikrincə, Qətər ərəb ölkələrinin tələbini yerinə yetirməyəcək və ya bir neçəsini yerinə yetirməklə kifayətlənəcək.

Elədirsə, bəs ərəb ölkələri Qətərə qarşı hansısa tədbirlərə əl ata bilərmi? Ən əsası, dünya neft hasilatının 40%-dən çoxunun cəmləşdiyi Fars körfəzində yaranan  bu gərginlik qlobal bazarda “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edə bilərmi?

Həmsöhbətimiz bu ehtimalı da inandırıcı görmür. İlk əvvəl ona görə ki, Qətərə qarşı ərəb koalisiyasının izolyasiya siyasətinin baş tutacağını real saymır:

“Qətəri izolyasiyaya salmaq o dərəcədə də asan deyil. ABŞ və Avropa bunun əleyhinədir. Qətər neft çıxarılmasını tam dayandırsa belə, bu, neftin qiymətində böyk dəyişikliklərə yol açmayacaq”.

Qeyd edək ki, 4 ərəb ölkəsinin Qətərə verdiyi möhlət bu gün başa çatır. Ultimatumu qəbul etməyəcəyini dəfələrlə açıqlayan rəsmi Dohaya qarşı ərəb koalisiyasının hansı tədbirlərə əl atacağı maraq doğurur.




Ana səhifəyə qayıt        Baxış: 2 184          Tarix: 2-07-2017, 20:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma