Xəbər lenti


Ukraynada müharibə şəraitində bəzi strateqlər Rusiyanın “dekolonizasiyası”na nəzər salır

 

 

Anchal Vohra

“Foreign Policy

17 APREL 2023-cü il

 

Rusiyanın Ukrayna döyüş meydanında zəif çıxışı və Rusiya prezidenti Vladimir Putinin nüvə təhlükəsinin nominal qiymətləndirilməməsi ilə bağlı artan inam Qərb analitiklərini və rusiyalı dissidentləri açıq şəkildə Rusiyanın özünü “dekolonizasiyaya” çağırmağa cəsarətləndirdi. Onlar burada 21 qeyri-slavyan respublikası da daxil olmaqla 83 federal qurumdan ibarət Sovet İttifaqının varisi olan nəhəng Rusiya Federasiyasını nəzərdə tuturlar.

 

ABŞ Nümayəndələr Palatası, Senat və müdafiə, dövlət və ticarət departamentlərinin üzvlərindən ibarət müstəqil ABŞ dövlət qurumu olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Kommissiyası bəyan edib ki, Rusiyanın müstəmləkəsizləşdirilməsi “mənəvi və strateji məqsəd” olmalıdır. Rusiyadan mühacirətdə olan siyasətçilər və jurnalistlərdən ibarət Azad Millətlər Post-Rusiya Forumu bu ilin əvvəlində Brüsseldə Avropa Parlamentində iclas keçirib və bu ay Amerikanın müxtəlif şəhərlərində daha üç tədbirin keçirilməsini planlaşdırır. Təşkilat bununla bağlı yaydığı bəyanatda hətta Rusiyanın Ukraynada uduzduğunu və Putin hakimiyyətinin devriləcəyini proqnozlaşdıraraq, ondan sonra 41 fərqli ölkəyə bölünmüş Rusiyanın xəritəsini dərc edib.

 

Qərb analitikləri Rusiyanın parçalanmasının getdikcə daha çox yaxınlaşdığı düşünür və Qərbin nəinki gələcək vətəndaş müharibələrinin mümkün yayılmasını idarə etməyə hazırlaşmalı, həm də resurslarla zəngin varis dövlətləri öz ambitinə cəlb edərək parçalanmadan faydalanmaq nəzəriyyələrini irəli sürürlər. Onlar iddia edirlər ki, Sovet İttifaqı 1991-ci ildə dağılanda Qərb gözlərini yumdu və əldə edilmiş fürsətdən tam faydalana bilmədi. İndi o, Putinə yeni imkanlar qazandırmaq əvəzinə, Rusiya təhlükəsini birdəfəlik aradan qaldırmaq üçün strategiya qurmalıdır.

  

Lakin bir çoxları Rusiyanı qlobal sülh və təhlükəsizliyə daha ciddi təhdid olaraq görür, hərbi və iqtisadi cəhətdən Qərbdən daha zəif olsa belə, hələ də təxminən 6000 nüvə başlığına, silahlı milislərə və böyük resurslara malik olan düşməni hədələməyə qarşı xəbərdarlıq edirlər. 

 

Ceymstaun Fondunun baş əməkdaşı Yanuş Buqayski bu yaxınlarda “Uğursuz dövlət: Rusiyanın parçalanmasına dair bələdçi” adlı kitab yazıb. O, Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını sıxışdırdığını və “çox sayda regionların sakinlərində azalan büdcələri ilə bağlı narahatlıq”ların ortaya çıxdığını iddia edir. Bu məntiqdən çıxış edən yazar Putinə təhlükəsizlik zəmanətinin verilməsinin əleyhinədir.

 

Müəllifin fikri ilə razılaşanlar deyirlər ki, Putinin Ukraynadakı məğlubiyyəti onun güclü lider kültünü məhv edəcək və zəifliyini ortaya çıxaraq. Qeyri-slavyan respublikalarındakı elita Moskvanın həm əvvəlki qədər ciblərini dolduracaq qədər zəngin, həm də onların müxaliflərini əzəcək qədər hərbi gücə malik olmadığını başa düşdükcə regionlar üsyana qalxacaqlar.

 

Berlindəki Avropa Dayanıqlılıq Təşəbbüsü Mərkəzinin direktoru və Rusiyanın RBC-TV-nin biznes yayımının keçmiş baş redaktoru Sergey Sumlenninin fikrincə isə, Putin müxtəlif xalqların elitasını korlamaqla və Çeçenistan tipli münaqişə qorxusunu aşılamaqla onlara nəzarət edir.

 

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rusiyanın 14 dövləti öz suverenliyini elan etdi. Bir neçə il sonra Çeçenistanda baş verən qanlı kampaniya müstəqillik hərəkatını ruhdan salmaq və dağıtmaq üçün nəzərdə tutulmuşdu, Putinin ciddi mərkəzləşdirmə siyasəti isə sözdə muxtar respublikaları möhkəm şəkildə Moskvanın nəzarəti altına aldı.

 

“Lakin Ukraynadakı müharibə Putini ruhdan düşmüş, onun özü barədə formalaşdırdığı obraza layiq olmayan cılız adam olduğunu ortaya qoydu”,- Sumlenni iddia edir.

 

“O, [Rusiyada] hər kəsi məğlub edə bilən lider kimi görünürdü və Ukrayna o qədər zəif görünürdü ki, heç bir səy göstərmədən məğlub olacaq”, - Sumlenny Berlindən telefonla Foreign Policy-ə deyib: “Amma indi hamı, o cümlədən respublikalar və regionlardakı hakim elita görür ki, Moskvanın nə pulu var, nə də güclü ordusu. Əgər siz mafiya başçısısınızsa, başınıza gələ biləcək ən pis şey, tabeliyində olanların bir gün sizin iddia etdiyiniz qədər güclü olmadığınızı başa düşmələridir."

 

İllərdir Rusiya Federasiyasının bəzi yerlərində narazılıq və etiraz səsləri eşidilir. Moskvadan 5 min mil aralıda, Rusiyanın Uzaq Şərqindəki Xabarovsk bölgəsində minlərlə insan 2020-ci ildə qubernatorlarının saxta ittihamlarla həbs olunmasında qarşı aylarla etiraz etmişdi. Onlar bildirirdilər ki, Kreml vilayətə rəhbər seçdikləri Sergey Furqalın tutulması əmrini verərək onların səsini oğurlayıb və legitim meri bir kukla ilə əvəzləyib.

 

Elə həmin il Başqırdıstan Respublikasında etirazçılar müqəddəs  bildikləri təpələrin əhəng daşının çıxarılmasına etiraz etmişdilər. 2018-19-cu illərdə Moskvadan 700 mil şimalda yerləşən Arxangelsk vilayətinin əhalisi Rusiya hökumətinin ərazilərindən Moskvanın zibilxanası kimi istifadə edilməsinə mane olmaq üçün yolları bağlayıb çadırlar qurmuşdular.

 

Tatarıstan Respublikasında tatarların daha çox mədəni muxtariyyət uğrunda mübarizə aparır, rus dilinin tətbiqi və kiril qrafikasından latın əlifbasına keçidin qadağan edilməsi ilə bağlı yavaş-yavaş alovlanan millətçi hərəkat böyüyür. Başqırdıstanda da öz yerli dillərini qorumaq üçün etiraz aksiyası keçirilib və nümayişlərdə “Dil yoxsa millət yoxdur” kimi şüarlardan istifadə olunub.

 

Bu yaxınlarda, Putinin qismən səfərbərlik elanından və daha kasıb bölgələrdən qeyri-mütənasib sayda çağırışçını Ukrayna ilə savaşa cəlb etdikdən sonra ölkənin müxtəlif yerlərində etirazlar alovlandı. Buryatiya Respublikasında ehtiyatda olan hərbçilərin işə götürülməməsi üçün Azad Buryatiya Fondu yaradılıb, Dağıstan və Çeçenistan respublikaları, sonuncunun lideri Ramzan Kadırovun Putinə sədaqət andı içməsinə baxmayaraq, hər ikisi çağırış kvotasını artıq yerinə yetirdiklərini bildiriblər. Saxa Respublikasının Yakutsk şəhərində qadınlar küçələrə çıxaraq “Uşaqlarımız yaşasın!” şüarları səsləndiriblər.

 

Ekspertlər regionda gərginliyin çoxdan mövcud olduğunu göstərmək üçün keçmişdəki etirazları misal gətirirlər. Bəziləri hesab edir ki, indiki anti-səfərbərlik etirazları Rusiya respublikalarında birləşdirici və müstəqillik hərəkatlarını gücləndirici amilə çevrilə bilər. Bu, belə ola bilər, amma indiyə qədər irəli sürülən versiyalar konkret kəşfiyyat məlumatlarına və ya güclü “yeraltı hərəkət”lərin sübutlarına deyil, daha çox ümidə söykənir.

 

Rusiyanın qaçılmaz parçalanmasının tərəfdarları tərəfindən irəli sürülən hər bir arqumentlər üçün daha çox əks arqumentlər də var. Həqiqət isə budur ki, Rusiyanın bilərəkdən saxladığı informasiya vakuumu mövcuddur; lakin məlumatın olmaması əks arqumentli nəzəriyyələri əsaslandırmır.

 

Ekspertlər qeyd edir ki, muxtar respublikalardakı Rusiya vətəndaşları Putindən qorxa bilər, lakin Putinə qarşı olmaq heç də Rusiyaya qarşı olmaq demək deyil. Hətta Rusiyanın tərkibindən çıxmaq istəyən dövlətlər üçün belə, bundan sonra demokratik və ya Qərbə dost olacağına heç bir zəmanət yoxdur. Ekspertlər qorxurlar ki, Rusiyanın Uzaq Şərqində bir çox regionlar artıq Çinə meyl edir. Bundan əlavə, vətəndaş müharibələri və Rusiya nüvə silahları uğrunda vuruşmağa hazır olan regional diktatorların yaradacağı narahatlıqlar da var.

 

Yukos” Neft Şirkətinin keçmiş baş direktoru, sonra isə Rusiyada siyasi məhbus olan Mixail Xodorkovski Rusiyanın dinc yolla parçalanmasına inanmır və regional müharibələr barədə xəbərdarlıqlar edir. "Əvvəla, Rusiya vahid nəqliyyat və iqtisadi mexanizmə bağlıdır", - Xodorkovski bildirib. O əlavə edib ki, resursla zəngin regionların əksəriyyətinin dənizə çıxışı yoxdur. “Bu, daha az insanı olan, lakin böyük resursları olan regionlar ilə böyük əhalisi və resursların daşınması yolları arasında potensial münaqişə yaradır”. Bu fərqli bölgələr sərhədlər uğrunda döyüşəcək və nüvə silahlarına nəzarəti ələ keçirməyə çalışacaqlar - Qərb üçün əsl kabus ssenarisi.

 

Xodorkovski əlavə edib ki, itirilmiş əraziləri geri qaytarmaq üçün Moskvada Putinin yerinə başqa bir diktator gələcək. Qərb bir-biri ilə müharibə edən, nüvə silahı və onların çatdırılma vasitələrinə malik olan 15-20 yeni dövlətin öhdəsindən gələcəkmi? – deyə soruşur: Qərb ordunun və yoxsul [Rusiya] əhalisinin tələbi ilə ölkəni yenidən birləşdirəcək diktatorun öhdəsindən gələcəkmi?”

 

Kreml Qərbi mütəmadi olaraq Rusiya daxilində problem yaratmaqda ittiham etsə də, Qərb paytaxtlarında Rusiyanın parçalanması ilə bağlı söhbətlər millətçilik şövqünü artıra və rusları Putinin arxasında toplaşmağa vadar edə bilər. Bundan həmçinin Putinin bütün Avropadakı ifrat sağ tərəfdarları antiamerikanizmi gücləndirmək üçün istifadə edirlər. Daha da pisi, dezinformasiya mexanizmlərini qidalandıra və paralel hekayələr qurmaq üçün onlayn sui-qəsd nəzəriyyəçiləri tərəfindən sitat gətirilə bilər.

 

Avropadakı Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Joana Deus Pereyra, Rusiyanın parçalanmasının "çox qeyri-mümkün olduğunu" söyləyib. “Hətta Qərbdəki bu cür təlqinlər “Putinin cazibəsini” artıracaq”, - deyə o əlavə edib və millətçi rusların onları necə görə biləcəyinə dair bəzi perspektivlər verib.

 

"Sovet İttifaqı dağıldıqdan sonra rusların Avropaya daha yaxın olacaqlarını söylədilər. Bu baş vermədi və Rusiyanın qüruruna zərbə vurdu. Bu kontekstdə Putinin Rusiyanı diz çöküşü kimi təhqiramiz vəziyyətdən çıxaracağı ilə bağlı dediyi ilk çıxışına baxın. Gördüyümüz və izlədiyimiz kimi, bu məsələdə Putinə böyük dəstək var və Rusiyanı parçalamaq üçün istənilən söhbət və ya səylər ona ancaq kömək edə bilər”, - Deus Pereyra bildirib. Üstəlik, onun sözlərinə görə, qeyri-slavyan respublikalar və regionlar əslində Rusiyanın parçalanmasını istəmir, ancaq “bölgələrinin, öz bayraqlarının tanınmasını və Rusiya Federasiyasının tərkibində daha çox mədəni müstəqillik əldə etməsini” istəyir.

 

Həm Rusiyanın dağılacağına inananlar, həm də ona qarşı çıxanlar bir məsələdə həmfikirdirlər: Rusiya Federasiyası əslində heç vaxt həqiqi federasiya olmayıb. Xodorkovski bildirib ki, bu ölkədə mərkəzsizləşdirmə əsasdır. Nə vaxt Qərbin sanksiyaları ləğv etmə vaxtı gəlsə, regionlardan legitimlik almış hökumətlə danışıqlar aparmalıdır.

 

"Bu, tərəzinin federallaşmaya doğru getməsinə səbəb olacaq" , - Xodorkovski belə düşünür.

 

Tərcümə etdi: Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 576          Tarix: 18-04-2023, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma