Xəbər lenti

  

İsrailin Azərbaycandakı səfiri Corc Dikin reklamını etdiyi "Təbrizin sehrli nağılları" kitabını oxuyuram. Kitab orta əsrlərdə Təbriz miniatür məktəbindən bəhs edir. Odur ki, İran rəsmilərinin bu kitabı daş-qalaqla qarşılamalarının səbəbini anlaya bilmirəm. Sadəcə adındakı Təbriz sözündənmi qaynaqlanır bu etiraz?

 

Kitabı oxuduqca İran rəsmilərinin etirazı mənə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Araz çayı ilə bağlı səsləndirdiyi bayatının o tayda yaratdığı əks-sədanı xatırlatdı. Düşündüm ki, bir bayatını belə, az qala İranı parçalamaq cəhdi kimi qiymətləndirən rəsmi Tehran nə qədər ki Araz, Təbriz sözlərindən dəhşətli dərəcədə qıcıqlanacaq, onun böyümə şansı da olmayacaq. Mənim fikrimcə, hər nəsnədə bir “qəmbərqulu” axtaran İran öz mənasız Türk düşmənçiliyi siyasətindən vaz keçməli və Türk mədəniyyət dairəsinə geri qayıtmalıdır. Unutmamalıdır ki, 1000 ilə yaxın bu mədəniyyət dairəsinə liderliyi məhz bu dövlətin ərazilərində yaşayan Azərbaycan  Türkləri edib və İran özünün ən möhtəşəm tarixini məhz həmin dövlətlərin dövründə yaşayıb. 

 

Türk mədəniyyət sahəsi bu gün də İranın qarşısında ən mükəmməl böyümə formatı olaraq dayanır və istəsə də, istəməsə də bir gün həmin qatara qoşulacaq. Baxmayaraq ki, İran öz dargörüşlü siyasəti ilə bu qatarın lokomotivi olmaq şansını qaçırıb, xeyirsiz israrçı mövqeyini davam etdirdikcə, ilk vaqonlardan biri olmaq imkanını da itirəcək və qatarın ən son vaqonuna çevrilmək durumunda qalacaq. Halbuki, 1000 il boyu Türk dünyası qatarının lokomotivi İran coğrafiyası olmuş, Səcuqlular, Elxanilər, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səvəfilər, Qacarlar və Əfşarlılar dövründə Şərq dünyasının ən böyük mədəniyyətini meydana gətirmişdir. Və bu mədəniyyət sanıldığı kimi, heç də farslara məxsus olmamışdır. Əksinə, Hindistandan tutmuş Şərqi Avropaya qədər idarə etdiyi geniş coğrafiyaların kültür nümunələrini bir araya toplayıb vahid bir mədəniyyət yaratmışdır. İndiki İran ərazisində qurulan bir çox Türk imperiyalarının başarısı da məhz bu multikultural xarakterindən qaynaqlanırdı və təbii ki, bu ortaq dəyərlər arasında fars kültürünün də önəmli payı vardı. Türk hökmdarları bu ortaq mədəniyyəti meydana gətirmək üçün böyük zəhmətlərə qatılmış, miltikultural dəyərlərə böyük sərməyalər yatırmaqda simiclik etməmişdilər. “Təbrizin sehrli nağılları” kitabında müəllif açıq şəkildə olmasa da, dolayısıyla bu həqiqətə diqqət çəkərək yazır:

 

Xüsusilə qeyd etmək lazımdır ki, bu (miniatür sənəti – H. O), olduqca məsrəfli təşəbbüs idi. Nə qədər zəngin və qüdrətli olsa da, Avropanın heç bir kralı yaxud imperatoru bunu özünə rəva görə bilməzdı. Belə bir işi maliyyələşdirməyə cəsarət etmək üçün həqiqətən də bitib-tükənməz xəzinəyə malik olmaq lazım idi. Əksər boyalar yarımqiymətli daşlardan hazırlanırdı, təbəqə və maye qızıldan bol istiladə edilirdi, kağız zəfəran və saflorla boyanırdı, mürəkkəbə isə müşk və qızılgül suyu qatılırdı. Rəssam və xəttatların saxlanılmasına, onların çoxsaylı koməkçi və xidmətçilərinə xeyli vəsait sarf olunurdu. Onların qayğısına qalır, qoruyur və əlbəttə, əsaslı surətdə mühafizə edirdilər. Dəqiq məlumdur ki, ustaların gözlərinin yorulmaması, qollarının isə quvvətli qalması üçün onların iş gunü iki saatdan artıq davam etmirdi. Təbriz kitabxanasında hazırlanan kitablar haqqında isə ayrıca danışmaq lazımdır. Burada hər bir xəttatlıq sənətinin nümunəsi, hər illustrasiya müstəqil dəyəri olan bitkin bədii əsər idi. Bir nüsxədə hazırlanmış kitabı xəzinədar dərhal şah xəzinəsinə yerləşdirirdi və həmin alyazması orada ən zərif zinət əşyaları ila birlikdə saxlanılırdı. Kitab istənilən qızıl məmulatı, almaz, yaqut va zümrüddən daha yüksək qiymətləndirilirdi. Eixanilərin, Teymuri və Səfəvilərin malik olduqları saysız-hesabsız sərvətlərin başlıca zinəti kimi məhz kitablar çıxış edirdi”.

 

Hazırda dünyaya vəhşi kimi tanıdılan bir çox türk imperiyaları elmə, sənətə, incəsənətə və bunların timsalında kitaba bu qədər böyük sərmayələr yatırdaraq, İran-Türk mədəniyyətini dünyaya yayır və böyük uğurlara imza atırdılar. Bugünkü İran da əslində dünyaya yayılmaq üçün az pullar xərcləmir. Amma İran-Fars hakimiyyəti dünyanın orta gücdə olan dövlətlərindən biri olmasına baxmayaraq, bu yayılma siyasətini qanla, zorakı yollarla yaymaq niyyətindədir. Halbuki, bu işi dünyanın ozamankı super gücü olan Elxanilər daha rahat bacarardılar. Elxani və digər Türk imperatorları isə bu zorakı üsulların əvəzinə, mültikultural dəyərlər yaratmağa xüsusi əhəmiyyət verirdi. İsrail səfirinin təbliğ etdiyi, İranın isə süngü ilə qarşıladığı sözügedən kitabda bu həqiqət belə ifadə olunur: “Elxanilər sülaləsinin ən istedadlı nümayandələrindən biri cəsur sərkərdə və ağıllı hökmdar olan elxan Qazan xan (1271-1304) idi. O, uğurlu müharibələr aparmaqla və öz hakimiyyətinə qarşı yönəlmiş istənilən cəhdlərin qarşısını vaxtında almaqla yanaşı, dövlətin möhkəmlənməsi, incəsənətin və müxtəlif sənət növlərinin inkişafı üçün çox iş görmüşdür...

 

Qazan xanın vəziri Rəşidəddin öz oğluna yazırdı: «Biz alimlər küçəsi qurmuşuq. Burada 400 nəfər alim, ilahiyyatçı və hüquqşünas, 1000-dək tələbə yerləşdirmişik. Dünyanın hər tərəfindən - Hindistan, Çin, Maçin, Misir və Şamdan alim və həkimləri davəl etmişik». Qeyd etmək lazımdır ki, bütün bunlar «mədəni» Avropa ölkələri əhalisinin kütləvi şəkildə savadsız olduğu, oradakı «alim»lərin isə «fəlsəfi daş»ın xüsusiyyətləri barədə mübahisələr apardığı bir çağda baş verirdi”.

 

Bugünkü İran da az qala Çini-Maçindən Şama, Yəmənə, Livana qədər böyük coğrafiyalara yayılmaq üçün böyük pullar xərcləyir. Amma bu pulları ortaq mədəniyyət yaratmağa yox, əksinə bu mədəniyyətləri parçalamağa, müsəlman xalqları məzhəblərə bölərək bir-birini qarşı qoymağa, məsum insanların qanını tökməyə sərf edir. Molla rejiminin əlindəki sehrli çubuq isə şiəçilik ideologiyasıdır və rəsmi Tehran bu ideologiyanı əhalisinin cəmi 5-25%-i şiə olan ölkələrdə yayaraq, guya öz aləmində azlığı hakimiyyətə gətirməyə çalışır. Dolayısıyla, İslam coğrafiyasında bir ovuc şiəni hədəf ölkələrin əksər əhalisinə qarşı qoyur, onların qətliamlara məruz qalmasına şərait yaradır. Halbuki, Türk hökmdarlarının izlədiyi siyasətlərə bənzər şəkildə müxtəlifliklərin vəhdətindən doğan ümumi dəyərlər, multikultural mədəniyyətlər yaratmaqla yenidən dünyanın nəhənginə çevrilmək mümkündür. İranın indiki rejimi isə bundan çəkinir. Çünki coğrafiyanın həm milli, həm də dini mozaikasında itib-batacağı sayda olduğunun fərqindədir və qısa zaman ərzində bu torpaqlara yad olan ingilis, fransız, rus imperialistlərinin farslara hədiyyə etdiyi hegemoniyanı əldən vermək istəmir.

 

Tehran rejiminin zamanın axınına qarşı bütün çabalamalarına baxmayaraq, İranın yerləşdiyi geosiyasi məkan və əhalisinin milli-etnik tərkibi baxımından potensialı bu gün də multikultural mədəniyyət yaratmaq şansını qoruyur və bu şans heç vaxt da yox olmayacaq. Er və ya gec İran xalqı yenidən öz həqiqi məcrasına qayıdacaq, Türk mədəni sahəsinə daxil olaraq dünyanın aparıcı dövlətlərindən birinə çevrilə biləcək. Təbii ki, bu, İranda yaşayan Azərbaycan türklərinin əzmi və siyasi proseslərdə iştirakı ilə mümkün olacaq. Görünür, İran-fars rejimini də qorxudan bu perspektivdir. Bu perspektiv onu Araz, Təbriz kimi məfhumlara qarşı olduqca həssas vəziyyətə gətirir, hətta mədəniyyət tarixi ilə bağlı yazılmış bir kitabdan da ürkməsinə yol açır. Əslində isə Türklərin İran coğrafiyasındakı 1000 illik tarixi Tehran mollalarının qorxularının əsaslı olmadığını göstərir. Türklərin hegemon olduğu min il ərzində fars mədəniyyəti nəinki yox olmamalış, əksinə babalarımızın qurduğu multikultural dəyərlərin mühüm parçası kimi ön plana çıxmışdır.

Heydər Oğuz,
Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 892          Tarix: 29-07-2022, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma