Xəbər lenti


 

Rusiyada elitalararası qarşıdurma müharibədən qabaq da mövcud idi. Putinə yaxın biznesmenlər və güc strukturları fərqli müvəfəqiyyətlə bir-birini uzun illər tarazlayırdılar. Lakin pandemiya Putinin özünü-təcridə getməsinə və biznesmenlərin prezidentə birbaşa çıxışının məhdudlaşmasına gətirib çıxardı. Paralel olaraq Suriya, Liviya və digər teatrlarda Moskvanın aktivliyi güc strukturlarının və özəl hərbi şirkətlərin nüfuzunu artırdı. 

 

Elitalararası parçalanma

 

Bloomberg öz mənbələrinə istinad edərək bildirir ki, yaydan bəri Putin ən azı iki dəfə hərbi elita ilə görüş keçirmişdir. Qismən səfərbərlik elan edilməmişdən az əvvəl təşkil olunan qapalı görüşdə millətçi baxışlı müxbirlər hərbi elitanı kəskin tənqid etmiş, bəziləri isə Putinin cəbhədəki real vəziyyətdən məlumatlı olmaması sualı ilə görüşü tərk etmişdilər. Hərbi elita qanunverici hakimiyyət tərəfindən də kəskin tənqid olunur. Zyuqanov “böyük problemlər” və “məğlub döyüşlər”dən, LDPR lideri Slutski cəbhə bölgəsindəki aşağı təchizatdan danışır, S.Mironov isə hərbi rəhbərlik ilə qapalı iclasın keçirilməsini tələb edir. Spiker Volodin ordunu tənqid etməməyə çağırış etsə də, Dumanın Müdafiə Komitəsinin rəhbəri A.Kartapolov hərbi komandanlığı “yalan danışmağa son qoymağa” çağırır.

 

Elitadaxili parçalanma 

 

Rusiyada güc strukturları heç vaxtı özündə vahid bir qüvvəni xarakterizə etmirdi. Hazırda Bortnikov (FTX/ФСБ) + Narışkin (XKX/СВР) + Patruşev (TŞ katibi) bir qrupu, Zolotov (Milli Qvardiya) + Kadırov digər qrupu təmsil edirlər. Putinin sabiq müşaviri A.İllarionova görə birinci qrup mütəmadi olaraq Putinə Kadırovu aradan götürmək üçün müraciətlər edir. ABŞ Konqresinin 2021-ci il tarixli analitik hesabatına görə isə Putin konkret bir struktur və ya şəxsin nüfuzunu azaltmaq üçün qruplar arasında rəqabəti dəstəkləyir. 

 

Ukrayna müharibəsi güc strukturlarının mövqelərini daha da möhkəmləndirməli, zəfər uğurları isə ziddiyyətləri yumşaltmalı idi. Lakin Qərbin Ukraynaya verdiyi hərbi-iqtisadi dəstək, döyüş meydanında balansı Kiyevin xeyrinə dəyişdi. Moskvanın Kiyevi tutmaq və Ukraynanın Qara dənizlə əlaqəsini kəsmək planı baş tutmadı. Ardınca Xarkov və Xersonda məğlubiyyətlər hərbi elitanın mövqelərini zəiflətdi və elita daxilində çəkişmələri artırdı. Qütbləşmə dərinləşməyə doğru getdi: Patruşev qrupuna müdafiə naziri Şoyqu və Baş qərargah rəisi Gerasimov, Zolotov-Kadırov qrupuna isə general Surovikin və “Vaqner”in rəhbəri Priqojin qoşuldu. Ukrayna kəşfiyyatı və  ISW mərkəzinə görə Surovikin Şoyquya rəqib, Priqojinə isə yaxın insan hesab olunur.

 

Kadırov-Priqojin xətti

 

Müharibə başlayandan Kadırov general-polkovnik rütbəsinə yüksəldi, Priqojin isə Ukraynada indiyədək görünməmiş kart-blanş aldı. Cəbhədə vəziyyətin xüsusilə pis getdiyi vaxtda hərbi komandanlıq Priqojin və Kadırov tərəfindən kəskin tənqid olunmağa başladı. Priqojin Putinin Peterburqa təyin etdiyi qubernator A.Beqlovu Ukraynaya işləməkdə ittiham edir, generalların istefasını tələb edir və Baş gərargahla yanaşı prezident administrasiyasını və Putinə yaxın biznesmenləri  tənqid edir. Kadırov general Lapini təhqir, Priqojin ilə birlikdə isə Gerasimovu tənqid edir. Hətta vaqnerçilər tərəfindən (güman ki, Priqojinin tapşırığı ilə) hazırlanmış videoda Gerasimova təhqiramiz ifadələr ünvanlanır.

 

Kövrək balans

 

Bütün bu hadisələr fonunda Baş Qərargah rəisi Gerasimov Ukrayna kampaniyasına rəhbər təyin edilir. “Financial Times”ın “Rusiya Müdafiə Nazirliyinə yaxın” mənbəsi deyir ki, Gerasimovun təyinatı hərbi əməliyyatların altında yatan təşkilati problemləri əks etdirir. Bu mövqe ilə RAND Corporation mərkəzinin Rusiya məsələləri üzrə eksperti D.Massikot razıdır. Onun fikrincə bu addım nə qədər hərbi qərardrsa, bir o qədər siyasi qərardır. Görünən odur ki, Putin rəqabət aparan qruplardan birinin zəiflədiyini nəzərə alıb, Gerasimovu Ukraynaya komandan təyin etməklə elita daxil/xaricində mövcud kövrək balansı qorumağa çalışır.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 5 345          Tarix: 20-01-2023, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma