Xəbər lenti



Kamal Əliyev

“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq

 

Beləliklə, bir ay sonra Rusyanın Ukraynada apardığı müharıbənin bir ili tamam olacaq. Ruslar son həftələr, xüsusilə “Vagner” hərbi birləşməsinin sahədə aktivləşməsindən sonra irəliləməkdə davam edir. Xüsusilə, Soledarın rusların əlinə keçməsi, Baxmut şəhərinin yaxın bir neçə gündə işğal ediə biləcəyini nəzərə alsaq demək olar ki, müharibə yeni mərhələyə qədəm qoyur. Əvvəldə yazdığım kimi, Rusiyanın işğal siyasəti Ukrayna ilə bitməyəcək və növbəti etapda Polşa, Baltikyanı ölkələr də Putinin xışımına uğrayacaq.  Yeri gəlmişkən, artıq Almaniyanın təşəbbüsü ilə 14 Qərb ölkəsi Avropa Səması Qalxanı (Sky Schield) yaratmaq haqqında aralarında NATO-nun paytaxtı Brüsseldə imza mərasimi keçiriblər. Baxmayaraq ki, İsveç və Finlandiya hələ NATO üzvləri deyillər, ancaq bu ölkələr də ASQ-də olacaqlar.  

 

Maraqlıdır ki,  ASQ müqaviləsi NATO-nun bütün üzlərini əhatə etmir.  Hətta Türkiyə də Avropa Səma Qalxanı müqaviləsinin tərəflərindən deyil.  Mümkündür ki,  Qərb dövlətləri hal-hazırda Moskva-Ankara münasibətlərinin normal olduğunu,  Rusiyanın Türkiyəyə hücum etməyəcəyini yəqin ediblər.  Ola bilsin ki,  Türkiyənin ASQ-də olmamasının başqa geopolitik səbəbləri də olsun.  

 

Əslində, ASQ kimi İsrailin təhlükəsizliyini kənar intervensiyalardan qorumaq üçün “Dəmir Qübbə” sustemi var.  Və sistemin əsas memarı ABŞ-dır.  Vaşinqton “Dəmir Qübbə” vasitəsi ilə Yaxın Şərqdəki strateji müttəfiqi İsraili qoruyur.  Digər yandan, ABŞ-a məxsus “Patriot” HHM sustemləri də kontinental Avropanın təhlükəsizliyini qoruyacaq.  

 

Buna əlavə olaraq,  Almaniyanın “IRIS-T SLM” sistemi də hər növ helikopter,  gəmidən,  havadan atılan raketlərə qarşı həssas sistemlərdir.  Fərz edirəm ki,  Almaniyanın öncü olduğu ASQ-yə başqa ölkələr də qoşulacaq.  Bu,  həm də sistemin maliyyə yükünün bölüşdürülməsi olardı. Ancaq diqqətimi çəkən Fransanın ASQ sistemində hələ ki, olmamasıdır.  Zənnimcə,  bu,  hələ də Almaniya və Fransa arasında tarixdən gələn rəqabətə görədir.  Üstəlik,  Fransa malik olduğu nüvə arsenalı sisteminin onun təhlükəsizliyini qoruduğuna əmindir. Təbii ki,  Fransa və Almaniya arasında tarixdən gələn kompetensiyada psixoloji amili də nəzərə almalıyıq.  Yəni,  Fransa Almaniyanın liderliyi altında qurulan müdafiə ittifaqının çətiri altında özünü rahat hiss etməz.  Hərçənd, Fransa prezidenti Emanuel Makron bir neçə ildir Avropa İttifaqının özünün ordusu olmasını dəstəkləyir. Təbii ki, Makronun bu niyyətini Vaşinqtonla yanaşı Berlin də istəmir.   

 

Artıq belə demək mümkünsə,  Qərb dövlətləri Rusiya-Ukrayna müharibəsinin Avropanın içlərinə doğru yayılmasından ehtiyatlanırlar.  Əgər ən pis ssenari olaraq,  Rusiya özünün işğal trayektoriyasına Avropaya yönəldərsə, bunun üçün əsas hədəf ölkələr Polşa,  Litva,  Latviya və Estoniya olacaq.  Yadınıza salım ki, 1979-1989 arasında Sovet-Əfqanıstan müharibəsində Qərb ölkələri əfqan mücahidlərə silahları Pakistan ərazisindən ötürürdülər. İndi isə Ukraynaya agır silahlar Polşa ərazisindən keçirilir. Rusiya da bunu izləyir və mümkündür ki, uyğun bir mərhələdə Polşanı vursun.  

 

Əlbəttə,  Polşa ilə yanaşı Baltikyanı ölkələr də Rusiyanın hədəfinə gələ bilər. Əgər bu ölkələr Rusiyanın hücumuna məruz qalarsa,  bu, bütövlükdə NATO-nun,  Avropanın təhlükəsizlik arxitekturasına ciddi zərbə ola bilər.  

 

Həmişə dediyim kimi,  Rusiyanın əsas hədəflərindən biri də Avropanın sosial sistemini tarumar etmək,  qoca qitəni yeni qaçqın ordusu ilə üz-üzə qoymaq,  mövcud leberal-demokratik sistemi çökərtməkdir. Əlbəttə,  Putin üçün bu,  o qədər də asan deyil.  Ancaq Qərb ölkələri daha diqqətli olmalı,  düşmənə qarşı konsolodasiya nümayiş etdirməlidirlər.  Rusiyanın Ukraynada davam etdirdiyi qanlı işğal siyasəti hələ illərlə davam edəcək.  Və bu, təbii ki, artıq Qərbi yorur.  Hələ ki, Qərb ölkələri Ukraynaya müdafiə silahları,  maliyyə yardımı göstərirlər,  lakin bir müddət sonra situasiyanın dərinləşəcəyini də proqnozlaşdırırlar.  Ən təhlükəli ssenari isə müharibənin günün birində birbaşa NATO cografiyasına keçə biləcəyi ehtimalıdır.  Belə olan təqdirdə,  Ukraynadan fərqli olaraq,  kontinental Avropa daha geniş hərbi konfrantasiya ilə üz-üzə qala bilər.  Onu da vurğulamaqda yarar var ki, əgər NATO-nun ikinci böyük ordusu Türkiyə Silahlı Qüvvələri ehtimal onunan Qərb-Rusiya müharibəsində (İsmət İnönünün İkinci Dünya müharibəsindəki strategiyasında olduğu kimi) tərəfsiz olarsa,  bu,  Avropa ölkələri nöqteyi-nəzərindən ən arzuolunmaz situasiya ola bilər.  

 




Ana səhifəyə qayıt        Baxış: 5 216          Tarix: 14-01-2023, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma