ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfərinin ilk turuna dünən İsrailə gəlməklə başladı.
Ovqat.com-un məlumatına görə, prezident daha sonra Fələstinə və Səudiyyə Ərəbistanına gedəcək. Onun Yaxın Şərq səfəri iyulun 16-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində ərəb liderləri ilə keçirəcəyi görüşlə tamamlanacaq.
ABŞ prezidenti paytaxt Tel-əvivdə İsrailin Baş naziri Yair Lapid və prezident İsaak Hersoq tərəfindən Ben Qurion hava limanında qarşılanıb. Qarşılanma mərasimindən sonra keçirdiyi mətbuat konfransında çıxış edən Bayden iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsini vurğulayıb. Çıxışında ölkəsinin İsrailin təhlükəsizliyi və regional sülh üçün “İbrahim müqavilələri”ni genişləndirərək regionda inteqrasiyanı dərinləşdirməyə sadiq olduğunu bildirən ABŞ lideri Tel-Əvivdən başladığı Yaxın Şərq səfəri zamanı Fələstin məsələsinin iki dövlətli həll modeli üzərində müzakirə ediləcəyini açıqlayıb.
"Prezident (Richard) Nikson 1973-cü ildə İsrailə səfər edən ilk prezident idi və mən o zaman Konqresdə senator idim", - deyən Bayden xatırladıb ki, İsrailə ilk səfəri zamanı Yitzhak Rabin (İsrailin keçmiş baş naziri) ilə görüşüb. "Fəxr edirəm ki, bu, mənim İsrailə onuncu səfərimdir", - ABŞ prezidenti əlavə edib.
Mətbuat konfransında İsrail prezidenti Hersoq da çıxış edərək, bu səfərin iki dövlət arasındakı əlaqələrin tarixiliyindən və dərinliyindən xəbər verdiyini bildirib və Baydeni alqışlayıb.
Baş nazir Lapid isə deyib ki, İranın nüvə proqramını dayandırmaq üçün güclü qlobal ittifaqın qurulması zərurətini müzakirə edəcəklər.
Baydenin gündəmindəki ilk görüşün İsrailin müdafiə naziri Benni Qants ilə olacağı və “Dəmir Qübbə” də daxil olmaqla hava hücumundan müdafiə sistemləri ilə bağlı brifinq keçirəcəyi gözlənilir.
ABŞ və İsrail önümüzdəki illərdə iki ölkə arasında münasibətlərin yol xəritəsi olacağı gözlənilən “Qüds Bəyannaməsi” adlı birgə bəyanat yaymağı planlaşdırırlar. İsrailli mənbələrin məlumatına görə, bəyannamədə İranın nüvə silahı əldə etməsinə qarşı ABŞ-İsrailin ortaq mövqeyi yer alacaq. Sənəddə həmçinin, İranın nüvə təhdidlərinə qarşı iki ölkənin bütün milli güc və təsir elementlərindən istifadə etmək öhdəliyi də yer alacaq. Bundan əlavə, ortaq bəyannaməyə ABŞ-ın İsrailin hərbi imkanlarını saxlamaq və hər hansı təhlükənin qarşısını almaq imkanlarını inkişaf etdirmək öhdəliyi də daxil ediləcək.
Şəkildə: Bayden yəhudi siyasətçi qarşısında diz çöküb
Qeyd edək ki, Co Bayden Yaxın Şərq səfərinə çıxmamışdan 2 gün əvvəl qələmə aldığı bir məqalədə də regionda inteqrasiya prosesinin dərinləşdirilməsindən bəhs edilmişdi. Məqalədə bildirilirdi ki, ABŞ-a bir-biri ilə döyüşən Yaxın Şərq yox, bir-biri ilə əməkdaşlıq edən, iqtisadi, siyasi inteqrasiyaya önəm verən region lazımdır. Bayden fikrini bununla izah etmişdi ki, Avropanın rus enerji asılılığından qurtarmaq və Çinin regionda genişlənməsinin qarşısını almaq üçün Yaxın Şərq ölkələrinin bu inteqrasiyasına ciddi ehtiyac var. Bayden sözügedən məqaləsində İran məsələsinə də toxunmuş və bu ölkəyə qarşı təzyiqləri davam etdirəcəyini vurğulamışdı. Onun İsrailə səfəri zamanı “İbrahim anlaşmaları”nın genişləndirilməsindən bəhs etməsi də əslində Vaşinqtonun sözügedən strateji hədəfindən irəli gəlir.
“İbrahim anlaşmaları” siyasi termin olaraq ilk dəfə ABŞ-ın sabiq prezidenti Donald Tramp və onun yeznəsi Jared Kuşner tərəfindən dilə gətirilib. 2020-ci ilin sentyabrın 15-də Ağ Evdə İsrail və Birləşmiş Ərəb Əmirlikləri ilə “sülh və diplomatik münasibətlərin qurulması”, Bəhreynlə “tam diplomatik münasibətlər” barədə sazişlərin imzalanması bu istiqamətdə atılan ilk addımlardan idi. Trampın ərəb ölkələri ilə İsrail arasında münasibətləri yaxşılaşdırmağı hədəfləyən bu sazişləri “İbrahim müqavilələri” adlandırması təsadüfi deyildi.
Əvvəla, İslam dininə görə, İbrahim peyğəmbər ərəblərlə yəhudilərin ortaq atasıdır. Ərəblər İbrahim peyğəmbərin Həcər adlı xanımının dünyaya gətirdiyi oğlu İsmayılın, yəhudilər isə onun digər xanımdan (Sara) doğulan İshaqın törəmələridir. Hər iki millətin ilk ataları İbrahim peyğəmbərin övladıdırlarsa, məntiqlə onlar qardaş sayılırlar. Qardaşlar arasında isə ixtilafa ehtiyac yoxdur. Onlar regionda birləşərək eyni düşmənə (məsələn, İrana) qarşı birgə mübarizə apara bilərlər. Ən azı ona görə ki, İran həm ərəb ölkələrini, həm də İsraili təhdid edir.
İkincisi, “İbrahim sazişi” həm də yəhudilərin müqəddəs kitabı “Tövrat”ın tələblərindən biridir. Yəhudilik ümumiyyətlə əhd dini hesab olunur. Onların müqəddəs kitabı “Tövrat”da (Tora) yeddi müqavilədən bəhs edilir. Bunlar Adəm müqaviləsi, Nuh müqaviləsi, İbrahim müqaviləsi, Fələstin müqaviləsi, Musa müqaviləsi, Davud müqaviləsi və Əhdi-Cədid müqaviləsidir. Müqəddəs mətnlərdə əhdlər Allahla insan arasında vədlər kimi qəbul edilir. Yeddi müqavilədən ən mühümü isə İbrahim müqaviləsidir. İbrahim müqaviləsi qeyd-şərtsiz və əbədi anlaşmadır. Bu müqavilənin üç əsas elementi var:
1- Vəd edilmiş Kənan torpağına qayıdış;
2- İbrahimin nəsli ilə əhd-peymanı saxlamaq vədi;
3- Yer üzündəki bütün millətlərə xeyir-dua vermə vədi.
Göründüyü kimi, “Tövrat” Kənan torpağına qayıdışı əmr etdiyi kimi, İbrahim nəslindən olanlarla da əhd-peyman bağlamağı, mehriban münasibətlər qurmağın vacibliyini vurğulayır. Kənan torpağı isə Anadolu yarımadasının bir hissəsindən – Dəclə, Fərat çayından başlayaraq həmin çayların keçdiyi İraq və Suriyanın tamamını, İranın isə qərb bölgəsini əhatə edir.
İsrailin bu zamanadək həmin coğrafiyada məskunlaşan kürd separatizmini dəstəkləməsi də əslində bu müqavilədə nəzərdə tutulan “Kənan elinə qayıdış” vədindən irəli gəlirdi. Amma sionizmin və ABŞ-ın əlində rəhbər tutduğu bu strategiya istər-istəməz region ölkələrini ona qarşı müqavimətə sürükləyirdi. 2010-cu ildən bu günə qədər Yaxın Şərqdə davam edən vətəndaş müharibələri “Tövrat”ın vəd etdiyi Kənan torpağında yeni dövlət quruculuğunun asan olmayacağını göstərdi. Görünür, məhz bu səbəbdən Co Bayden hakimiyyəti regional siyasətində bəzi dəyişikliklərə getdi və çarpışan “Yaxın Şərqdənsə, inteqrasiya olunmuş Yaxın Şərq yaxşdır” fikrini mənimsədir. Sözsüz ki, bu məsələdə onun Rusiyaya qarşı siyasəti də önəmli rol oynamış ola bilər. “İbrahim müqavilələr” çərçivəsində region ölkələrini bir çətir altında tutmağı hədəfləyən ABŞ ərəb, yəhudi və türk ittifaqından Rusiyanı bölgədən uzaqlaşdırmaq və İranın yayılmaçılıq siyasətinə qarşı da istifadə edə bilər.
Belə anlaşılır ki, regiondakı ixtilafların Rusiyanın və İranın işinə yaradığını anlayan ABŞ və sionizm kürd separatçılarını dəstəkləmək fikrindən də vaz keçəcək. Əks halda İraq, Suriya və Türkiyəni “İbrahim müqavilələri” ətrafında bir araya gətirmək mümkün olmayacaq, bu israrçılıq region dövlətlərini Rusiya və Çin kimi dövlətlərlə yaxın münasibətlər qurmağa həvəsləndirəcək. Təbii ki, İran da regional narazılıqdan maksimum səviyyədə yararlana biləcək.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: