Xəbər lenti



 

Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında dünən baş verən iğtişaşlar səngiyib.

 

Ovqat.com-un məlumatına görə, iğtişaşlar Özbəkistan konstitusiyasına ediləcək dəyişikliklərə etiraz etmək məqsədilə başlamışdı.

 

Bildirilir ki, Özbəkistanın yeni konstitusiya layihəsində Qaraqalpaqstanın muxtariyyətindən məhrum edilərək statusunun dəyişdirilməsi təklif edilir. Əsas Qanuna  dəyişikliklər layihəsi konstitusiya komissiyası tərəfindən hazırlanıb və parlamentin aşağı palatası tərəfindən bəyənilib. Özbəkistan Ali Sovetinin 1992-ci il dekabrın 8-də qəbul etdiyi konstitusiyaya əsasən, Qaraqalpaqıstan referendum əsasında Özbəkistandan ayrılmaq hüququna malik olan suveren bir respublikadır. Lakin yeni düzəlişlər Qaraqalpaqstanı bu imkandan məhrum edəcək. Qaraqalpaqlılar da bununla razılaşmaq istəmirlər.


Video


Özbəkistanın Daxili İşlər Nazirliyi Qaraqalpaqistan “paytaxtı” Nukusda keçirilən nümayişlə bağlı açıqlama verib. Nazirlik nümayişi qanunsuz adlandırıb və səbəb kimi konstitusiya islahatlarının yanlış şərh edilməsini göstərib. 

 

“Bu il iyulun 1-də saat 15:00 radələrindən başlayaraq, bəzi Qaraqalpaqistan vətəndaşları respublikada aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində Nukus şəhəri ətrafında planlaşdırılmamış yürüşlər keçirib, bundan sonra mərkəzi dehkan bazarının ərazisinə girərək qanunsuz nümayiş təşkil ediblər”, - Özbəkistan Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunur. 

 

Nazirlikdən onu da bildiriblər ki, Dehkan bazarı ərazisində ictimai asayişin pozulması hallarının və müxtəlif təxribatların törədilməsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb olunub. Özbəkistan rəsmiləri on minlərlə insanın etiraz aksiyasına çıxdığını təxmin edirlər. "Hazırda ictimai asayiş yerindəcə bərpa olunub, qanun pozuntularının yolverilməzliyinin aydınlaşdırılması, habelə vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada baxılması istiqamətində vətəndaşlarla iş aparılır", - Daxili İşlər Nazirliyindən bildirilib. 

 


İlk baxışdan Qaraqalpaqistanda etirazlar səngisə də, bu sabitliyin çox kövrək olduğu ortadadır. Problemin yenidən vüsət alması və Özbəkistanla Qazaxıstan arasında ciddi narazılıqlara yol açması ehtimalı var. Məsələ burasındadır ki, dünən ortaya çıxan insidentin bir çox tarixi, sosial, siyasi, iqtisadi əsasları mövcuddur və bu problem aradan qaldırılmasa, bölgə xarici güc mərkəzlərinin təxribatçı syasətlərinin hədəfinə çevrilə bilər. 

 

Klanlararası savaş

 

Qaraqalpaqistan probleminin ilk səbəbi Orta Asiya coğrafiyasında tarix boyu davam edən hakimiyyət mübarizəsidir. Müxtəlif türk boylarının əsrlər boyu siyasi hakimiyyət uğrunda mübarizəsi Özbəkistanda bu günə qədər də davam edir. Məlumata görə, bir neçə əyalətin birləşməsindən meydana gələn ölkədə hazırda 7 böyük klan mövcuddur və onlardan ən mühümləri Daşkənd, Səmərqənd və Fərqanə klanlarıdır. Cizzaq, Xorəzm, Qaraqalpaq və Qaşqadərya klanlarının ölkə idarəçiliyində çəkiləri daha azdır.

 

Klançılıq rejimi ilə idarə olunan Özbəkistanda etnik mənsubiyyət deyil, ərazi əlaqələri önəmlidir. Qeyri-rəsmi strukturlar olan klanlarda milli bağlardan daha çox regional dinamiklər üstünlük təşkil edir. Klan üzvləri bölgənin adət və ənənələrinə ciddi şəkildə riayət edirlər. Hər hansı bir qarşıdurma zamanı özbəklər mənsub olduqları klanın tərəfini tuturlar.

 



Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun ölümündən sonra ölkənin idarəçiliyi “Səmərqənd elitası”ndan “Daşkənd elitası”na keçdi. Hakimiyyət səlahiyyətləri o dövrün Baş naziri Şevkət Mirziyoyev, Maliyyə naziri Rüstəm Əzimov və MTN rəhbəri Rüstəm İnoyatov arasında bölüşdürüldü. Şevkət Mirziyoyev isə ölkə rəhbəri təyin edildi. Sonradan keçirilən prezident seçkiləri ilə bu təyinat legitimləşdirildi. Halbuki, Konstitusiyaya görə, fors-major durumlarda hakimiyyət Baş nazirə yox, parlament spikerinə keçməli idi. İslam Kərimovun zamanında ölkənin Baş naziri isə Nemətulla Yuldaşev idi. Kərimov öz hakimiyyətinin təhlükəsizliyi üçün qəsdən bu zəif xarakterli adamı parlamentin sədri vəzifəsinə gətirmişdi. Əsas məqsədi özündən sonra hakimiyyəti övladlarından birinə, böyük ehtimalla qızı Gülnarə Kərimovaya ötürmək idi. Di gəl ki, İslam Kərimovun bu “uzaqgörənliyi” özünün də mənsub olduğu Səmərqənd klanının itirməsi ilə nəticələndi. Onun ölümündən sonra heç kim Nemətulla Yuldaşevi dəstəkləmədi və Yuldaşev “könüllü” şəkildə hakimiyyətdən Daşkənd klanının xeyrinə geri çəkildi. İslam Kərimovun varislik planını da baş tutmadı. Qızı Gülnarə Kərimova barədə yayılan xoşagəlməz xəbərlər onun elə öz atası tərəfindən lənətlənməsinə yol açdı. Beləcə Şevkət Mirziyoyev 3 aylıq keçici müddətə ölkə rəhbərliyinə gətirildi. 

 

Qaraqalpaqlar arasındakı ikitirəlik

 

İslam Kərimovun ölümündən sonra hakimiyyətin klan dəyişikliyi əsasında Mirziyoyevə dövr edilməsi Özbəkistanın onsuz da kövrək olan daxili nizamına mənfi təsir göstərdi. Ölkədəki digər klanlar gizli şəkildə Daşkənd klanına qarşı birləşdilər. Yeni prezidentin öz sələfi İslam Kərimovun nüfuzdan salınmasında misilsiz rol oynamış və dolayısıyla Mirziyoyevi hakimiyyətə gətirmiş Rüstəm İnoyatovu 2018-ci il yanvarın 31-də  23 illik vəzifəsindən uzaqlaşdırıraq öz müşaviri təyin etdi. Bir növ onu öz nəzarəti altına aldı. Nəticədə onsuz da kövrək dəngə üzərində qurulan siyasi balans ləngərləməyə başladı və Özbəkistandakı digər klanları da aktivləşdirdi.


 


Ölkənin müstəqilliyini elan etməsindən sonra yaranmış vəziyyətdən ən çox narazı qalan klanlardan biri isə Qaraqalpaqlardı. Özbəkistanın qərbində yerləşən və ölkə ərazisinin üçdə birini təşkil edən Qaraqalpaqistan Muxtar Respublikasında məskunlaşan bu əhalinin narazı qalması üçün çox səbəblər var. Əvvəla, qaraqalpaqlar özlərini Xarəzmşahların mirasçıları sayır və bölgənin idarə olunmasında əsas söz sahiblərindən biri kimi görürlər. Hazırda isə sayları o qədər çox deyil və bu da onların ölkədə təsirli güc olmasını əngəlləyir. Məlum olduğu kimi, bu gün Qaraqalpaqistan əhalisinin sayısı 1.8 milyondur. Özbəkistan əhalisinin 34 milyon olduğunu nəzərə alsaq, qaraqalpaqların ümumi əhalinin 5%-dən bir qədər çox olduğunu görə bilərik. Sözsüz ki, bu rəqəm onların təsirli gücə çevrilməsinə imkan vermir.

 

Üstəlik, xüsusilə son zamanlar aparılan şüurlu siyasət nəticəsində qaraqalpaqlar öz adları ilə anılan Muxtar Respublika əhalisinin cəmi 33%-ni təşkil edirlər. Muxtariyyətdə yaşayan özbəklərin də sayı onlarla eynidir – 33%. MR-in digər böyük etnik qrupu sayılan qazaxlar isə əhalinin 28%-nə bərabərdir. 

 

Qazaxlar və qaraqalpaqlar türk dilinin təxminən eyni ləhcəsini danışsalar da, bu, onların vahid bir düşüncə ətrafında birləşməsinə nəinki kömək etmir, əksinə əngəlləyici faktor kimi ön plana çıxır. Hazırda separatçı qaraqalpaqlar arasında müstəqillik tərəfdarları kimi, Qazaxıstana birləşmək istəyənlərin də sayı kifayət qədərdir. 

 

Qaraqalpaqlar arasındakı bu ikitirəlikdə sovet hakimiyyətinin də xidmətləri az olmayıb. Bölgə 1925-ci ilin aprelindən 1930-cu illərin ortalarına qədər Qazaxistan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət olub. 1930-cu il iyulun 20-də müstəqil respublika kimi SSRİ-yə daxil olub. İki il sonra (20 mart 1932) yenidən Muxtar Sovet Sosialist Respublikası statusu "qazanıb" və 1936-cı ilin dekabrında Özbəkistan SSR-ə birləşdirilib. Beləcə, gah “müstəqil” olan, gah da Özbəkistanla Qazaxıstan arasında var-gəl edən Qaraqalpaqistanın bu taleyi onun sakinlərinin siyasi düşüncə sisteminə də yansıyıb.

 

İqtisadi faktor

 

Qaraqalpaqistanda narazılığı artıran digər səbəb onun iqtisadi həyatı ilə əlaqədardır. 2 milyona yaxın əhalisi olan bölgənin önəmli qaz ehtiyatları var. Özbəkistanın milli enerji şirkəti “Özbekneftqaz”ın 2020-ci ildə mediaya verdiyi açıqlamaya görə, Qaraqalpaqıstanın Uzyurt bölgəsindəki Şimali Berdak qaz yatağından gündəlik 100 min kubmetr təbii qaz çıxarıla bilər. Özbək rəsmiləri bu qaz quyusunun kommersiya əhəmiyyətinə malik olduğunu bildirsələr də, onun ümumi həcmi barədə heç bir fikir bildirməyiblər. Avrasiyada Qazaxıstan və Türkmənistandan sonra 3-cü ölkə olan Özbəkistanın əsas neft qaz yataqları Xivə bölgəsindədir. Məlumata görə, Özbəkistanın karbohidrogen ehtiyatlarının təxminən 60 faizi Buxara-Xivə bölgəsində yerləşir. Hasilatın isə 70 faizi bu bölgənin payına düşür. 

 

Buna baxmayaraq, qaraqalpaqlar öz ərazilərinin təbii sərvətlərindən yetərli qədər faydalanmadıqlarına inanırlar. Bölgədə qurulan müəssisələrdə əsasən özbəklər işləyir, hasil olunan məhsullar Çinə, Hindistana göndərilir. Qaraqalpakistanın bir çox kəndləri isə hələ də qaz üzünə həsrətdir. Bütün bunlar isə istər-istəməz yerli əhali arasında narazılığı artırır. Ən əsası isə, bölgədə qaz yataqlarının istismarı Rusiyanın “Lukoyl” şirkəti tərəfindən həyata keçirir. Bu da Risiyanın həmin bölgədə aktivliyini və bölgə xalqı üzəriində təsir gücünü artırır


Etnik repressiyalar

 

Qaraqalpaqların mədəni hüquqlarla təmin olunduğunu da demək çətindir. Muxtar Respublikada qaraqalpaqca orta məktəblər yox səviyyəsindədir. Öz ləhcələrində qəzet və jurnal çıxara bilməyən yerli əhali assimiliyasiya siyasətinin qurbanı olduğunu düşünür. Bir çox qaraqalpaq yurd-yuvalarını tərk edib Rusiya, Qazaxıstan və Qırğızıstana sığınıb. Bu köçlərin yaşanmasında Özbəkistan rəsmilərinin repressiv siyasətlərinin də mühüm rolu olub. 

 

Məlumata görə, SSRİ dağıldıqdan sonra müstəqilliyini elan edən Qaraqalpaqlar aralarındakı fikir ixtilafı nəticəsində bunu saxlaya bilməmiş və Daşkəndlə müəyyən danışıqlara getmişlər. 1993-cü ildə Qaraqalpaqıstan hakimiyyəti Özbəkistanla 20 il müddətinə ittifaq müqaviləsi imzalamış və hər iki tərəf öz konstitusiyalarında müvafiq qaydada tənzimləmə və dəyişikliklər etmişlər. Əldə olunan razılığa əsasən, müqavilənin müddəti bitəndə, yəni 2013-cü ildə tərəflər ya müddəti yenidən uzadacaq, ya da Qaraqalpaqıstan xalqı referendum yolu ilə Özbəkistanıdan ayrılacaq və öz müqəddəratını təyin edə biləcəkdi. İslam Kərimov əvvəl qaraqalpaqlı liderləri bu ittifaqa həvəsləndirmək üçün onların bir çoxuna mərkəzi hakimiyyətdə yer versə də, daha sonra bu əhdini unutmuş və onların bir çoxunu vəzifədən uzaqlaşdırmışdı. Qaraqalpaqların bu siyasətə etirazları isə süngü ilə qarşılanmışdı. 


 


İslam Kərimovun repressiyalarının ilk qurbanı isə Qaraqalpaqistanın müstəqillik bəyannaməsinin müəllifi Şəmsətov olmuşdu. Daşkəndə rəsmi mərasimlərdən birinə çağırılan Şəmsətov həbs olunaraq zindana salınmışdı. Onun həbsindən sonra ayağa qalxan qaraqalpaqlar zor gücünə yatırılmışdılar. 2010-cu ildə Kazban Çimbaylının rəhbərliyi ilə Qaraqalpaqstan Azadlıq Hərəkatı Çimbay şəhər meydanlarında və küçələrində Özbəkistan hökumətinə qarşı etiraz aksiyaları təşkil etmişdi. Ətraf şəhər və kəndlərin əhalisi də bu aksiyalara qoşulmuş, Özbəkistanın xüsusi təyinatlı polis qüvvələri ilə toqquşmaya başlamışdı. Əraziyə gücləndirilmiş xüsusi təyinatlılar gətirilmiş və sonradan qaraqalpaqların təşkilatlanmasına dəstək verən və ya onlara rəğbət bəsləyən çoxlu sayda insan həbs olunmuşdu. İş adamları və biznesmenlər vergidən yayındıqları səbəbiylə müxtəlif cinayətlərdə ittiham edilərək tutulmuşdular. Həbs olunanlar arasında həbsdə olan prezidentin oğlu Bəxtiyar Şemsetov və Karauzek Mərkəzi Məscidinin imamı Əbdülqəni İdris kimi nüfuzlu şəxslər də vardı. Məscidin imamı Əbdülqəni İdris narkotik maddə saxlamaqda ittiham edilərək 16 il ağır həbs cəzasına məhkum olunmuş, daha sonra isə zindanda müəmmalı şəkildə ölmüşdü. Özbəkistan həbsxanalarında bu cür əsassız ittihamlarla 2000 qaraqalpaq aktivisti yatır və onların ailələri ilə əlaqə saxlamasına icazə verilmir. Bu repressiyalar, təbii ki, qaraqalpaqları meydanlara çıxmağa sürükləyən digər səbəblərdəndir.


Rus barmağı 


Qaraqalpaq üsyanlarının ən mühüm səbəbi, sözsüz ki, Rusiyanın regional siyasəti ilə əlaqədar da ola bilər. Məlum olduğu kimi, Ukrayna ilə müharibədə nüfuzunu xərcləyən Rusiya getdikcə Orta Asiyada öz mövqelərini itirir. Artıq Qazaxıstan lideri Kasım Jomerd Tokayev Putinlə sərt üslubla danışır, Özbəkistan prezidenti Şevkət Mirziyoyev müstəqil siyasət yürütməyə çalışır. Ən əsası isə, Türk dövlətləri vahid ittifaq formatında birləşmək istəyirlər və bu arzularını açıq-aşkar ortaya qoyurlar. Bu da istər-istəməz bölgəni itirmək istəməyən Kremldə ciddi əndişələr yaradır. Mümkündür ki, Orta Asiya ölkələrində mərkəzdənqaçma prosesinin qarşısını məqsədilə onlar arasında ixtilafı körükləmək Moskva üçün zərurətə çevrilsin.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 542          Tarix: 2-07-2022, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma