Xəbər lenti


Ermənistan rəsmilərinin son bəyanatları, Rusiyanın “status” məsələsini gündəlikdə saxlama cəhdləri, Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin qəbulu, R.Menendez başda olmaqla demokratların yuxarı palata üzərində nəzarəti qoruması, rəsmi Tehranın “Ermənistanın təhlükəsizliyi – İranın təhlükəsizliyidir” yanaşmasını irəli sürməsi ilin sonuna qədər sülh sazişinin imzalanma perspektivlərinə təhlükələr yaradır.

 

Sülh sazişinə alternativ nə ola bilər?

 

1. Laçında gömrük yoxlama məntəqəsinin yerləşdirilməsi + Ermənistan Silahlı Qüvvələrinin (SQ) Qarabağdan çıxarılması + qanunsuz erməni silahlılarına qarşı hərbi əməliyyatının keçirilməsi. 

 

Son müsahibələrində Paşinyan Qarabağda Ermənistan SQ-nin olmadığını iddia edirdi. Bu hərbi əməliyyatlar məsələyə aydınlıq gətirəcək və tabutların hara getdiyi məlum olacaq. Anti-terror əməliyyatı məhz Ermənistanın son iki il ərzində Azərbaycana qarşı ərazi təcavüzü siyasətini davam etdirdiyini təsdiqləyəcək. Əsas məsələ hərbi aktivliyi Azərbaycanın ərazi hüdudlarından kənara çıxarmamaqdır. 

 

2. Qarabağ ermənilərinin bir qismi Azərbaycanın ərazi hüdudlarını tərk edib Ermənistan, Rusiya, Fransa, ABŞ və digər xarici ölkələrə köçəcəklər. 

 

Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III bəndinə əsasən, Respublika ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və ya Respublika ərazisindən kənara gedə bilər. Qarabağ ermənilərinin digər qisminin Azərbaycanın yurisdiksiyasını qəbul edərək, ölkə hüdudları daxilində qalacağı da gözlənilir. Konstitusiyanın 53-cü maddəsinin II bəndinə əsasən, vətəndaş heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Beləliklə, seçim ermənilərdədir. Bu seçimi hüquqi çərçivədə təqdim etmək isə Azərbaycanın işidir. 

 

3. Ermənistanı Qarabağda bütün təsir vasitələrindən məhrum etdikdən sonra (qaz, işıq, internet) Bakı və İrəvan ikitərəfli əsasda və ya istənilən üçüncü tərəfin vasitəçiliyi ilə danışıqları davam etdirə bilər

 

Bununla belə, Ermənistan anlamalıdır ki, Azərbaycanın atdığı addımlar yeni geosiyasi reallıq formalaşdıracaq. Azərbaycan Prezidenti 12 yanvar müsahibəsində bildirdiyi kimi “bizim xoşniyyətli davranışımız əbədi olmayacaq və verdiyimiz təkliflər əbədi masa üzərində qalmayacaqdır”. Yeni tələblər kompensasiya, işğal faktının etiraf edilməsi və Ermənistana mümkün ərazi iddiaları ola bilər. 

 

Risklər

 

Ermənistanda küçə etirazları, müxalifətin uğursuz konsolidasiya cəhdləri, erməni diasporunun Azərbaycana qarşı informasiya müharibə cəbhəsi açması ən gözlənilən nəticədir.

 

Mümkün fəsadlardan biri – ABŞ, Fransa, Lüksemburq və ola bilsin digər ölkələrin Azərbaycanı sanksiyalarla hədələməsi ola bilər. Aİ-nın Azərbaycana qarşı sanksiya qəbul edəcəyi az ehtimal olunandır. Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu, Yunanıstan-Bolqarıstan qaz interkonnektoru, həmçinin Azərbaycanın Aİ-nın üzvü olan bir çox Mərkəzi-Şərqi Avropa dövlətləri ilə yaxın münasibətləri Brüsselin Bakıya qarşı sərt addımlarını qabaqlamağa kömək edəcək. Digər tərəfdən sanksiyaların qəbulu Qərbi, Azərbaycan cəmiyyətində diskreditasiya edəcək.

 

Üstünlüklər

 

Sanksiyalar Rusiyadan hələ uzun müddət götürülməyəcəyindən Bakı-Brüssel əlaqələri inkişaf edəcək. Azərbaycan İran ərazisindən keçən Şərqi-Zəngəzur-Naxçıvan dəhlizindən istifadə edəcək. Bu, İranla münasibətləri yumşaltmağa, Çinlə əlaqələri inkişaf etdirməyə imkan verəcək. Ermənistanla şərti səhəddə strateji yüksəklikləri qorumaqla Bakı İrəvana yeni şərtlər çərçivəsində danışıqlar təklif edəcək və sərhədləri bağlı qalan Ermənistanı Rusiya, ABŞ və İran ilə çıxılmaz vəziyyətə gətirdiyi münasibətlərini yoluna qoymaq problemi ilə üz-üzə saxlayacaq. 

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 6 138          Tarix: 18-11-2022, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma