Xəbər lenti

 

Belə başa düşdüm ki, dünən DTX-nın rüşvət üstündə həbs etdiyi gömrük generalı Məsum Rəsulov bizim “56-lar”dan imiş.

 

Sovet hakimiyyətinin dağıldığı ilk illərdə Naxçıvandan bəzi abituriyentlərdən imtahan götürülüb Türkiyəyə oxumağa göndəriləcəkdi. Mən də o gənclərin arasında idim.  Sayımız 56 nəfər olduğundan, öz aramızda özümüzü “56-lar” adlandırırdıq. Nehrəmli dostlarımdam Məsum Rəsulovun da “56-lar”dan biri olduğunu öyrəndim və çox sarsıldım. Çünki bizim o zamanlar çox böyük ideallarımız vardı. Tez-tez görüşər, Türkiyədə təhsil alıb məmləkətimizə qayıtdıqdan sonra böyük işlər görəcəyimizi planlaşdırırdıq. Amma necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır. İş elə gətirmişdi ki, o dövrdə Naxçıvan Ali Məclisinin sədri olan məhrum Heydər Əliyev “56-lar”ın Türkiyəyə oxumağa getməsinə o qədər də xoş baxmırdı. Hərçənd həmin dövrdə rəsmi Bakı ilə Naxçıvan arasında ziddiyyət vardı və bizim Türkiyəyə getməyimizə paytaxt da əngəl yaradırdı. Bizi isə paytaxtdan çox, Heydər Əliyevin mövqeyindən inciyirdik. Axı uman yerdən küsərlər. Bizim fikrimizcə, Heydər Əliyevin niyyəti olsaydı, bizi asanlıqla Türkiyəyə göndərə bilərdi. 

 

Mən “56-lar”ın lideri sayılırdım və o uşaqların haqqını müdafiə etməyi özümün borcum bilirdim. Bir gün Ali Məclisə işə gələn Heydər Əliyevin qarşısına cəsarətlə çıxıb bizim Türkiyəyə getməyimiz üçün niyə çalışmadığını ondan soruşdum. Aldığım cavabın mahiyyətini isə çox sonralar anladım. Heydər Əliyev mənə konkret belə demişdi: “Gedib molla olacaqsınız da, niyə özünüzü öldürürsünüz?”.

 

Doğrusu, bizim heç birimiz o vaxt ilahiyyat fakültəsinə qəbul olmamışdıq. Əksinə, hamımız dünyəvi elmləri tərcih etmişdik. Sonradan başa düşdüm ki, Heydər Əliyev bizdən nurçuların imtahan götürdüyünü və bizi öz yurdlarında saxlayacağını, nəticədə tədricən hamımızı FETÖ-ləşdirəcəyini bildiyi üçün belə demişdi. 

 

Hər nə isə, ya zəlzələdən, ya vəlvələdən, “56-lar”ın Türkiyəyə getməsi alınmamışdı. Ertəsi il Naxçıvanda yenidən imtahan keçirildi və 75 nəfər bu imtahanı qazanıb Türkiyəyə oxumağa getdi. Həmin “75-lər” arasına “56-lar”dan çox az adam düşmüşdü. Bunun əsas səbəblərindən biri “56-lar”dan bir çoxunun əsgərliyə aparılması idi. Həmin insanlar dövrün ən ağır zamanında əsgərliyə getmişdilər və bir də 6-7 ildən sonra ordu sıralarından təxris olunacaqdılar. Bəziləri hətta bu şanssızlığa dözə bilməyib intihar belə etmişdilər. Səhv xatırlamıramsa, intihar edən “56-lar” arasında Nemət Pənahovun yaxın qohumu da vardı.

 

Məsum Rəsulov da haqqı tapdalanan həmin zümrədən idi. Əsgərlikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olunan Məsum daha sonra müxtəlif rəsmi orqanlarda işləyə-işləyə Dövlət Gömrük Komitəsinin aparıcı adamlarından birinə çevrilibmiş. Və üzərindən 31 il keçdikdən sonra rüşvətxorluğuna görə DTX tərəfindən həbs olundu. Həbsindən sonra DTX-nın yaydığı məlumatlardan aydın olur ki, o, hətta əsgərlərin siqaretlərini mənimsəyəcək qədər amansızlaşıbmış. Təsəvvür edin, 7 il əsgərlik çəkən, hərbi qulluqçuların hansı məşəqqətlərlə qarşılaşdığını dərisində hiss edən bu adam 30 illik metamorfoza prosesi nəticəsində onların siqaretinə belə göz dikirmiş. Hər halda bunu biz yox, informasiyasının səhihliyi şübhə doğurmayan DTX rəsmən bəyan edib: “Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir”, - DTX-nın bu gün yaydığı məlumatda belə deyilir.

 

Açığını desəm, bütün bu hərisliklərinə baxmayaraq, mən Məsum Rəsulovu korrupsioner rejimin qurbanı sayıram. Çünki bizim “56-lar” həqiqətən də məsum duyğulara sahib idilər. Tez-tez görüşərək apardığımız müzakirələrdə Türkiyədə oxuyub geri qayıtdıqdan sonra böyük quruculuq işlərindən bəhs etməyimiz də bunun göstəricisi idi. Amma DTX-nın yaydığı məlumatlardan aydın olur ki, korrupsioner rejim bu məsum gənclərdən birini özünün korrupsioner çərxinin dişinə çevirə bacarıb. Bəli, Kəmaləddin Heydərovun qurduğu, Səfər Mehdiyevin davam etdirdiyi gömrük-korrupsiya mexanizmi təkcə zavallı Azərbaycan xalqını yox, Məsum Rəsulov kimi məsum duyğuları olan insanları da öz tırtırları altına salıb cəcəyini çıxarıb. 

 

Xüsusilə də “75-lər” sırasında Türkiyəyə oxumağa göndərilən Səfər Mehdiyevin yəqin ki, bu metamorfozlaşdırma işində böyük xidmətləri olub. Halbuki, onun Türkiyəyə göndərilməsinin əsas məqsədi ölkəmizdə aparılacaq lüstrasiya islahatlarında yer almaqdı. Səfər Mehdiyev isə gömrük-korrupsiya mexanizmində hətta Kəmaləddin Heydərovu belə kölgədə qoyacaq qədər irəli gedib, Məsum Rəsulov kimi ülvi duyğuları olan adamı da zəhərləyib. Bir də utanmadan “mənim 1 manat rüşvət aldığımı tutun, ömrümün axırına qədər həbsdə yatım” deyəcək qədər saxtakarlıq nümayiş etdirir. Korrupsiyaya bulaşdığı hər gün ən yetkili dövlət qurumları tərəfindən ifşa olunan bir idarənin rəhbərinin istefa verməsi üçün daha hansı sübut lazımdır?

 

Çox təəssüflər olsun ki, Kəmaləddinlər, Səfərlər azadlıqda gəzdikləri halda, onların qurbanları həbsxanalarda çürüyəcəklər. Dövlət qurumları isə nədənsə bu metamorfoza prosesinin başında duranlara ya toxunmur, ya da hələ ki, toxuna bilmir. Bax, ən böyük problem də elə budur.


Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 018          Tarix: 15-07-2022, 20:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma