Xəbər lenti


Apreldə Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Ermənistanın silahlandırılmasının vacibliyindən danışmış, mayda isə Fransa Ermənistana yeni hərbi attaşe təyin etmək barədə qərar qəbul etmişdir. Hazırda fransalı hərbi təlimatçılar Ermənistan hərbçilərinə hücum və kəşfiyyat məqsədli dronlardan istifadə etməyi öyrədir. Mövcud məlumatlara əsasən, hərbi attaşe təyin edildikdən sonra Fransa Ermənistana 50 ədəd ZTR, perspektivdə isə zenit raket kompleksi göndərə bilər. 

 

Daxili siyasi faktorlar

 

Apreldə BVA tərəfindən keçirilən sorğu Makronun reytinqinin 26%-ə endiyini bildirdi. Belə şəraitdə Makrona sayı 600 mindən çox olan, siyasi cəhətdən aktiv və kompakt erməni diasporunun dəstəyini qazanmaq həyati-vacibdir. BMT TŞ-da anti-Azərbaycan qətnamələrinin iflası, ardınca Aİ-nın əli ilə Azərbaycana qarşı sanksiyaların qəbul edilməsində uğursuzluq Makronu dəstəyi itirməmək üçün daha praktiki addımlar atmağa məcbur etdi. 

 

Xarici siyasi faktorlar

 

Rusiya Fransanı Mərkəzi Afrika Respublikası və Burkino-Faso kimi ölkələrdən qovub. Görünən odur ki, Fransa bunun əvəzini Ermənistanda möhkəmlənməklə və Rusiyanı burdan sıxışdırmaqla çıxmaq istəyir. Bu məqsədlə Fransa Rusiyanın Ermənistandakı silah satışı monopoliyasını dağıtmaq istəyir.

 

Ermənistanın gücləndirilməsinin arxasında Türkiyə faktoru da dayanır. Liviya, Suriya, Aralıq dənizi və digər regionlarda Türkiyəyə nüfuz/mövqe baxımından uduzan Fransa, Ermənistanı silahlandırmaqla Türkiyənin digər regionlardan diqqət və resurslarını yayındırmaq istəyir. Bu məqsədlə o Ankaranın prezident seçkiləri müddətində başının daxili siyasətə qarışmasından istifadə edib, Türkiyənin şərq sərhədlərində öz mövqelərini gücləndirməyə çalışır.

 

Müşahidələr göstərir ki, Moskva-İrəvan ziddiyətləri fonunda Fransanın erməni cəmiyyətində və siyasi elitasında mövqeləri güclənməyə doğru gedir. Lakin son sosial sorğulara əsasən, erməni cəmiyyəti birinci yerdə İranı (54%) və yalnız ondan sonra Fransanı (52%) əsas təhlükəsizlik tərəfdaşı qismində nəzərdən keçirir. Görünən odur ki, Paris Rusiyanın mövqelərini sarsıtmaqla yanaşı Tehranı da birincilikdən devirməyi hədəfləyir. Buna nail olmaq üçün Paris Tehranın etmədiyini – Ermənistana gizli yox, rəsmi formada silah satışı həyata keçirtməyi planlaşdırır.

 

Əks amillər

 

Uğurlu Fransa-Ermənistan hərbi əməkdaşlığına iki mühüm amil mane olur. 

 

1. Rusiya bir tərəfdən özü Ermənistana silah ötürmür, digər tərəfdən də axırıncının İran və Hindistandan əldə edildiyi silahları Ermənistan ərazisinə buraxmır. Rusiyaya düşmən olmayan İran və Hindistan kimi ölkələrdən alınan silahlar Rusiyaya görə Ermənistana daxil ola bilmirsə Fransa silahları da ehtimal ki, Moskvanın kəskin müqaviməti ilə qarşılaşacaqdır.

 

2. Qərb Ukraynaya “Challanger” və “Leopard” tipli tanklar versə də “Abrams” tipli tanklar yalnız sentyabrda veriləcəkdir. Səbəb: “Abrams” tanklarındakı mütərəqqi hərbi texnologiyanın Rusiyanın əlinə keçməməsidir. Bu məqsədlə ABŞ sentyabra qədər bu tankları əvvəlki modernizasiya səviyyəsinə endirməyi planlaşdırır. Rusiyanın Ermənistandakı kəşfiyyat imkanlarını nəzərə alsaq, Fransanın Ermənistana hər hansı yüksək-texnoloji hərbi texnika ötürməyəcəyini ehtimal etmək olar. Belə ki, bu ən azından ABŞ, NATO ölkələri və İsrail (texnikanın İranın əlinə düşməməsi üçün) kimi ölkələrin kəskin müqaviməti ilə qarşılaşacaqdır. 

 

Nəticə

 

Ermənistana silah verməklə Fransa təkcə Aİ-nın problem yaşayan tərəflərə silah satmama barəsində ənənəvi siyasətini pozmuş olmur. Bu həm də ATƏT-in münaqişə tərəflərinə silah-sursatın satılmaması haqqında 1992-ci il qətnaməsinə ziddir. Bu qətnamə səbəbindən Bakı uzun illər Avropa ölkələrindən hərbi texnika ala bilmirdi. Lakin hazırda Bakı 1992-ci il qətnaməsinin Fransa tərəfindən pozulmasını əlində rəhbər tutub, Böyük Britaniya və strateji tərəfdaş olduğu Avropa İttifaqının 9 ölkəsindən silah əldə etmək imkanı qazanmış olur. Beləliklə, Ermənistana silah satmaqla regional qüvvələr balansının Ermənistanın xeyrinə dəyişmək istəyən Fransa yekunda təmamilə əks nəticə əldə etmiş olacaq.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 6 061          Tarix: 18-05-2023, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma