Ukrayna ilə müharibənin 1 ili tamam olmasına baxmayaraq, cəbhədə ciddi uğur qazana bilməyən Rusiyanın savaş ideoloqları indi də cəmiyyətə yeni təsəlli siqnalları ötürməyə çalışırlar: “ABŞ Ukraynadan bezib”. ABŞ Prezidenti Co Baydenin hətta Kiyevə səfər edəcək qədər Ukraynaya dəstək verməsinə, Varşavadakı çıxışında açıq-aşkar son anadək Ukraynanı müdafiə edəcəklərini bildirməsinə rəğmən rus ideoloqlarının daxili auditoriyanı bu cür təsəlli notları ilə sakitləşdirmək cəhdləri əslində çarəsizliyin ifadəsidir. Görünən budur ki, çıxılmaz vəziyyətə düşən hər kəs kimi Rusiya ideoloqları da qarşı tərəfin istənilən hərəkət və davranışlarında özünə sərf edən nüanslar axtarır və çətinliklə də olsa bunu tapır.
Rusiyanın Siyasi Marketinq Mərkəzinin direktoru Vasili Stoyakinin qələmə aldığı “ABŞ Ukraynadan bezib” sərlövhəli məqaləsi də seldə boğulan bir adamın ümid bağladığı saman çöpünə bənzəyir. Şimal qonşumuzun öz hərbi motivasiyasını gücləndirmək ümidiylə hansı arqumentlərə söykəndiyini anlamaq üçün sözügedən məqaləni Ovqat.com oxucularının diqqətinə çatdırırıq
“Maraqlı bir material fevralın 22-də Reuters tərəfindən dərc olundu. Xəbərin mahiyyəti ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarında Ukraynaya Amerika hərbi yardımının indiki həcmdə nə qədər davam edə biləcəyi ilə bağlı fikir birliyi yoxdur.
Müharibə başlayandan bu günə qədər Konqres Bayden administrasiyası tərəfindən tələb olunan hər yeni maliyyə tranşını təsdiqlədi. ABŞ və müttəfiqlərinin yardımının məbləği son 1 ildə 113 milyard dollara çatdı (müqayisə üçün: 2013-cü ildə Ukraynanın ÜDM-i 180 milyard dollar idi).
Bununla belə, Reuters ABŞ-ın Ukraynadan bezdiyini bildirir. Birincisi, Reuters-in sifarişi ilə 6-13 fevral tarixlərində 4000-dən çox amerikalı arasında keçirilən Ipsos sorğusuna əsasən, Ukraynaya hərbi yardımı dəstəkləyənləri nisbəti 73%-dən (2022-ci il aprel) 58%-ə düşüb.
İkincisi, Konqresdə də artıq fikir birliyi yoxdur. Əksər respublikaçılar büdcə kəsirini cilovlamaq üçün xərclərin azaldılmasını tələb edirlər. Artıq Ukraynaya yardımın azaldılması hesabına bunu tələb edən yeni qrup peyda olub. Hətta Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edən Demokratik nümayəndə Bob Menendez deyir ki, “öhdəliklər, xüsusilə də bahalı öhdəliklər əbədi davam edə bilməz”.
Xülasə olaraq, adı açıqlanmayan bir amerikalı məmurun mediaya açıqlamasını sitat gətirmək olar: “Bu (müharibə - red.) nə vaxtsa bitməlidir. Və hamımız istərdik ki, bu tez bir zamanda başa çatsın”. Onun sözlərinə görə, bu həqiqət Baydenin Kiyevə sonuncu səfəri zamanı Zelenskiyə də çatdırılıb.
Ümumiyyətlə, ilk baxışda burada xüsusilə gözlənilməz bir şey yoxdur. Baydenin səfəri ərəfəsində və ondan sonra bəzi ekspert rəyləri eşidilirdi ki, Amerika prezidenti atəşkəs üçün daha yaxşı şərait əldə etmək naminə Kiyev administrasiyasından hücum tələb edəcək.
Bir qrup respublikaçı konqresmenin Kiyevə səfəri də buna sübutdur. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCall deyib ki, Bayden Ukraynaya silah tədarükündə “çox ləng” hərəkət edir. Baxmayaraq ki, Kiyevə təyyarələr və uzaqmənzilli raketlər vermənin vaxtı çatıb.
Aydındır ki, bu təşəbbüs “mümkün qədər tez başa çatmalıdır” - Ukrayna nə qədər çox silah alsa, Kiyev üçün barışıq üçün bir o qədər rahat başa gələcək. Düzdür, konqresmenlər məsuliyyətsiz insanlardır, silah tədarükünü tələb etməkdə sərbəstdirlər. Vaşinqton administrasiyası isə münaqişənin gərginləşməsindən və onun Ukrayna hüdudlarından kənara çıxmasından qorxur ki, bu da onun “ehtiyatlı davranmasını” tam izah edir.
Eyni zamanda, ABŞ-dakı bəzi ekspertlər də sülh naminə Ukraynanın ərazi güzəştlərinə getməli olacağını istisna etmirlər. Bu fikir qeyri-rəsmidir, lakin Krım məsələsində, görünür, “əyləcə basmaq” qərarına gəlinib. Hətta Zelenski ötən ilin yazında Krım probleminin hərbi yolla həllinin məqsədəuyğunluğundan şübhəli danışırdı.
Səbəblər daxili siyasi vəziyyətlə bağlıdır. Gələn ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək. Amerika seçkilərinin gündəliyi adətən sosial-iqtisadi komponentlərə əsaslanmaqla daxili xarakter daşıyır. Qlobal fövqəldövlətin vətəndaşları üçün xarakterik olan bir xüsusiyyət var; onların xarici siyasətə marağı azdır və şübhəsiz ki, öz rifahlarını Vaşinqton strateqlərinin ambisiyalarına qurban verməyə hazır deyillər. Bunun fonunda ABŞ administrasiyası Ukrayna mövzusundan kənara çıxmağa məcbur olacaq.
Ukrayna üçün bu, pis xəbərdir. Birincisi, hücuma keçmək lazımdır, özü də Qərbin verdiyi yeni hərbi texnikanın əksəriyyəti (ilk növbədə tanklar) alınmamışdan əvvəl. Bu, birmənalı olmayan nəticə ilə Ukrayna ordusu üçün böyük itkilər deməkdir. Kiyevdən tələb olunan hücum nəticəsində Ukrayna ərazisi daha da kiçilə bilər...
İkincisi, Kiyev Qərbin onu əbədi “qidalandıracağı” xəyalı ilə vidalaşmalı olacaq. Amma Zelenskinin təklif etdiyi “Kiyev Təhlükəsizlik Müqaviləsi”nin mənası məhz budur – Qərb Ukraynanın hərbi xərclərini öz üzərinə götürür, hətta NATO üzvü kimi və ya az qala müttəfiq kimi təhlükəsizliyinə zəmanətlər verir.
Üçüncüsü, Zelenski Moskva ilə elə bir şəraitdə danışıqlar aparmalı olacaq ki, Moskva əslində onunla danışıqlar aparmaq istəməyəcək. Rusiya tərəfi Qərbin bu problemlərini anlayaraq, prezidentin Federal Məclisə müraciətinin sakit fonunda Ukrayna böhranını həll etməyə tələsmir.
Siyasi məsləhətçi Yevgeni Minçenko hesab edir ki, Vladimir Putin “xüsusi hərbi əməliyyatı” adi formata çevirib: “Bizim Qərblə elə bir konfliktimiz var ki, o, başqa şeylərlə yanaşı, Ukraynada belə qarşıdurma formasını alır. Paralel olaraq, texnoloji suverenlik və infrastruktur layihələrinə diqqət yetirilməklə, iqtisadiyyatın inkişafı üçün kifayət qədər genişmiqyaslı proqram təqdim olundu”. Açığı, Kreml əmindir ki, vaxt indi Rusiyanın xeyrinə işləyir. Reuters də bu fikri təsdiqləyir.
Hər şey düşündüyümüz qədər yaxşıdırmı? Əlbəttə, hər şey o qədər də sadə deyil.
Prinsipcə, ümumiyyətlə Qərb və xüsusilə də ABŞ Rusiyaya strateji məğlubiyyət yaşatmaq əzmindədir. Bunu Vladimir Putin də deyib və bir çox Qərb siyasətçilərinin bəyanatları da təsdiqləyir (bu barədə ən aydın şəkildə Polşanın baş naziri Moravetski danışıb).
Ona görə də Qərb dayanmayacaq. Və indiki geri çəkilmə təzahürləri taktiki xarakter daşıyır: ABŞ-ın seçki kampaniyası zamanı Ukraynaya dəstək ikinci plana keçəcək və çox güman ki, azalacaq. Hətta Ukrayna Silahlı Qüvvələri heç bir uğur nümayiş etdirməsə və Kiyev bu barışıq şərtlərini bəyənməsə belə, ondan danışıqlar və barışıq tələb ediləcək.
Amma daha sonra, seçkilərin ardınca necə? Burada Vaşinqtonun iki planı ola bilər.
A planı: Ukraynanı yenidən silahlandırmaq və “ərazi bütövlüyünü bərpa etmək” bəhanəsi ilə bir neçə il ərzində əsl Ukrayna-Rusiya müharibəsini qızışdırmaq.
B planı: Ukraynanı rahat buraxacaq və hansısa başqa istiqamətdə Rusiya ilə silahlı münaqişəyə səbəb olacaq (burada Vaşinqtonun əla imkanları var).
Lakin B planında Rusiya ilə normal münasibətlərin bərpası kimi hədəflər yoxdur. Ən azından qısa müddət ərzində və buna dözmək lazımdır.
Hazırda Vaşinqtonun Ukraynanı itələdiyi sülhün Rusiyaya lazım olub-olmaması sualı mübahisəli olaraq qalır. Hər şey şərtlərdən asılıdır. Və bu şərtləri Kiyevlə müəyyən etmək olmaz. Bu baxımdan zaman həqiqətən də Moskvaya işləyir”.
Tərcümə Ovqat.com-a aiddir
Paylaş: