Xəbər lenti


Taciklərlə Qırqızlar da əslində Zəngəzur dəhlizi uğrunda vuruşurlar.


Necə? Bunu izah etməyə çalışım.


Məlumdur ki, Zəngəzur dəhlizi Çindən Avropaya qədər uzanan “Bir kəmər, Bir Yol” layihəsinin Orta dəhliz marşrutunun önəmli keçid nöqtələrindən biridir. Orta Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, burdan isə Gürcüstan (Ermənistan) və Türkiyəni keçərək  Avropaya açılan dəhlizin ikisi Orta Asiyada, ikisi Cənubi Qafqazda olmaqla 4 fərqli güzargahı var. Cənubi Qafqazdakı güzargahlarından biri Gürcüstan üzərindən keçir və o xətt hazırda fəaliyyətdədir. Digəri isə, təbii ki, Zəngəzur dəhlizidir və hazırda onun uğrunda amansız döyüşlər gedir. 


Dünya güclərinin xüsusilə Zəngəzur dəhlizi üzərində dayanması səbəbsiz deyil. Bu güzərgah digər alternativdən - Gürcüstan üzərindən nəql yolundan 300 km qısadır. Əlbəttə ki, qısalıq Zəngəzur dəhlizini daha rentabelli hala gətirir. Digər tərəfdən beynəlxalq güc mərkəzləri Orta dəhlizin Rusiyanı yan keçərək ərsəyə gətirilməsində maraqlıdırlar. Gürcüstan üzərindən marşrutun isə bu məsələdə xeyli dezavantajlı tərəfləri var. 


ƏvvəlaMoskva bu dəhliz üzərində təhdid yaratmaq üçün hələ 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsini ələ keçirib və nəql yolunun yanında öz qoşunlarını yerləşdirib. 


İkincisi, Gürcüstan Rusiya ilə qonşudur. Ermənistanın isə Rusiya ilə heç bir sərhədi yoxdur. Rus qoşunları Ermənistandan çıxarılacağı təqdirdə Moskvanın bu dəhlizə birbaşa müdaxilə imkanları da qalmayacaq. Bunun üçün Rusiya gərək ya Azərbaycanı, ya da Gürcüstanı işğal edə. Bu, isə təbii ki, Zəngəzur dəhlizinə rus müdaxiləsini xeyli çətinləşdirir.


“Bir Kəmər, Bir Yol” layihəsinin Orta Asiya ayağına gəlincə, yollardan biri Çindən Qazaxıstana və Xəzər dənizi vasitəsilə Azərbaycana uzanır. Bu yol daha təhlükəsiz olsa da, xeyli uzundur. Ən qısa yol isə həmin xəttin Qırğızıstana, ordan Özbəkistan-Türkmənistan-Xəzər dənizi vasitəsi ilə Azərbaycana çıxmasıdır. Hazırda taciklərlə qırğızların savaşdığı region da məhz həmin marşrutun üzərində yerləşir.


Bu gün Çin nə qədər Rusiyanın yanında kimi görsənsə də, əslində həmin iki “müttəfiq” arasında Orta dəhliz uğrunda gizli döyüşlər gedir. Yadınızdadırsa, Ukrayna savaşından əvvəl Qazaxıstanın Xəzər dənizi sahillərində üsyan çıxmış və Rusiya KTMT-ın yardım missiyası adı altında sözügedən ölkəyə girmişdi. Az sonra Çinin tələbləri ilə Rusiya ordan çıxdı və bu ilin iyul ayında Özbəkistanın Qaraqalpaqıstan muxtar vilayətində “milli azadlıq” hərəkatı baş qaldırdı. Əslində bu hərəkatın da əsas məqsədi həm Özbəkistanı, həm də Qazaxıstanı qarşı-qarşıya gətirmək və bu marşrutu keçilməz etmək idi. Şükür Allaha ki, Türkiyə və bəzi Avropa ölkələrinin tövsiyələri ilə iki Orta Asiyanın iki qardaş ölkəsi bu təribata getmədi. Ardınca da Ukrayna böhranı çıxdı və Rusiyanın başı qərb sərhədlərinə qarışdı. Bununla belə, Qazaxıstanı qarışdırmaq kartı hələ Rusiyanın əlindədir və bu ölkədə yaşayan etnik ruslarla da həmin planı həyata keçirmək olar.


Qırğızıstan-Tacikistan böhranı da məhz Orta dəhlizin ən yaxın güzərgahını keçilməz vəziyyətə gətirmək üçün çıxarıla bilər. Bildiyimiz kimi, hadisələrin cərəyan etdiyi Oş, Batken vilayətləri haqqında danışdığımız marşrutun üzərində yerləşir. 


Hadisələrin zamanlaması da maraqlıdır. Belə ki, avqustun 18-də Bişkekdə Çinlə Qırğızıstan arasında mühüm bir sənəd imzalandı. Sənəd Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin texniki-iqtisadi smetası ilə bağlı protokol idi. Qırğızıstan hökumətinin açıqlamasına görə, protokol bu ölkənin Nazirlər Kabinetinin sədri Akikbek Caparov ilə Çinin Baş nazir Li Keçyanqın məktubunu gətirən Bişkekdəki səfiri Du Deven tərəfindən imzalanıb. Caparov protokolla bağlı açıqlamasında layihənin həyata keçməsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğuna toxunaraq deyib: "Ümid edirik ki, layihənin aktiv mərhələsi tezliklə başlayacaq". 


Əslində bu layihə ətrafında müzakirələr yeni başlamayıb. Orta Asiya ölkələri müstəqillik əldə etdikdən sonra gündəmə gələn layihə Qırğızıstanda marşrutun və dəmir yolu xəttinin genişliyinə görə ləngiyirdi. Belə anlaşılır ki, Çinlə Qırğızıstan nəhayət  bütün maneələri aşaraq ortaq məxrəcə gələ biliblər. Qırğızıstanda dəmir yollarının genişliyinin dünya standartlarına uyğunlaşdırılması «Bir yol, Bir Kəmər» layihəsindəki Fərqanə əngəlinin də aşılması deməkdir. Zənnimizcə, bunu etmək Çin üçün o qədər də çətin məsələ deyil. Çətin məsələ Rusiyanın bu layihəyə münasibətidir. Zira Rusiyanı yan keçən «Bir Yol, Bir Kəmər» layihəsinin həyata keçirilməsini Orta Asiyanı tamamən itirməsi kimi qiymətləndirən Moskva bu təşəbbüsə isti baxmır.


Təsadüfi deyil ki, Çinlə Qırğızıstanın niyyət protokolu imzalamasından dərhal sonra Rusiyanın Orta Asiyaya basdırdığı «minalar» işə düşdü. Taciklər Qırğızıstanın içindəki Verux anklavı ilə öz ölkələri arasındakı bölgə uğrunda döyüşə başladılar. Nəticədə iğtişaşlar, hərbi gərginliklər baş alıb getdi. 


Beləcə, biz də axtardığımız sualın əsl cavabına gəlib çıxdıq. Bütün deyilənləri nəzərdən keçirəndə qırğız qardaşlarımızın da eynilə bizim kimi eyni marşrut uğrunda savaşdığı qənaəti ortaya çıxır.

Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 10 474          Tarix: 22-09-2022, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma