Xəbər lenti


 

Dünən Rusiyanın Ukraynadakı elektrik təchizatı obyektlərinə endirdiyi raket zərbələri qarşı tərəfi işıqsız qoysa da, hərbi baxımdan çox ciddi bir müəmmaya da aydınlıq gətirdi. Məlum oldu ki, Rusiyanın ən etibarlı silahları belə sabun köpüyündən başqa bir şey deyilmiş.

 

Ovqat.com-un məlumatına görə, Rusiya Ukrayna ilə müharibəyə başlamamışdan çox-çox əvvəl özünün səsdəniti raketləri ilə öyünürdü. 

 

Hələ 2018-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin Federal Məclisdə 2 saata yaxın çıxışı ilə bütün dünyanın ürəyini ağzına gətirmişdi. O öz çıxışında ölkəsinin son dövrdə bir sıra qabaqcıl texnologiyalı silah sistemləri inkişaf etdirdiyini bildirmiş və bu silahların ABŞ-ın bütün imkan və qabiliyyətlərini sıfıra endirdiyini deyərək, Vaşinqtonun bundan sonra Moskvayla hesablaşmaq məcburiyyətində qalacağını vurğulamışdı:

 

 "Rusiyanın balistik raket müqaviləsindən geri çəkilməmək üçün ABŞ-a etdiyi çağırışlarına, sərhədlərinə yaxın Avropa ölkələrinə raket əleyhinə yerləşdirilməməsi tələblərinə məhəl qoyulsaydı, Rusiyanın bu silahlara ihtiyacı olmazdı. Heç kim bizimlə problemin mahiyyəti barədə müzakirə aparmadı. Heç kim bizi dinləmədi. Bundan sonra isə bizə qulaq asacaqsınız!”, -deyə Putin başda ABŞ olmaqla NATO ölkələrinə barmaq silkələmişdi.

 

Onun böyük övgü ilə bəhs etdiyi silahlardan biri müasir rus X-101 qanadlı raketi idi. Həmin raketin korpusuna yerləşdirilə bilən kiçik ölçülü güclü enerji qurğusunun yaradıldığını bəyan edən Putin bildirmişdi ki, yeni texnologiya raketin uçuş məsafəsini on dəfə daha çox uzadacaq, bu da faktiki olaraq limitsiz məsafə deməkdir. Putinin sözlərinə görə, qeyri-məhdud məsafəyə nüvə döyüş başlığı daşıyan, aşağıdan uçan, azgörünən qanadlı raket gözlənilməz trayektoriya ilə uçaraq mövcud və perspektiv HHM və RƏM sistemlərini yarmaq imkanına malikdir.


Rusiya prezidentinin qüdrəti ilə öyündüyü digər raket isə “Kalibr” idi. Putin iddia etmişdi ki, bu raketlərin sürəti səsdən 2-3 dəfə iti olduğundan onu göydə təsbit edib vurmaq imkansızdır. 

 

Dünənki hücumlarda isə Rusiyanın bu arqumenti tamamilə alt-üst oldu. Belə ki, Rusiyanın dünən Ukraynadakı hədəflərinə 11 raket atdığı bildirilir. Onlardan ən azı 5-i X-101, 3-ü isə “Kalibr” raketləri olub. Digər iki raketin tipi isə müəyyənləşdirilməyib. Atılan raketlərin yalnız 2-si hədəfə dəyib. Bu isə cəmi 9%-lik isabət nisbəti deməkdir. Hədəfə dəyənlər isə “X-101” raketləri olub. Belə anlaşılır ki, Putinin böyük bəh-bəhlə təqdim edib yerə-göyə sığdırmadığı “Kalibr” raketləri 100% “fərsiz” çıxıb.

 

Ən yaxşı halda 40%-i hədəfə dəyən “X-101”-lərinə gəlincə, bu raketlər səsdəniti olmasalar da, bir sıra özəllikləri, o cümlədən radara yaxalanmamaq qabiliyyətləri ilə “Kalibr”lərdən geri qalmırlar. Üstəlik, onlara yerləşdirilən xüsusi cihazlar X-101-lərə dünya ətrafında istədiyi qədər dövr etmək imkanı qazandırır. Ən azından, Putinin 2018-ci ildə bütün bəşəriyyətin gözünə baxa-baxa səsləndirdiyi nağıllardan belə çıxırdı. Görünür, bu qeyri-adi keyfiyyətinə görə, “X-101”-lər “Kalibr”lərdən 2 dəfə bahalıdırlar. “Kalibr” raketlərinin qiyməti 6.5 milyon dollardırsa, “X-101”-lər  silah bazarında 13 milyon dollara təklif olunur. Bütün bu özəlliklərinə baxmayaraq, “X-101” raketinin dünənki atışlarda cəmi 40% başarılıq göstərməsi rus silahlarının üfürülmüş şar olduğunu bir daha təsdiqləyir.

 

Dünənki raket zərbələri Rusiyanın Ukrayna və Suriyada indiyədək ortaya qoyduğu performansı incələyən ABŞ hərbi ekspetlərinin iddialarına da haqq qazandırır. Belə ki, Pentaqona bağlı hərbi ekspertlər rus silahlarının başarı qabiliyyətini 40% nisbətində dəyərləndirirdilər. Böyük Britaniyanın Reuters xəbər agentliyinə açıqlama verən ABŞ mütəxəssislərinin məlumatına görə, Rusiyanın Ukraynaya atdığı idarə olunan raketlərin 60%-ə qədəri hədəflərini vura bilməyib. Mənbənin fikrincə, 20%-dən yuxarı uğursuzluq "yüksək səviyyəli” uğursuzluq  sayılır.

 

Rusiyanın isə son hücumdakı performansı 10%-i belə keçməyib.

 Heydər Oğuz,

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 7 266          Tarix: 12-09-2022, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma