Makronun Çin səfərləri Paris/Brüssel-Pekin münasibətlərinin dinamikasına güclü təsir göstərmiş oldu. Bir tərəfdən Makron Moskvanın Pekindən asılılığını nəzərə alaraq Çinin Rusiyaya Ukrayna məsələsinə görə təzyiq göstərməsinə, digər tərəfdən isə Vaşinqtonla iqtisadi ziddiyyətlər fonunda Çin ilə iqtisadi-ticarət münasibətlərini inkişaf etdirməyə çalışırdı.
Qərb↔Çin qarşıdurması
Geosiyasi terminlərlə ifadə etsək, Hind-Sakit okean regionu daxili və xarici aypara kimi vacib məkanlarda yerləşən ərazidir. Çinin bu region ilə bağlı “CPEDC”, Yaponiyanın “PALM”, Hindistanın “FİPİC”, Cənubi Koreyanın “KPIFMM”, Tayvanın “PİD”, Tailandın “TPİF”, ABŞ-ın “Pacific Pledge”, Kanadanın “Pacific Shift”, Böyük Britaniyanın “Pacific Uplift”, Avstraliyanın “Pacific Step-up”, Yeni Zelandiyanın “Pacific Reset, İndoneziyanın isə “Pacific Elevation” adlı strategiyaları vardır. Müşahidə etdiyimiz kimi Hind-Sakit okean məkanı əksər regional/qlobal güc mərkəzlərinin maraq sferasına daxildir.
Aİ-Çin
Çinə səfərdən sonra Makron Aİ-nin Vaşinqtona görə Tayvan ətrafında yarana biləcək mümkün qarşıdurmaya müdaxilə etməməli olduğunu bildirdi. Bu fikir Brüssel və Vaşinqtonda birmənalı qarşılanmadı. Vaşinqton Makronun səfər/bəyanatını Çinin təcavüzkar siyasətinin çəkindirməsini zəiflədən və ABŞ-ın Avropaya dəstəyini sarsıdan addım kimi qiymətləndirdi. Aİ Komissiyasının sədri Ursula fon der Lyayen isə Çin ilə əlaqələrin çox vacib olduğunu vurğulayaraq, Avropanın Çinə münasibətdə vahid strategiya və əlaqə prinsipləri müəyyən etməli olduğunu bildirdi. Sədrin fikrincə, Aİ-nin yanaşması (ABŞ-ınkından) fərqli olmalı və digər tərəfdaşlarla (yəni Çinlə) əməkdaşlıq üçün yer saxlamalıdır.
Fransa-Çin
Sakit okeanın cənub hissəsində mövcud xırda dövlətlər dünya əhalisinin 0,1%-ni, amma BMT-dəki ümumi səslərin 6,7%-ni və beynəlxalq dəniz məkanının 40%-ni əhatə edir. Parisin Reyunyon, Mayotta, Vollis və Futunu, Yeni Kaledoniya, Fransa Polineziyası kimi ərazilər üzərində protektoratı Fransanın regionda mövcudluğunu legitimləşdirir. Fransa, 11 mln. km2 sahəsi ilə dünyada ikinci ən böyük eksklüziv iqtisadi zonaya malikdir. Bu, Fransa Polineziyası və böyüklüyünə görə Aİ-nin quru sahəsinə bərabər olan 4,5 mln km2-lik dəniz sahəsi sayəsində əldə edilir.
Çin Fransanın adalar üzərində suverenliyini şübhə altına almasa da, Fransanı Hind-Sakit okean yox, Avropa dövləti kimi nəzərdən keçirir. 2023-cü ilə qədər Pekin Parisi Vaşinqtonun regiondakı müttəfiqi hesab edirdi. Fransanın 2018-ci il tarixli Hind-Sakit okean strategiyası Pekin tərəfindən anti-Çin xarakterli sənəd qismində qiymətləndirilir, 2019-cu ildə isə Çin hərbi dəniz qüvvələri Fransanın “Vandemyer” hərbi gəmisinə yaxınlaşaraq Tayvan boğazını tərk etməyi əmr etmişdi. Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 14% artıb, $109 mlrd.-a çatdı. Fransanın Çin ilə ticarəti mənfi saldolu (idxal>ixrac) olduğuna görə Paris ehtiyat edir ki, Qərb və Çin arasında mümkün siyasi-iqtisadi qarşıdurma Fransa iqtisadiyyatına ciddi ziyan vuracaqdır.
Ukrayna böhranı
Səfərlər çərçivəsində Si Cinpin Fransanın Ukrayna ilə bağlı təklif edəcəyi istənilən sülh sazişini dəstəkləyəcəyini bildirmişdir. Bu səbəbdən Parisin yaxın vaxtlarda Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni plan təqdim edəcəyi gözlənilir. Görünən odur ki, bu planın bir hissəsini Çinin təklif etdiyi 12 bənddən ibarət tənzimlənmə planı təşkil edəcəkdir.
Nəticə
Brüssel/Parisin fikrincə, Ukrayna böhranı səbəbindən Rusiya ilə iqtisadi əlaqələrin məhdudlaşması Avropanın iqtisadi imkanlarını zəiflətməklə yanaşı, onun ABŞ-dan iqtisadi-siyasi asılılığını artırmış oldu. Brüssel/Paris belə zənn edir ki, Rusiya ilə münasibətlər bərpa edilmədən və ya Vaşinqtondan siyasi-iqtisadi asılılıq aradan qalxmadan Çin ilə Tayvana görə münasibətlərin kəskinləşdirilməsi Avropanın ABŞ-dan asılılığını daha da artırıb, Brüsseli Vaşinqtonun vassalına çevirəcəkdir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: