Nazim Əkbərov,
Pedaqoq-yazar
Bu həm də bir məşhur filmimizin adıdır. Amma bu ifadə daha çox yaxın keçmişimizdə toy mərasimlərinin finalı hesab edilən “Duvaqqapma” günü deyilirdi. Toy gecəsinin ertəsi günü gəlini gətirib altına yanar çıraq qoyulmuş stula oturdardular. Yengə gəlinin başindakı qırmızı duvağı (bu günkü fata) əlindəki çubuqlarla (?) bir-bir qaldırıb qatlayır, gəlini mədh edən sozlərdən sonra bu beyt oxunardı:
“Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin!”
Bundan sonra bir oğlan uşağı duvağı qapıb qaçar, hədiyyə aldıqdan sonra geri verərdi.
Oğlan uşağının duvağı qapmasının əlbəttə, simvolik mənası vardı - gəlindən oğlan uşağı doğması təmənna edilirdi.
Bu bir təmənna idi: yeddi oğul istərəm, bircə dənə qız, gəlin!
“Yeddi oğul istərəm” filmində bu beyti komsomolçulardan biri deyir.
Niyə yeddi oğul, bir qız? Folklorumuzdakı bu Allahdan təmənna cahiliyyə dövrünün əxlaqının qalıqları deyildirmi?
Bu sual barədə hələ tələbə olarkən, 50 ildən artıq bir zaman içərisində düşünmüşəm, bu gün də düşünürəm.
Yeddi oğul istərəm, bircə dənə qız, gəlin!
Güya gəlin özü müəyyən edir bətninə düşən uşağın qız və ya oğlan olacağını?!
Bundan sonra da doqquz ay oğlan gözləyirdilər və... Vay o günə ki, gəlin qız doğaydı. Qaynananın, baldızların fıs-tısı, onların bu hərəkətindən pərt olan oğlanın qaş-qabağı, dostların, qohumların yənəli təskinləşdirici sözləri – “Ürəyini sıxma, gələn dəfə oğlun olar...”
Qadın tanıyıram ki, oğlan həsrəti ilə 5-6 qız doğub. Buradan Qızbəsti, Qızyetər, Qızqayıt kimi qız adları törəyib.
Bu günkü nəsil uşağın cinsini ana bətnində müəyyən edə bilir. Təəssüf ki, eynilə cahiliyyə dövründəki kimi qız övladını hələ ana bətnindəcə tələf edənlər, doğub doğum evinə qoyub çıxanlar da olur.
Bütün bunlar ondan törəyir ki, bizdə ailə əxlaqı nə ailədə, nə məktəbdə öyrədilmir. Ailədə Allah inancı olmayınca, yaxud bu inanc zəif olduqda insan insanlıqdan çıxır, vəhşi heyvandan belə daha qəddar, yırtıcı, zalım olur, Allahın verdiyi övlada görə şukr etmək yerinə nankorluq edilir.
Bizim bilgimiz məhduddur. Gələcəkdə, məsələn, 20, 30, 40, 50 il sonra bizim həyatımız necə olacaq? Biz kimlərin yardımına möhtac olacağıq, qızlarımızınmı, oglanlarımızınmı, bilmirik.
Amma Allah bilir. Allah (cc) bizdən fərqli olaraq bizi bizdən yaxşı bilir, keçmişi də, gələcəyi də eyni anda görür, eşidir, bilir. Buna görə kimə hansı cinsdən övlad verəcəyini də bilir və ona görə verir.
Biz bu günlə yaşadığımız, həyatımızı başqalarının baxışına görə tənzim etməyə meyilli olduğumuz üçün çox vaxt Allahın bu feillərini unuduruq, ön plana nəfsimizi çıxarırıq.
Qırx gün əvvəl bir yaxın qohumum uzun sürən xəstəlikdən sonra vəfat etdi. Rəhmətlik tam yeddi il iflic vəziyyətdə, özünü idarə etmək bir yana, danışmaq, eşitmək, anlamaq kimi hislərdən və duyğulardan belə məhrum halda yaşadı. Amma... Başda həyat yoldaşı olmaqla üc qızı bu yeddi ildə sanki dibcəkdə bir çiçəyə qulluq edirmiş kimi bu xəstəyə son nəfəsinədək qulluq etdilər. Həm də necə etdilər!
Etiraf edirəm ki, mən bu qədər uzun ömrüm boyu ərə, ataya belə bir xidmət, qulluq görməmişəm. Təkcə mən deyil, bu ailəyə gedib gələn, yeddi il ərzində xəstəyə baş çəkən hər kəs eyni fikirdədir. Evdə xəstəxana şəraiti qurdular, atalarını tərtəmiz, gül kimi saxladılar. Yanaqlarından öpüşü əskik etmədilər.
Bir gün gəldi, Allahın bu adam üçün müəyyən etdiyi dünya həyatı başa çatdı və adam bu dünyadan getdi.
“Allahdan gəlmisiniz, yenə Ona dönəcəksiniz.”
“Bütün nəfslər ölümü dadacaqdır.”
Təcili yardımdan gələn həkimə bu qızların necə yalvardıqlarını bir eşitsəydiniz, görsəydiniz! “Həkim, həkim, atamızı ölməyə qoyma. Heç olmazsa, 1-2 gün də yaşasın!..”
Təsəvvür edirsiniz? Yeddi il, üstəlik, son ayları komada olan bu ataya körpə uşağa baxar kimi, ustəlik, müalicəsini bir gün belə dayandırmayan övladlar, qızlar onlar üçün çox zəhmətli, az qala öz ailələrini itirmək bahasına belə, başa gələ biləcək bu xəstə ataya qulluqdan bezməmişdilər, onu itirmək istəmirdilər, “Daha yorulduq,” demirdilər.
Bilmirəm, mən belə bir ağırlığın altından qalxa bilərdimmi?
Bilmirəm, bu atanın üç qızının yerinə yeddi oğlu olsaydı, onlar bu üç qızın gostərdikləri fədakarlığı göstərə bilərdilərmi?
Yeddi oğul istərəm...
Ey valideyn əziyyətinə qatlana bilməyən, müvəqqəti, keçib gedici əziyyətdən bezən, usanan ovladlar!
Ey “Heyif, oğlum yox, qızım olacaq,” deyə Allaha qarşı nankorluq edən insan!
Ey, “Yeddi oğul istərəm, bircə dənə qız, gəlin!” deyib Allahdan xeyirli övlad istəməyi unudan yengə!
Allah nə verirsə, bilərək verir. Kaş Ona haqqı ilə şükr edə bilsək!..
Paylaş: