Xəbər lenti

 

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Memoranduma əsasən, 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. İmzalama mərasimindən sonra keçirilən görüşdə Rusiyanın hətta Ukraynaya müdaxilədən əvvəl də etibarlı enerji tərəfdaşı olmadığını bildirən Fon der Lyayen, Aİ-nın bu səbəbdən Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu qeyd etdi. Ümumiyyətlə, Azərbaycan artıq bəzi Avropa ölkələrinin qaz istehlakının 80%-ni, digərlərinin isə 15-20%-ni təmin edir.

 

Hazırda Aİ-nin əsas məqsədi qarşıdakı qışadək qaz ehtiyatlarını artırmaqdır. Digər məqsəd yaxın illərdə Rusiya qazından asılılığı aradan qaldırmaqdır. Ona görə də Azərbaycan Avropanın enerji təhlükəsizlyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başlayır. Bu proses ABŞ tərəfindən də dəstəklənir. ABŞ Prezidenti sonuncu məktubunda: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığını" qeyd etmişdi.

 

Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıq bununla məhdudlaşmır. Cənub Qaz Dəhlizi Türkmənistan, İran, İraq, Şərqi Aralıq dənizi ölkələri daxil bir çox enerji ehtiyatları ilə zəngin ölkələrə bu infrastruktura qoşulub Avropaya qaz daşımaları həyata keçirmələrinə şərait yaradır. 2021-ci ildə Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının birgə istismarı haqqında saziş, Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş Türkmənistanın, gələcəkdə isə hətta İranın Cənub Qaz Dəhlizinə qoşulmasını mümkün edir.

 

Bütün bunlar Azərbaycanın təhlükəsizliyini artıq Avropa üçün də təhlükəsizlik məsələsinə çevrir. Ümumiyyətlə, Azərbaycanın 1993-cü ildən yeritdiyi xarici siyasət və enerji diplomatiyası onu nəinki Avropanın, eləcə də dünyanın təhlükəsizlik sisteminin vacib elementinə çevirməkdədir. Ona görə də Azərbaycan artıq okeanlara çıxışı olmayan, Avrasiyanın mərkəzində yerləşən əlçatmaz bir məkan deyildir. 



 

Əhəmiyyətinə görə Əsrin Müqaviləsi ilə müqayisə edilə biləcək iyulun 18-də imzalanan anlaşma memorandumu Azərbaycanın strateji dəyərini daha da artırdı. Bu da tərəfdaşlarını Bakının maraqları ilə hesablaşmağa vadar edir. Bu həm də regionda marağı olan müxtəlif Qərb ölkələrində fəaliyyət göstərən və Azərbaycana qarşı qərəzli və düşmən mövqedə olan fərqli lobbi qruplarının təsirlərini və təzyiqlərini neytrallaşdırmağa və ya balanslaşdırmağa imkan yaradır. 18 iyulda Azərbaycan Prezidentinin Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşü zamanı bu qurumun 2020-ci il Vətən Müharibəsindən sonra ölkəmizin əleyhinə qəbul etdiyi sənədlərlə bağlı açıq narazılığını ifadə etməsi və səsləndirdiyi fikirlər bu baxımdan diqqətə layiqdir. 

 

Qeyd edək ki, Cənubi Qafqazın ətrafında Azərbaycandan da zəngin enerji resurslarına malik olan ölkələr var, ancaq onların çoxu öz resurslarını dünya bazarlarına çıxararaq müstəqil oyunçu kimi çıxış edə və bu imkanlardan öz milli maraqları üçün istifadə edə bilmir. 

 

Əvvəlki paylaşımda Qərbin Cənubi Qafqazdan nə istədiyi və natamam siyasəti haqqında bəhs etdik. İndi isə onun öz strateji maraqlarına uyğun olaraq nə etməli olduğunu qeyd edək. Əvvəlla, Azərbaycan və Aİ arasında təhlükəsizliyin qarşılıqlı asılılığı artdıqca Aİ regiondakı təhlükəsizlik risklərini də bölüşməli və öz üzərinə daha çox siyasi məsuliyyət götürməlidir. Bunun üçün ilk növbədə Aİ regionda beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə əsaslanan təhlükəsizlik arxitekturasının, başqa sözlə Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipin əhəmiyyətini önə çəkməli və bunu açıq və birmənalı şəkildə ifadə etməlidir.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 270          Tarix: 21-07-2022, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma