Xəbər lenti


Britaniya daxili siyasəti Brexitdən bəri ən gərgin günlərini yaşayırdı. Sentyabrın əvvəlində baş nazir kürsüsünü Boris Consondan Liz Trassa ötürən hakim Mühafizəkar Partiyası bununla da baltanı daşa vurdu. Uğursuz iqtisadi siyasətinə görə sərt tənqid olunan Trassın hətta, noyabra kimi baş nazir qalacağı belə qeyri-müəyyən idi. Artıq bəzi Mühafizəkar deputatların Boris Consonu baş nazirliyə geri qaytarmağı nəzərdən keçirdiyi də iddia olunur. Bununla belə, Mühafizəkar Partiya Trassı dəyişsə belə, növbədənkənar seçkilər ehtimalı da yüksələcək. 


Müxalifət cəbhəsi Mühafizəkar Partiyanın böhranı idarə edə bilmədiyini, bu səbəbdən 2025-ci ilin yanvarında keçirilməli olan seçkilərin gələn il keçirilməsini istəyir. Hazırda parlamentdə çoxluqda olan Mühafizəkar Partiyanın mövcud konyukturada erkən seçkidə məğlub olacağı isə dəqiqdir. Bununla belə, hazırkı böhran vəziyyətində Mühafizəkarların 2025-ci ilə kimi iqtidarda davam edə bilməsi də möcüzə olar. Havadan sudan səbəblərlə Boris Consonun “torbasını tikən” Mühafizəkarlar öz quyularını da qazmışa bənzəyir. 


Britaniyadakı kəskin iqtisadi və siyasi böhranın ölkənin xarici siyasətinə də yansıdığı hiss olunur. Xüsusilə, müharibənin əvvəlindən bəri Ukraynada baş rol oyunçusu kimi davranan Britaniyanın indilərdə nisbətən arxaplanda qaldığı görünür. Ada ölkənin qitədəki əsas rəqibi olan Fransanın da bugünlərdə xüsusilə aktivləşməsi diqqətdən yayınmır. Sözsüz ki, Fransaya qarşı soyuq münasibəti ilə seçilən ingilis mühafizəkarların Londonda iqtidar böhranı ilə üzləşməsi ən çox Parisi sevindirir. ABŞ demokratlarının da böyük xarici siyasət ambisiyaları olan Mühafizəkar Partiyanın zəifləməsindən məmnun olduğunu düşünürəm. 


Şərqə Baxış Analitik Mərkəz





Ana səhifəyə qayıt        Baxış: 6 120          Tarix: 20-10-2022, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma