Xəbər lenti


 

İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan hərbi gücünü artırmağı daxili və xarici siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edib. Ermənistan hökumətinin son iki ildə atdığı konkret addımlara, qəbul etdiyi qərarlara, sənədlərə baxdıqda, hərbi güc amilinə xüsusi önəm verilməsini görməmək mümkün deyil. Təbii ki, hər bir ölkə təhlükəsizlik qayğılarını azaltmaq məqsədi ilə beynəlxalq hüquq normalarına uyğun olaraq özünün hərbi potensialını artırmaqda sərbəstdir, lakin Ermənistanın nümunəsində biz bu siyasətin revanşizm meylləri fonunda aparıldığını müşahidə edirik. Rəsmi İrəvan öz ritorikasında revanşist istəklərdən uzaq olduğunu nümayiş etdirsə də, reallıq tamam fərqli mənzərəni meydana çıxarır.

 

Son iki ildə, daha dəqiq desək, İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın xarici siyasəti kifayət qədər ziddiyyətli məqamlarla, qeyri-müəyyənliklərlə bərabər, özündə revanşist meylləri də ehtiva edir. Belə ki, post-müharibə dövründə Ermənistan hələ də üçtərəfli bəyanatla (10 noyabr 2020) üzərinə götürdüyü öhdəliklərin bir qismini həyata keçirməyib. Xüsusilə, məlum üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Qarabağda qanunsuz erməni hərbi birləşmələri mövcudluğunu davam etdirir və kommunikasiya xətləri (Zəngəzur dəhlizi) Ermənistan hökumətinin mövqeyi səbəbindən açılmır. Ermənistanın baş naziri N.Paşinyan bir neçə dəfə, hətta 2022-ci ilin oktyabrında Aİ və Rusiyanın vasitəçiliyi ilə Praqada və Soçidə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu yazılı bəyan etsə də, sonrakı addımları ilə əvvəlki mövqeyini təkzib edib. Son iki ildə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə nəzər saldıqda, görmək olar ki, rəsmi İrəvan davamlı olaraq Qarabağda yaşayan ermənilərin hüquqları (statusu) və təhlükəsizliyi məsələsini qaldırır. Bu baxımdan Qarabağda yaşayan ermənilərlə bağlı Ermənistanın cari mövqeyi İkinci Qarabağ Müharibəsindən əvvəl mövcud olan siyasətindən ciddi olaraq fərqlənmir. Bu amil də Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından hələ də imtina etmədiyi ilə bağlı qənaətləri xeyli gücləndirir.

 

Ermənistan hakimiyyətinin post-münaqişə dövründə həyata keçirdiyi ziddiyyətli, natamam siyasət digər vacib məqamları da özündə ehtiva edir. Belə ki, Ermənistan hökuməti müharibədən sonra da qanunsuz olaraq Qarabağdakı qondarma rejimi maliyyələşdirməkdə davam edir. Və bu maliyyələşmə son iki ildə xeyli artırılıb. Eyni zamanda, Ermənistanın qəbul etdiyi bir sıra strateji sənədlərdə də Azərbaycana qarşı ərazi iddiaları dəyişməz olaraq qalıb. Məsələn, Ermənistanın 2020-ci ildə qəbul edilən və “Artsaxın” beynəlxalq tanınmasını xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Milli Təhlükəsizlik Strategiyası hələ də qüvvədədir. Yeri gəlmişkən, Ermənistanın qeyd olunan Strateji Sənədində Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlığı, “Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etmək cəhdləri” ölkənin milli təhlükəsizliyinə birbaşa təhdidlər kimi nəzərdən keçirilir.

 

Ölkəmizin ərazi bütövlüyünə qarşı iddiaları təsdiq edən digər sənəd “2021-2026-cı illər arasında Ermənistan Respublikası Hökumətinin Proqramı”dır. Bu hökumət proqramında Qarabağın Azərbaycandan qoparılması “islahedici ayrılma” (remedial secession) siyasəti kimi öz əksini tapıb. Burada diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, sözügedən hökumət proqramı İkinci Qarabağ Müharibəsindən sonra qəbul edilib. Bu fakt bir daha ondan xəbər verir ki, Ermənistan hakimiyyəti, əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycana qarşı ərazi iddialarından imtina etməyib.

 

Beləliklə, bütün qeyd olunan məqamlar – həm Azərbaycanla danışıqlar prosesində nümayiş etdirilən qeyri-konstruktiv, ziddiyyətli mövqe, üçtərəfli bəyanatla (10 noyabr 2020) üzərinə götürdüyü öhdəliklərin bir qisminin həyata keçirilməməsi və qondarma, cinayətkar rejimin maliyyələşdirilməsinin davam etdirilməsi, həm də Ermənistanın qəbul etdiyi strateji sənədlərdə ölkəmizə qarşı ərazi iddialarının mövcudluğu rəsmi İrəvanın siyasətindəki revanşist meyllərin bariz təzahürü kimi dəyərləndirilə bilər.

 

Ermənistan hakimiyyətinin revanşist meyllər fonunda hərbi gücünü artırmaq siyasəti özündə bir sıra vacib cəhətləri əhatə edir. Əvvəla, onu qeyd edək ki, İkinci Qarabağ Müharibəsi bitdikdən sonar Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Faktlara nəzər saldıqda görmək olar ki, 2021-ci ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olduğu halda, 2022-ci ildə bu rəqəm 750 milyon ABŞ dolları təşkil edib. Ermənistanın hərbi büdcəsində ən böyük artım bu il, 2023-cü ildə müşahidə edilib. Ölkənin 2023-cü il üçün hərbi büdcəsi 35% artırılaraq 1.28 milyard dollar olub.

 

Ermənistan hökumətinin hərbi gücünü artırmaqla bağlı siyasətinin əsas istiqamətləri qəbul etdiyi  sənədlərdə də öz əksini tapıb. Məsələn, “2021-2026-cı illər arasında Ermənistan Respublikası Hökumətinin Proqramı”nda hərbi sahədə nəzərdə tutulan dəyişikliklərdən bəzi vacib məqamları belə qeyd etmək olar: 

1) 2024-cü ilə qədər Ermənistan Təhlükəsizlik Şurasına yeni hərbi doktrinanın layihəsi hazırlanaraq təqdim ediləcək; 

2) Tərkib hissələri də daxil olmaqla, dövlətin vahid müdafiə planı hazırlanacaq (Rusiyalı mütəxəssislərin fikirlərini əsas götürməklə); 

3) Silahlı Qüvvələrin müasir silahlarla təchiz edilməsi prosesi 2026-cı ilə qədər davam edəcək. Xüsusilə qoşunların kəşfiyyat imkanlarının və atəş gücünün artırılması nəzərdə tutulub; 

4) Strateji perspektivdə Ermənistan tədricən peşəkar orduya keçəcək, müddətli və müqaviləli hərbi xidmətin strukturu əhəmiyyətli dərəcədə dəyişəcək; 

5) Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq genişləndiriləcək, Rusiya-Ermənistan Birgə Qoşunlarının hərbi potensialının artırılmasına və iki ölkənin silahlı qüvvələri arasında maksimal əməkdaşlığın təmin edilməsinə xüsusi diqqət yetiriləcək.

 

Onu da əlavə edək ki, Ermənistan hakimiyyəti qeyd olunan hökumət proqramı çərçivəsində müdafiə sahəsində bəzi işləri artıq 2021-ci ildə həyata keçirib. Belə ki, “2021-2026-cı illər arasında Ermənistan Respublikası Hökuməti Proqramının 2021-ci ildə icrasının nəticələri ilə bağlı hesabat”a görə, müdafiə sahəsində görülən işlərdən bəzilərini belə sıralamaq olar: 

1) Silah və hərbi texnikanın modernləşdirilməsi məqsədilə Ermənistan Silahlı Qüvvələri helikopterlər, pilotsuz uçuş aparatları, reaktiv artilleriya, tankəleyhinə artilleriya, rabitə, istehkam, atıcı, hərbi topoqrafiya vasitələri, zirehli texnika, avtomobil texnikası, hava hücumundan müdafiə vasitələri, artilleriya radiolokasiya stansiyaları ilə təchiz edilib; 

2) Əsas istiqamətlərdə yerləşən döyüş postlarına videomüşahidə vasitələri yerləşdirilib. Eyni zamanda, yeni müdafiə zolağı tutmuş korpus, hərbi hissə, kəşfiyyat və hava hücumundan müdafiə qoşunlarının radioşəbəkələrinin təmin edilməsi məqsədilə yeni retranslyator stansiyaları quraşdırılıb; 

3) Silahlı qüvvələrdə struktur və əsaslı islahatlar aparılaraq, korpus, birləşmə, hərbi hissə və bölmələrin strukturuna yenidən baxılıb. Prosesin birinci mərhələsi 2021-2022-ci illəri, ikinci mərhələsi isə 2023-2024-cü illəri əhatə edir. Birinci mərhələdə artıq müəyyən işlər görülüb. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan alay səviyyəsindəki əksər hərbi hissələr briqadaya çevrilib. Habelə, 1-ci və 4-cü Ordu korpusları ləğv edilərək, əvəzində Sünik vilayətində Xüsusi Korpus yaradılıb;

 4) Rusiya ilə Ermənistan arasında müdafiə sahəsində daha əvvəl bağlanmış müqavilələr əsasında Rusiyanın 102-ci hərbi bazasının imkanlarının artırılması davam etdirilib. 102-ci hərbi bazanın Sünik vilayətinin Sisian və Gorus şəhərlərində dayaq məntəqələri açılıb. Hazırda Tavuş vilayətinin Ayqepar və Voskepar kəndlərində də yeni dayaq məntəqələrinin açılması prosesi davam edir.

 

Son iki ildə Ermənistanın hərbi gücünü artırmaq istiqamətində həyata keçirdiyi siyasətin prioritetlərindən biri də rəsmi İrəvanın digər ölkələrlə hərbi əlaqələri gücləndirmək, daha dəqiq desək, ordunu yeni silahlarla təchiz etmək olmuşdur. Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinə qədər Ermənistanın silah idxalında tamamilə Rusiyadan asılılığı davam etmişdir. Belə ki, həmin dövrdə Ermənistanın aldığı silahların 94 %-i Rusiyanın payına düşmüşdür.

 

İkinci Qarabağ Müharibəsindən sonra isə Ermənistan silah alınmasında siyasətini diversifikasiya etməyə çalışır. Bu məqsədlə də dünyanın bir sıra ölkələri ilə hərbi əlaqələr qurmağa və ya bu əlaqələri daha da dərinləşdirmək siyasətinə üstünlük verir. Burada Ermənistanın silah aldığı, yaxud alması ilə bağlı ciddi iddiaların olduğu iki dövləti xüsusi qeyd etmək istərdik: Hindistan və İran. Son aylarda Ermənistan və Hindistan arasında silah alqı-satqısındakı əməkdaşlıq real müstəviyə keçib. Ötən ilin sentyabrında hər iki ölkənin müdafiə nazirliklərinin razılaşmasından sonra Ermənistanın Hindistandan 245 milyon dəyərində silah sifariş etdiyi məlum oldu.

 

Mediada yayılan məlumata görə, Ermənistanın Hindistandan aldığı silahlara “Pinaka” raketləri, tank əleyhinə sistemlər və digər sursatlar daxildir. Bir məqamı da vurğulayaq ki, Hindistan “Pinaka” raketlərini Ermənistanın timsalında ilk dəfə olaraq xarici ölkəyə satır. Daha sonra yayılan digər bir məlumata görə isə, Ermənistan Hindistana özüyeriyən 155 mm-lik “MArG” (Multi-terrain Artillery Gun) haubitsaları sifariş verib.

 

Göründüyü kimi, iki ölkə arasında hərbi əməkdaşlıq son aylarda xeyli inkişaf edib və bu əməkdaşlığın yaxın perspektivdə daha da dərinləşəcəyi gözləniləndir. Onu da əlavə edək ki, rəsmi İrəvan və Dehli İkinci Qarabağ Müharibəsindən əvvəl də hərbi sahədə geniş əməkdaşlıq edib, hətta müharibə dövründə Hindistan Ermənistanı “Svati” əks-artilleriya radarları ilə təchiz edib

 

Hindistanın Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirmək istəyinin əsas səbəbləri kimi qısa olaraq geosiyasi amilləri və N.Modi hökumətinin anti-islam baxışlarını qeyd etmək olar. Daha dəqiq desək, Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın mövcudluğu, rəsmi İslamabadın Ermənistanla münaqişədə bizə verdiyi birmənalı dəstək, ölkəmizin Kəşmir məsələsində Pakistanı müdafiə etməsi Hindistanın Ermənistanla münasibətlərinə təsir edən əsas amillərdən biri kimi qəbul edilə bilər. Onu da nəzərə almaq lazımdır ki, regionda Türkiyə –Azərbaycan – Pakistan üçtərəfli əməkdaşlığının hərbi-siyasi sahəni də əhatə etməsi, hər üç ölkə tərəfindən birgə hərbi təlimlərin keçirilməsi də rəsmi Dehli tərəfindən xoş qarşılanmır.

 

Ermənistanın hərbi gücünü artırmaq istiqamətində potensial tərəfdaş olaraq gördüyü dövlətlərdən biri də İrandır. İran-Ermənistan, həmçinin Azərbaycan-İran münasibətlərinin xarakteri, Cənubi Qafqazda formalaşmış geosiyasi konfiqurasiya və proseslər, o cümlədən konkret faktlar hər iki ölkənin hərbi sahədə, xüsusilə də silah ticarətində geniş əməkdaşlığını mümkün edir. 

 

Son illərdə İran-Ermənistan hərbi əməkdaşlığı ilə bağlı üzə şıxan faktlara nəzər salaq. 2022-ci ilin oktyabrın 18-də İranın ali rəhbəri Ayətullah Xameneinin hərbi məsələlər üzrə köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bəyan etdi ki, artıq 22 ölkə İrandan pilotsuz uçuş aparatı almaq istəyir və bu ölkələr arasında Ermənistan da var.

 

Ötən ilin sonlarında mediada yayılan daha bir məlumata görə isə, İran Ermənistana 500 ədəd “Dehlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi olmaqla 600 ədəd raket verib. Bu məlumat rəsmi Tehran tərəfindən təsdiq edilməsə də, indiki reallıqlarda və İranın cari regional siyasətini nəzərə aldıqda, iki ölkə arasında hansısa məxfi hərbi sövdələşmənin baş verməsi tamamilə real görünür.

 

Ümumiyyətlə, İkinci Qarabağ Müharibəsindən sonra iki ölkə arasında hərbi əlaqələr xeyli artıb. Xüsusilə, İran və Ermənistanın hərbi-siyasi rəsmilərinin qarşılıqlı səfərləri, görüşləri bu dövrdə intensivləşib. Keçirilən görüşlərin, həyata keçirilən səfərlərin gündəliyi ilə tanış olduqda, görmək olar ki, Ermənistan hərbi arsenalını İran silahları ilə zənginləşdirməkdə maraqlıdır. Burada bir vacib məqamı da qeyd etmək olar ki, iki ölkə arasında aktuallaşan hərbi əməkdaşlıqda texnoloji amil böyük rol oynayır. Ermənistan İranın hərbi-sənaye kompleksinin yeni raket sistemlərinə, dronlarına böyük maraq göstərir. Bir faktı da əlavə etmək istərdik ki, 2022-ci ilin avqustunda İran İslam İnqilabının Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin Kaşan bazasında İran, Rusiya, Belarus və Ermənistanın birgə PUA təlimləri və yarışması keçirilib.

 

Beləliklə, Ermənistanın hərbi gücünü artırmaq siyasətinə nəzər saldıqda, əsas məqamları belə sıralamaq olar: rəsmi İrəvan hərbi büdcəni davamlı olaraq artırmaqda davam edir, orduya yeni müasir silahların alınması istiqamətində addımlar atılır, ordu yenidən strukturlaşdırılır, Rusiyadan silah idxalında asılılığı azaltmaq və hərbi əlaqələri müxtəlifləşdirmək məqsədi ilə məqsədyönlü strategiya həyata keçirilir, peşəkar orduya keçmək niyyəti hədəf olaraq müəyyənləşdirilir və s. Bütün bu addımlar Ermənistanın revanşist istəkləri və ziddiyyətli siyasəti fonunda atılır. Belə olan halda, Ermənistanın hərbi gücünü artırmaq siyasəti regionda davamlı sülhün, təhlükəsizlik mühitinin formalaşmasına deyil, əksinə, yeni gərginliklərin, münaqişələrin yaranmasına xidmət edən amil kimi qəbul edilə bilər.

 

Müəllif: Mətin Məmmədli,

 aparıcı məsləhətçi,

 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 5 746          Tarix: 10-04-2023, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma