Xəbər lenti



Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.


Ovqat.com-un məlumatına görə, telefon danışığı sentyabrın 27-də Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlarından dərhal sonra baş tutub.


«Makron Azərbaycanlı həmkarını atəşkəs razılaşmasına hörmət etməyə və son bir neçə gündə baş verən toqquşmalarda çoxlu qurbanlar verdiyi bir vaxtda qüvvələri ilkin mövqelərində saxlamağa çağırışını bir daha təkrarlayıb. O, Ermənistanın ərazi bütövlüyünə hörmət tələbini də xatırladıb», - Yelisey sarayının mətbuat xidmətinin dünən yaydığı məlumatda deyilir.


Məlumatda həmçinin bildirilir ki, Makron Əliyevlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan bütün həlledici məsələlər üzrə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin həmkarını əmin edib ki, Fransa da öz növbəsində sülh prosesinə töhfə verə bilər.


Maraqlıdır ki, Fransa Prezidentinin məbuat xidməti Azərbaycan rəhbəri ilə bu cür «cəsarətli» danışığında hansı cavabı aldığını açıb-ağartmayıb. Halbuki, Makronun bu cür erməni havadarlığına Prezident İlham Əliyevin verəcəyi çox sərrast cavabları var və o, bir çox çıxışlarında bu məsələ ilə bağlı öz mövqeyini açıq-aşkar ifadə edib. Məsələn, erməni havadarlarının Azərbaycan Ordusunun guya erməni ərazilərinə girməsi fikrinə Prezident İlham Əliyevin konkret cavabı təxminən belə olub: «Delimitasiya olunmamış ərazilərdə kimin sərhədlərinin hardan başlandığını necə müəyyənləşdirmək olar? Bunun üçün ilk növbədə 1920-ci il və əvvəlki xəritələr ortaya qoyulmalı və ərazilərin koordinatları obyektiv şəkildə müəyyənləşdirilməlidir. Ermənistan isə nəinki bu fikrə müsbət cavab vermir, hətta Azərbaycanın  ərazi bütövlüyünü belə tanımır. Belə bir şəraitdə kimin ordusunun hansı mövqedə dayanmasını necə aydınlaşdırmaq olar?»


Təbii ki, mətbuata verdiyi müsahibələrdə bu mövqeyini açıq-aşkar dilə gətirən Prezident İlham Əliyevin fransız həmkarı Makronun boyunu aşan tələbləri qarşısında eyni fikirləri səsləndirməməsi mümkün deyil. Makronun telefon danışığının gedişatında «Nikol Paşinyanın bütün həlledici məsələlər üzrə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqlməsini» bildirməsi də İlham Əlyevin həmin arqumenti səsləndirməsindən, əvəzində isə yuxarıda təxmin etdiyimiz cavabı almasından xəbər verir. Bu isə zatən İlham Əliyevin gözlədiyi cavabdır.


Makronun boyunu aşan üslubla danışmasına layiqli cavab aldığını Prezident İlham Əliyevin mətbuat xidmətinin yaydığı məlumatdakı bəzi nüanslar da təsdiqləyir. Məlumatda deyilir:"Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.


Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar». Vəssəlam.

Göründüyü kimi, Azərbaycan tərəfinin yaydığı məlumatla Yelisey sarayının iddiaları bir-birindən əsaslı şəkildə fərqlənir. Yelisey sarayının guya Azərbaycan prezidentindən «qüvvələri ilkin mövqelərə geri çəkmək» və «Ermənistanın ərazi bütövlüyünə hörmət göstərmək»  tələb etməsi rəsmi Bakının yaydığı məlumatda yer almır. Bu isə onu göstərir ki, Makron ya ümumiyyətlə bu sözü deməyib, ya da ürəyində deyib, Prezident İlham Əliyev onun bu pıçıltısını eşitməyib. Üçüncü variant da ola bilər: Makron öz ermənipərəst mövqeyinə tutarlı cavab alıb və sonunda rəsmi Bakı ilə razılaşıb. Bundan sonra isə Paşinyanın danışıqlara hazır olduğunu Prezident İlham Əliyevin diqqətinə çatdırıb. İlham Əliyevin mətbuat xidməti isə bu danışıqların ayrıntısına girməyi məsləhət görmədiyindən onlar arasındakı dialoqun məğzi ictimailəşdirilməyib.


Xatırladaq ki, Paşinyan Fransa səfərindən əvvəl ABŞ-da idi və orda mühüm görüşlər keçirmişdi. Ardınca isə Parisə yollanıb Makronla görüşmüşdü. Görünür, Nyu-Yorkda öz giley-güzarına arzuladığı cavabı ala bilməyən erməni lideri eyni şikayəti canbir qardaşı Makrona daşıyıb. Makron isə öz əxlaqına uyğun şəkildə yekələnərək İlham Əliyevə zəng edib və layiqli cavabı alıb. 


Maraqlıdır ki, Paşinyan Parisdə özünə yeni havadar axtardığı bir zamanda ABŞ da boş durmayıb Azərbaycan-Ermənistan gərginliyini iki dövlətin nümayəndələri ilə masaya yatırıb. Azərbaycanı ABŞ-dakı görüşdə Prezidenti köməkçisi - PA-nın  Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ermənistanı isə Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan təmsil edib. İkili arasında moderatorluq etmək isə ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın öhdəsinə düşüb.


“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətini və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımları da müəyyənləşdirdik”, - Ceyk Sallivan görüşün yekunları barədə açıqlamasında bildirib.


ABŞ rəsmisinin bu açıqlaması onu göstərir ki, Azərbaycanla Ermənistan arasında gözlənilən danışıqların konturları artıq müəyyənləşdirib və dünən son görüşlərdən biri keçirilib. Belə çıxır ki, Paşinyan da məhz ABŞ səfərinin nəticələrindən razı qalmadığından dərhal Makronun qucağına qaçıb və ondan imdad istəyib. Makronun son ermənipərəst təşəbbüsü isə rəsmi Bakının güclü arqumenti qarşısında sabun köpüyü kimi partlayıb. 


Zənnimizcə, Paşinyan ABŞ-da önəmli görüşlər keçirdiyi bir zamanda Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın erməni dini və siyasi liderləri ilə 2 saatlıq danışıqlar apardıqdan sonra ölkənin İctimai TV-nə çıxaraq İrəvanın Azərbaycanla kaputilyasiya aktı bağlamağa məhkum olduğunu bildirməsi də təsadüfi deyil. O, həmin çıxışında demişdi ki, erməniləri «çətin, ağrılı və heç kimin ürəyincə olmayan qərarlar» gözləyir: «Azərbaycanla və Türkiyə ilə müqavilələr imzalanmalıdır». Ter-Petrosyanın fikrincə, bu gün Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, eyni və mümkündür ki, "bundan daha pis" şərtlərlə sənəd imzalamalı olacaq: «Nə həll olursa olsun, bizim üçün pis olacaq. Mən bu şəraitdə yeganə çıxış yolu görürəm: bütün bu pis həllərdən bizim üçün ən az ağrılı olanı seçmək».


Ter-Petrosyanın bu sözləri də təsdiqləyir ki, erməni yetkiləri bütün səylərinə rəğmən, beynəlxalq aləmdən aruzladıqları dəstəyi ala bilmirlər. Əksinə, əksər böyük güclər onlardan Azərbaycanın şərtləri ilə razılaşmağı tələb edir. Belə bir vəziyyətdə Nikol Paşinyanın Nyu-Yorkdan suyu süzülə-süzülə Parisə getməsi və Makronun son çarə olaraq İlham Əliyevə zəng etməsi başadüşüləndir.


Qeyd edək ki, mövcud beynəlxalq münasibətlər sahəsində ABŞ-la Fransanın ayrı-ayrı cəbhələrdə yer aldığı aydın sezilir. Təsadüfi deyil ki, bir neçə il əvvəl Makron ABŞ-ın beynəlxalq hərbi alyansı kimi çıxış edən NATO-nun artıq «beyin ölümü» keçirdiyini bildirmiş və Avropa İttifaqının öz ordusunu yaratmaq təklifini irəli sürmüşdü. Ötən il isə Fransa prezidenti bu asiliyinin bədəlini ağır ödəmişdi. ABŞ və Böyük Britaniya prezidentləri gizli şəkildə Avstraliya ilə bir araya gələrək, AUKUS adlı yeni təhlükəsizlik alyansı qurduqlarını bəyan etmiş, bununla da kifayətlənməyərək nüvə enerjili sualtı texnologiyasını paylaşacaqlarını açıqlamışdılar. 3 ölkənin imzaladıqları həmin saziş nəticəsində Fransanın NAVAL şirkətinin Avstraliya ilə bağladığı12 şərti sualtı qayığın inşasını ehtiva edən 56 milyard avroluq Hücum Sualtı Proqramı dayandırılmışdı. Dolayısıyla Fransa 56 milyard avro zərərə uğradılmışdı. Makron bu anlaşmanı sərt tənqid edərək «müttəfiqləri» tərəfindən arxadan bıçaqlandığını bildirmişdi.


Heydər Oğuz,

Ovqat.com







Ana səhifəyə qayıt        Baxış: 7 311          Tarix: 28-09-2022, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma