ABŞ-ın dövlət katibi E.Blinkenə görə, nüvə silahına malik olan və ya ona malik olmaq ərəfəsində olan İran, istər terrorizmi, istər də proksilərini dəstəkləmək baxımından daha təhlükəli olacaqdır. İran nüvə silahının rəsmi ideologiyaya zidd olduğunu bildirsə də, xaricdə bu bəyanata heç kim inanmır.
2010-cu ildə BMT TŞ İranın aparıcı iqtisadi sahələrinə sanksiya tətbiq etməyə icazə verən qətnamə qəbul etdi. Sanksiyalar nəticəsində İranın neft hasilatı 2012-ci ilin yanvarından 2013-cü ilin martına qədər sutkada 3,8 mln. bareldən 2,7 mln. barelə, ixracı isə 2,4 mln. bareldən 1,3 mln. barelə qədər azaldı. İran ildə $35-50 mlrd., bəzi mənbələrə görə isə $70 mlrd. puldan məhrum oldu. Dünya Bankının 2015-ci il hesablamalarına görə, neft İranın ümumi ixrac gəlirlərinin təxminən 80%-ni, dövlət gəlirlərinin isə 50-60%-ni təşkil edirdi. Sanksiyalar nəticəsində İranın SWIFT-dən çıxarılması rialın dollara qarşı 40% ucuzlaşmasına, inflyasiyanın 30%-i ötməsinə, ölkə üzrə müəssisələrin 67%-nin müflisləşməsinə səbəb oldu. Stenford Universiteti tərəfindən aparılan son araşdırmaya görə isə, sanksiyalar İranı 40 il geriyə atdı.
2015-ci ildə çoxtərəfli nüvə razılaşması əldə edildi. Obama administrasiyasına görə, razılaşma İranın nüvə silahı yaratma potensialını bir neçə aydan bir ilə qədər uzatmışdı. 2016-cı ilin yanvarında MAQATE İranın sanksiyaların ləğvi üçün lazım olan işləri başa çatdırdığını təsdiqlədi.
Razılaşmanın İranın “zərərli fəaliyyətləri”ni, ballistik raket və nüvə proqramını lazımınca məhdudlaşdıra bilmədiyini əsas gətirən D.Tramp 2018-ci ildən ABŞ-ı razılaşmadan çıxardı. Bu qərarı dəstəkləməyən dövlət katibi Tillerson və milli təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster Tramp tərəfindən daha loyal Pompeo və Boltonla əvəzləndi. V.Börns və C.Sallivan Trampın nüvə razılaşmasından çıxma qərarını və Q.Süleymaninin öldürülməsini birgə yazdıqları iki məqalədə tənqid etdilər.
2020-ci ildə C.Bayden prezident seçiləcəyi təqdirdə nüvə razılaşmasına qayıdacağını vəd etdi. Trampın tənqidçiləri V.Börns yeni administrasiyada CİA müdiri, C.Sallivan isə milli təhlükəsizlik müşaviri təyin edildi. Senat Baydenin yanaşmasını dəstəkləsə də, senatorlar R.Menendez və K.Kuns İrana əvvəlkindən daha sərt olmağı məqsədəuyğun saydılar.
Rusiya-Ukrayna müharibəsi nüvə razılaşmasını daha da aktual etdi. Razılaşma bərpa olunacağı təqdirdə, sanksiyaların bir hissəsi götürüləcək, İran neft ixracını artıracaq və beləliklə, neft qiymətləri aşağı düşəcəkdi. Bloomberg-ə görə, avqustda razılaşma ərəfəsində neftin qiyməti fevral ayından bəri ilk dəfə olaraq $92-dan aşağı düşmüşdür. İran mediasına görə, Qərb məxfi danışıqlar zamanı Tehranın neft ixracını kəskin şəkildə artırmaq və Moskva ilə əlaqələri kəsmək şərtlərini qəbul edəcəyi halda İrandakı etirazlara dəstəyi dayandıracağını vəd edib.
Rusiya SEPAH vasitəsilə müdaxilə edərək razılaşmanın qarşısını almışdır. Danışıqların dayandırılması Brent markalı neftin qiymətini 4% artırıb, $113,6-a çatdırdı. Xarici İşlər Nazirliyindən fərqli olaraq SEPAH sərt xəttin tərəfdarıdır. RAND Corporation-a görə, SEPAH-dan İranın ali liderinin xarici siyasət üzrə bir çox müşavirləri çıxıb. M.Pompeo isə CİA-nın müdiri olduğu vaxtda SEPAH-ın İran iqtisadiyyatının 20%-nə nəzarət etdiyini bildirmişdi. Razılaşmanın dayandırılması müqabilində “Qazprom” İrana $40 milyard sərmaye qoyacağı vədini vermiş və Britaniya və ABŞ istehsalı olan NLAW, Javelin və Stinger raketlərinin qalıqlarını İrana ötürmüşdür.
Görünən odur ki, hazırda İran seçim qarşısındadır:
- Nüvə razılaşmasını bərpa edib beynəlxalq təcriddən xilas olmaq. Bunun üçün İran Rusiya ilə iqtisadi münasibətləri qorumaq şəraitində hərbi münasibətləri minimuma endirməlidir. Bu razılaşmanın əldə edilməsinin əsas şərtidir.
- Nüvə proqramını və Rusiya ilə münasibətləri davam etdirmək. Əgər İran bu yanaşmanı seçərsə ABŞ İsrail ilə birlikdə İranın nüvə proqramının reallaşdırılmasını qabaqlamaq üçün ona qarşı siyasəti daha da sərtləşdirə və hətta hərbi zərbələr endirə bilər.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: