Xəbər lenti
21-01-2025, 19:46


Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Özbəkistanda keçirilən iclasında çıxış edərək, son zamanlar rus ordusunun Ukraynadakı müharibədə niyə ləng hərəkət etdiyi sualına “aydınlıq gətirib”. Onun sözlərinə görə, rus ordusunun hərəkət sürətini şüurlu şəkildə yavaşladıblar. Ləngimə qərarı mülki itkiləri azaltmaq istəyi ilə bağlıdır.

 

Bu vaxta qədər Ukraynanın müxtəlif şəhərlərini ən vəhşi metodlarla ələ keçirməyə çalışan, mülki hədəfləri, yaşayış binalarını yerlə yeksan etməkdən çəkinməyən Rusiya Müdafiə nazirinin indi himanizmdən danışması, şübhəsiz ki, inandırıcı görünmür. Aydındır ki, Rusiyanın tıxanıb qaldığı ciddi əngəllər var. Bəs bu əngəllər nələrdir? Rusiyanın bu tıxanıqlığından istifadə edən Ukrayna onu öz ölkəsindən qova bilərmi?

 

Böyük Britaniyanın “Sky News” nəşrinə açıqlama verən ingilis professorların fikirləri, zənnimizcə, bu suala aydınlıq gətirir. Aktuallığını nəzərə alıb məqaləni Ovqat.com oxucularına təqdim edirik.

 

Fevralın 24-də Rusiya qoşunlarının Ukraynaya hücum etməsindən 6 ay keçir. Müharibənin altıncı ayına qədəm qoyan bu tarix Ukraynanın Sovet İttifaqından ayrılmasının 31-ci ildönümü olan Müstəqillik Gününə təsadüf etdi. Müharibənin gələcəyi ilə bağlı gözlənilən ssenarilər, xüsusən də münaqişənin güclənməsi və Rusiyanın qurudan, havadan və dənizdən daha şiddətli hücumlara başlayacağı qorxusu ilə hələ də xeyli qarışıqdır.

 

“Müharibənin gedişatı Ukraynanın xeyrinə dönməyə başlayır”, – bəzi ekspertlər Sky News-a açıqlamalarında belə deyirlər.

 

Lakin Ukraynanın qələbəsi bir sıra əsas amillərdən, o cümlədən Qərbin nə qədər müddətə dəstək verməyə hazır olmasından və ordunun qış başlamazdan əvvəl kifayət qədər qazanc əldə edə biləcəyindən asılı olacaq.

 

Sözügedən təhlilə görə, Ukraynada qarşıdakı aylarda gözlənilən müharibə ssenariləri bunlardır:

 

Yeni ildən əvvəl Ukraynanın uğuru çox vacibdir

 

Rusiya son altı ayda Kiyevi ələ keçirmək məqsədi daşıyan şiddətli hücumlardan sonra ölkənin şərqindəki Donbass, cənubdakı Mariupol və Xerson şəhərlərinə diqqəti yönəldib. Bu bölgələr dəhşətli itkilər versələr də, ruslar tam nəzarəti ələ ala bilmədilər. Mariupolun çox hissəsinin dağıdılması ilə ukraynalılar işğalçıları geri püskürtmək və Krım yarımadasına girişi əngəlləmək üçün ruslar tərəfindən ələ keçirilmiş yeganə böyük şəhər olan Xersona diqqət yetirməyə başladılar.

 

Hərbi analitik və müdafiə araşdırma mərkəzi RUSI-nin keçmiş baş direktoru professor Maykl Klark bunugeniş ərazi müharibəsi” kimi təsvir edərək, bildirir:

 

“Ukraynanın müharibənin üçüncü mərhələsinə daxil olması təəssüratı yaranıb. O, birinci mərhələdən sağ çıxa bildi və Rusiya tərəfindən işğal olunmadı. İkinci mərhələdə o, rusların hücumları qarşısında mətanət göstərdi. Üçüncü mərhələyə gəlincə, Ukrayna Qərbin köməyi ilə Rusiya qüvvələrini cənub-qərbə çəkilməyə məcbur etməyə çalışır”.

 

 

Professor Klarkın fikrincə, Ukraynanın Rusiya üzərində qələbəsi mümkündür, amma bu uğur bir sıra amillərdən asılıdır:

 

“Ukraynalıların etməyə çalışdıqları çox iddialı və ruslardan daha böyük mühasirədir. Müharibənin alovu Ukraynanın xeyrinə dönməyə başladı. Lakin Kiyevin qələbəsi bir çox əsas amillərdən asılıdır, məsələn, Qərbin davamlı dəstəyi, Rusiyanın hələ də qoşun toplamaqda çətinlik çəkməsi və Ukraynanın müdafiədən hücuma uğurla keçə bilməsi”.

 

Sürətlə yaxınlaşan qışın və qlobal iqtisadi müharibə yükünün Ukrayna qüvvələrinə təzyiqi artıracağını deyən professor fikirlərini belə əsaslandırıb:

 

“Dekabr-mart ayları çox soyuq olacaq. Əgər ukraynalılar hazırda yeni hücumlarda müəyyən uğur qazana bilməsələr, gələn ilə qədər də bunu bacarmayacaqlar. Onlara böyük təzyiqlər var ki, Qərb tərəfdaşlarına irəliləməyə başladıqlarını göstərsinlər. Çünki Qərb Ukraynanın uduzacağı qənaətinə varsa, ona silah tədarükünü dayandıracaq”.

 

Digər mütəxəssislərin fikrincə isə, hazırda Qərbin Ukraynanı birbaşa Rusiya təchizat xətlərinə və hətta Rusiya ərazisinə hücum edə bilən raketlərlə təchiz etdiyi bir vaxtda Moskvanın onunla ayaqlaşa bilməsi üçün daha çox əsgərə ehtiyacı var.

 

Birmingem Universitetinin Rusiya xarici siyasəti üzrə fəlsəfə doktoru Yaroslava Barbieri Sky News-a deyib:

 

“Rusiya silahlı qüvvələrinin əhval-ruhiyyəsi aşağıdır. Onlar heç bir əhəmiyyətli taktiki irəliləyiş əldə edə bilmədilər və bu, qarşıdakı aylarda da eynilə davam edəcək. Ukrayna 18-60 yaş arası bütün kişiləri hərbi xidmətə çağırsa da, Rusiya prezidenti Vladimir Putinin Rusiyanın müharibədə olduğunu inkar etməsi onun da imkanlarını məhdudlaşdırır. Müharibəni “xüsusi hərbi əməliyyat” adlandırmağın Kreml üçün mənfi cəhətləri var. Kreml regional səviyyədə qoşun yığmağa çalışırlar, lakin belə döyüşçülərin sayları lazımi səviyyədə deyil”.

 

Professor Klark isə bildirib ki, bəzi rus gəncləri heç bir silah təlimi almadan cəbhə bölgəsinə göndərilir və potensial yeni əsgərlərin tam təlim keçməsi üçün aylar lazım olacaq: “Yeni insanların yetişdirilməsi ən azı dörd-beş ay çəkəcək. Bu o deməkdir ki, Kreml gələn ilə qədər onların sayını artıra bilməyəcək”.

 

Putin tezliklə siyasi qələbəsini elan etməyə çalışacaq

 

Müharibə nə qədər uzun sürərsə, Rusiya iqtisadiyyatına təsiri bir o qədər pis olacaq. Edinburq Universitetinin siyasət professoru Luke March belə fikirləşir:

 

“Bu o deməkdir ki, Kreml qarşıdakı həftələrdə və ya aylarda “bir növ qələbə elan etməlidir”. Zaman Putinin tərəfində deyil. Putinin bu qələbənin nə olduğu ilə bağlı müəyyən çevikliyi var, çünki mediaya o, nəzarət edir, istənilən köhnə hekayələr uydura bilər və bunun inandırıcı olub-olmamasının əhəmiyyəti yoxdur. Amma ən çox ehtimal olunan variant Ukraynanın işğal olunmuş ərazilərdə Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendum keçirməyə çalışmasıdır. Siyasi məqsədinə çatmaq üçün Donetsk, Luqansk, Xerson və Zaporojyedə referendum keçirməyə cəhd edəcək. Hər şey saxtalaşdırılacaq, amma meydanda çox narahatlıq yaratmadan onlardan heç olmasa birini həyata keçirməyi bacarsa, bu, Putinin iddia edə biləcəyi qələbə olacaq”.

 

 

Zaman keçdikcə Rusiya lideri üzərində daxili təzyiqlərin artdığını qeyd edən professor Marchın fikrincə Putin hazırda çox tənhadır və heç kim ona pis xəbər çatdırmağa cəsarət etmir. “Ancaq təzyiqlər artdıqca, Kremldə daxili münaqişələr olacaq və siz insanların işdən çıxarıldığını və ya vəzifəsinin aşağı salındığını görəcəksiniz”, - o deyib.

 

Lakin o, əlavə edib ki, Putinə qarşı “kütləvi müqavimət hərəkatı” təşkil etmək çətin ki, baş tuta.

 

Qərb Ukraynanı silahlandırmağa davam edəcəkmi?

 

Bu qış Britaniyanı təhdid edən yaşayış böhranı və bir çox mübarizə aparan ölkələrin müharibənin səbəb olduğu qiymət artımı ilə mübarizə apardığı bir vaxtda, bir çoxları Ukraynanın Qərbdəki müttəfiqlərinin ona silah göndərməyə davam edə biləcəyini sual altına alırlar.

 

Professor Klark bu mövzuda fikirlərini belə ifadə edib:

 

“Böyük Britaniya və ABŞ üçün bu, siyasi iradə məsələsi yox, sadəcə potensial məsələsidir. Söhbət onların fiziki olaraq bunu bacarıb-bacarmamalarından gedir. Hazırda silah istehsalçıları kifayət qədər istehsal edə bilmirlər. İngiltərə onlara asanlıqla verə biləcəyi hər şeyi artıq verib. Lakin Qərb dünyası özünü sorğulamaq ərəfəsindədir ki, bu müharibə onlara lazımdırmı?

 

Almaniya və Macarıstan kimi Rusiya enerjisindən daha çox asılı olan ölkələr üçün sanksiya yükünün tezliklə çox ağır ola biləcəyini vurğulayan professor Klark, “Siyasi baxımdan onların hamısı tərəddüd etməyə başlayıb və sanksiyalar bitdikdən sonra da tərəddüdlər davam edəcək. Putinin də istədiyi budur. Yəni qaz təchizatı və qiyməti ilə bağlı kifayət qədər güclü oyun oynamaq istəyir ki, bu ölkələr Ukraynanı dəstəkləməkdən əl çəksinlər”.

 




Ana səhifəyə qayıt        Baxış: 6 086          Tarix: 25-08-2022, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma