Son zamanlar Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov barədə müxtəlif şayiələr gəzir. Mətbuatda dərc olunan məlumatlara görə, o, artıq istefa ərizəsi yazıb. Gəzən digər söz-söhbətlərə görə isə, Vasif “xan” istefa ərizəsi yazmayıb, sadəcə məzuniyyətə çıxıb. Bu məzuniyyətin Azərbaycanın iri məmurlarına xas gedər-gəlməz məzuniyyəti ola biləcəyi də istisna edilmir.
Bəs bu cür şayiələr hardan qaynaqlanır? Vasif Talıbovun vəzifədən uzaqlaşması və uzaqlaşdırılması ehtimalı nə qədərdir?
Ovqat.com-un suallarını cavablandıran Naxçıvanın sabiq məmurlarından biri (məlum səbəblərdən adını çəkmirik) Vasif Talıbov ətrafında yaranan bu çaş-başlığı təsadüfi saymır.
Onun fikrincə, od olmasa, tüstü çıxmır. Vasif Talıbovun istefaya və ya gedər-gəlməz məzuniyyətinə göndərilməsi barədə məlumatlar paytaxtla “xan” sarayı arasında həqiqətən belə bir müzakirələrin getdiyini göstərir. O da mümkündür ki, bu cür informasiyaların cəmiyyətə ötürülməsi “xan” həzrətlərinə hansısa mesaj vermək, yol göstərmək məqsədi də güdə bilər.
Həmsöhbətimiz onu da diqqətə çatdırdı ki, son vaxtlar Naxçıvanla Bakı arasında gediş-gəlişlər də artıb: “Xüsusilə Vasif Talıbovun oğlu Rzanın bir neçə gün əvvəl axşam təcili Naxçıvana uçması və ertəsi gün 1-ci reyslə Bakıya qayıtması, ən əsası isə hər iki səfərində rəiyyət kimi qarışlanması təsadüfə bənzəmir. Görünən budur ki, rəsmi Bakı özünü “xan” ailəsi sayan Talıbovlara “bildirçinin bəyliyini gətirən darı mövsümünün bitdiyi” mesajını verir. Onların bundan sonra rəsmi Bakının nəzdində rəiyyət qədər qiymətinin qaldığını əyani şəkildə nümayiş etdirir. Rza Talıbovun Naxçıvandan geri qayıdarkən pullu keçiş qapısından istifadə etməsi isə Bakıya verilmiş cavabdır. Görünən budur ki, Talıbovlar ailəsi rəiyyət taleyi ilə razılaşmayacaqlarını Bakının nəzərinə çatdırmaq istəyir”.
Həmsöhbətimiz bu cür qarşılıqlı mesajlaşmalardan bu qənaətə gəlir ki, Vasif Talıbov rəsmi Bakının ciddi tələbləri qarşısında dirəniş göstərir: “Amma onun dirənişi götərmək üçün yetərli bazası yoxdur. Hazırda Naxçıvanda sadəcə MR Daxili İşlər orqanları “xan”a bağlılıq nümayiş etdirirlər. Onların da yuxarı eşalonu. Aşağı eşalon isə Vasif Talıbovun məntiqli izahı olmayan siyasətləri nəticəsində artıq “xan sarayı”ndan üz döndərib. Təsəvvür edin, “xan sarayı” ilə polislər arasında uçurum nə həddə böyüyüb ki, MR DİN onun mühafizəsini heç kimə həvalə edə bilmir, nazir müavini Zahid Gözəlov özü şəxsən Vasif Talıbovu səfərlərində müşayiət edir. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanda həqiqətən də “darı mövsümü” bitmək üzrədir. Yəqin ki, bundan sonra Prezident İlham Əliyev Naxçıvan əhlinin çoxdan ondan gözlədiyi qərarı – Naxçıvan MR DİN-in ləğv olunması barədə fərmanı imzalayacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Bakı ilə Naxçıvan arasındakı ziddiyyətin əsas səbəblərindən biri kiçik torpağın paytaxta biət etməməsidir: “Bu barədə bir çox həqiqətlər Azərbaycan ictimaiyyətinə artıq bəllidir. Odur ki, bilinənləri yenidən təkrarlamaq istəmirəm. Sizə bu barədə indiyədək mətbuatda yer almayan bir faktı nəql edim. Bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının o zamankı Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Naxçıvana getmiş və öz yerli həmkarı Hafiz Yaqubovla görüşmüşdü. Qeyd edim ki, Hafiz Yaqubov Məhərrəm Talıbovun adamı idi və onun yaxın dostunun təklifi ilə həmin vəzifəyə gətirilmişdi. Həqiqətən də Vasif Talıbova sadiq adam kimi ün qazanmışdı. Hər şənbə günü keçirilən iməcliklərdə “xan”ın gözünə girmək üçün xüsusi canfəşanlıq etdiyindən adına el arasında “İməclik Hafiz” də deyirdilər.
“İməclik Hafiz” Hüseynqulu Bağırovla görüşündə ona “cənab nazir” deyə müraciət etmişdi. Bu məlumat “xan”ın qulağına çatanda elə qəzəblənmişdi ki, təcili “İməclik Hafiz”i yanına çağırıb uşaq kimi danlamışdı. Danlağının əsas məğzi belə olmuşdu ki, bəs, sən özün də nazirsən, “nazirin isə naziri olmaz”. Həmin danlaq iclasında ona şiddətli töhmət də vermişdi.
Bir sözlə, Vasif Talıbov həqiqətən də çox təhlükəli separatizm yolu seçmişdi və mütləq bunun qarşısı alınmalı idi”, - həmsöhbətimiz fikrini belə yekunlaşdırdı.
Paylaş: