Xəbər lenti


Son zamanlar ABŞ-ın yüksək vəzifəli rəsmilərinin Ermənistana səfərləri İranın da diqqət mərkəzindədir.

Qeyd edək ki, ABŞ-dan Ermənistana ilk belə səfər iyulun ortasında baş tutdu. 16 iyulda Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin rəhbərliyi altında nümayəndə heyəti qəfildən İrəvanda peyda oldu və bu məxfi səfərdən heç Ermənistan DTX-sı xəbər tutmamışdı. Ardınca da sentyabrın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker regiona səfərinə Ermənistandan start verdi. Üzərindən 1 həftə keçməmiş ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi xüsusi missiya ilə Ermənistana gəldi. 

Maraqlıdır ki, ölkəmizin öz ərazilərini işğaldan azad etməsi qədər məsum niyyətinə  «qırmızı cizgisinin» tapdalanması kimi baxan, Qarabağdakı camış fermalarında yəhudi izi axtaran və bizi «şir quyruğu» ilə hədələyən İran rəsmiləri nədənsə Ermənistan-ABŞ yaxınlaşmasına cınqırlarını belə çıxarmır. Baxmayaraq ki, İran mediasının özü belə, Pelosinin bu səfərinin Ermənistanı regiondan ayırıb Qərbin quyruğuna bağlamaq cəhdi olduğuna inanır. 


İranın əksər media orqanlarının fikrincə, Amerika rəsmilərinin ard-arda İrəvana səfəri onu göstərir ki, Ermənistan artıq Rusiyadan üz döndərir. «Çünki İrəvan Rusiyanın Ermənistana açıq dəstək vermədiyi qənaətindədir. Nikol Paşanyanın KTMT-dən yardım istəməsinin cavabsız qalması çox vacib məsələlərdən biridir. Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Paşinyanın iştirak etməməsi isə Ermənistanın artıq hansı blokda olacağını göstərir», - SEPAH-a yaxınlığı ilə seçilən bir mətbuat orqanı bu qənaətdədir.

Bütün bunlara baxmayaraq, İranın ən yaxın müttəfiqinin «ən böyük düşməni» ilə  qol-boyun olmasına hələ də rəsmi Tehrandan heç bir reaksiya gəlməyib. Bu da əsl həqiqətdə kimin «böyük şeytanın» dostu olduğuna ən yaxşı dəlildir.

Bəs, İran rəsmilərinin Pelosinin bu səfərinə bu qədər laqeyd qalmasına nə səbəb ola bilər?


Bu əlbəttə, Pelosinin turist olaraq və ya nəzakət ziyarəti üçün İrəvana gəlməsindən qaynaqlanmır. Nədən ki, Pelosi ABŞ-da aralıq seçkiləri keçirildiyi bir zamanda mənasız səfərlərə vaxt ayıracaq qədər sadəlövh konqresmenlərdən deyil. Sözsüz ki, səfərin başlıca məqsədlərindən biri də elə sözügedən seçkilərlə bağlıdır. Qocalıqdan nə etdiyini və danışdığını bilməyən, Rusiya ilə bağlı verdiyi yalnış strateji qərarlarla təkcə ABŞ-da deyil, həm də bütün dünyada ciddi iqtisadi, hərbi, sosial böhranlara yol açan Co Bayden getdikcə nüfuzunu itirir. Son bir neçə ay ərzində ABŞ seçicilər arasında aparılan rəy sorğuları da bunu təsdiqləyır. Harvard CAPS-Harris Poll tərəfindən mart ayının 23-24-də keçirilən rəy sorğusunun nəticələrinə görə, Respublikaçılar partiyasının mümkün namizədi Donald Tramp, demokratların nümayəndəsi Co Baydeni 6% səs çoxluğu ilə qabaqlayıb: 47% - Tramp, 41% - Bayden. Eyni təşkilatın 2 iyulda açıqladığı rəy sorğusunun nəticələri isə demokratlar üçün daha arzuolunmaz idi. Respondentlərin 71%-i Baydeni gələcək seçkilərdə namizəd kimi görmək istəmədiklərini, 45%-i isə onun «pis prezident» olduğunu bildirmişdi. Maraqlıdır ki, rəyi öyrənilən Demokrat partiyası tərəfdarlarının belə, cəmi 30%-i Baydenə səs verəcəklərini bildirmişdilər.


ABŞ-da növbəti seçkilər 2024-cü ilin noyabrında keçiriləcək. Odur ki, bir çoxlarımız Baydenin o vaxtadək nüfuzunu bərpa edəcəyini düşünə bilər. Əslində isə hər şey düşündüyümüzdən tamamən fərqlidir. Zira ABŞ-da prezidenti müəyyənləşdirən səsvermə yalnız son seçkilər deyil. Ölkə qanunvericiliyinə görə, prezidentə mandatı birbaşa xalq yox, onun seçdiyi nümayəndələr verir. Nümayəndələrin 1/3-i isə bu il noyabrın 8-də keçiriləcək ara seçkilərdə ortaya çıxacaq. Getdikcə nüfuzunu itirən və yol açdığı qlobal böhrana görə bundan sonra da eyni mənfi trendi davam etdirəcəyi gözlənilən Demokratlar ara seçkilərinə ciddi hazırlaşmalıdırlar. Üstəlik, ara seçkilərdə iştirak edəcək ştatlardan biri də Kaliforniyadır. Kaliforniyada isə çoxlu erməni seçici var. Bu mənada Nensi Pelosinin İrəvan səfərinin ən önəmli səbəblərindən biri ermənilərin səsini qazanmaqdır.

Bəs Pelosinin bu təşəbbüsü Demokratları ağır məğlubiyyətdən xilas edə bilərmi? 

Bu suala müsbət cavab vermək mümkün deyil. Məsələ burasındadır ki, Demokratlar erməni və yunan lobbilərinin səsini qazanmaq üçün Türkiyə və Azərbaycana düşmən kəsildiyi kimi, onlardan daha güclü olan yəhudi lobbisi də istər-istəməz Respublikaçıları dəstəkləyir. Xüsusilə  İranla bağlanan nüvə sazişinin Donald Trampın dövründə ləğv olunması, Co Baydenin zamanında isə onun yenidən bərpasına çalışmaq danışıqlarının aparılması yəhudi lobbisini öz səfini müəyyənləşdirməyə vadar edir. İndidən bu lobbinin açıq şəkildə Trampı dəstəkləyəcəyinə şübhə yoxdur. 


Ən əsası isə, Ukrayna-Rusiya müharibəsindən həm Avropa, həm də ABŞ vətəndaşları yorulub. Qarşıdan gələn qış aylarında dünya xalqlarının daha ağır mərumiyyətlərlə qarşılaşacağı sirr deyil. Bayden hakimiyyətinin dünya dövlətlərinə balanslı yanaşmaması, onları demokrat və qeyri-demokratlara ayırması istər-istəməz dünyada yeni qütblərin yaranmasını şərtləndirir. Son zamanlar ABŞ-ın yanlış siyasəti nəticəsində Türkiyə kimi önəmli müttəfiqin və Cənubi Qafqazın ən güclü dövləti Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına meyllənməsi də bunun bariz sübutudur. Baydenin özündən küsdürdüyü dövlətlərin əks səflərdə yer tutması ilə ABŞ-ın dünya siyasətindəki «ağsaqqallıq» mövqeyi də laxlayır. Bu da təbii ki, ABŞ-ı qlobal dünyadan uzaq salır və nəticədə «öncə Amerika» şüarını əldə rəhbər tutan Respublikaçıların işə yarayır, nüfuzunu artırır. 

Məsələyə bu aspektdən yanaşanda İranın da mövqeyini anlamaq mümkündür. Tehran ona qarşı daha radikal siyasəti ilə seçilən Respublikaçıların hakimiyyətə gəlməsindənsə Demokratların hakimiyyətdə qalmasında maraqlıdır. Bu baxımdan Pelosinin Ermənistanda nüfuz qazanaraq ABŞ-da seçki marafonuna qatılması Tehranın da maraqlarına cavab verir. Görünür, bu geosiyasi maraqlar molla rejimini «böyük şeytan» adlandırdığı ABŞ-ın indiki hökuməti ilə dosta çevirir.

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 183          Tarix: 18-09-2022, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma