Xəbər lenti


Moskvaya hərbiçilərin yürüşü Priqojin “ədalət marşı”, Putin isə “hərbi qiyam” və “xəyanət” adlandırır.

 

15 min hərbçi və mindən artıq hərbi texnika Moskvaya doğru hərəkət etsə də, Lukaşenkonun vasitəçiliyi sayəsində Priqojin yürüşü dayandırmağa və Vaqnerin qalıqları ilə Belorusa getməyə razı oldu.

 

Cavabsız suallar

 

Priqojinlə Belorusa getmək istəməyən vaqnerçilərin Müdafiə Nazirliyinin tabeçiliyində aqibəti necə olacaqdır? Rostov ilə müqayisədə (1079 km) Belorusdan Moskvaya (600 km) məsafənin daha qısa olduğunu nəzərə alsaq, Priqojinin “ədalət marşının” bir daha baş vermə ehtimalı nə qədərdir? Priqojinin “xain” çıxmasından sonra elitalararası balansın bərpa edilməsi məqsədilə Şoyqu və Gerasimovun vəzifədən getməsi nə dərəcədə mümkündür? Priqojinin tələb və marşından sonra onların vəzifədən mümkün getməsi Putinin reputasiyasına necə təsir göstərəcək? Əgər həqiqətən (ABŞ kəşfiyyatına əsasən) Vaşinqton/Moskva qiyamın baş verəcəyini bir sutka qabaqdan bilirdisə, niyə qabaqlayıcı (və ya dəstəkləyici) tədbirlər görülməmişdir? Niyə Kreml qırıcı təyyarələrlə Moskvaya hərəkət edən kolonları dağıtmadı? Hansı səbəbdən Priqojin uzaq Afrikaya deyil, qonşu Belorusa göndərildi? Niyə Priqojinin teleqram kanalları hələ də bağlanmayıb?

 

Daxili və xarici fəsadlar

 

Xalq və dövlət aparatının Putinə dəstək səviyyəsi əhalinin Vaqnerə reaksiyası ilə nümayiş olundu. Bir tərəfdən Vaqnerin daxil olduğu ərazilərdə ona ciddi müqavimət göstərilmədi, digər tərəfdən Putinə dəstək ifadə edən rəsmilər (Volodin, Matvienko, Lavrov, patriarx Kiril, Mironov, Kadırov) içərisində Patruşev (TŞ katibi), Bortnikov (FSB) və Narışkin (SVR) yox idi

 

Qiyam Rusiyanın daxili siyasətinə Lukaşenko faktorunu daxil etdi. Yürüşün özü ilə yanaşı onun danışıqlar və qiyamçılara əfv vədi ilə dayandırılması isə Putinin daxili/xarici auditoriya qarşısında nüfuzuna sarsıdıcı zərbə endirdi. 

 

Kremlin çevrilişə cəhd şəraitində geri çəkilməsi Ukrayna və Qərbi Rusiyaya münasibətdə güc yanaşmasının doğru olduğu ideyasında möhkəmləndirdi. M.Podolyaka görə, əgərhakimiyyət, sözün əsl mənasında, əsas subyektin əlindən, barmaqların arasından qum kimi sürüşürsə və hər kəs hərbi komandanlığa ayağını silirsə”, belə ölkə ilə danışıqlar aparmağa dəyməz. Qiyamdan sonra hazırkı rejimin hakimiyyəti qoruma şansları tam olaraq Ukrayna cəbhəsindəki vəziyyətdən asılı olacaqdır.

 

Cənubi Qafqaz

 

Rusiyada siyasi sabitliyin aşağı düşməsi, hakimiyyətdə yeni konfiqurasiyalar xarici siyasətdə yeni təşəbbüslərin və onların reallaşma mexanizmlərinin meydana gəlməsini təcəssüm etdirir. Yeni təşəbbüslər təhlükəli və proqnozlaşdırıla bilməyən ola bilər. Azərbaycan üçün Rusiya ilk növbədə Putin, daha sonra MN, XİN, güc strukturları və sosial-iqtisadi qruplardır. Qarabağdakı sülhməramlı kontingent Cənub Hərbi Dairəyə tabe olduğuna görə Priqojin Rostovu tutanda RSK və Hərbi Dairə arasında əlaqə kəsilmişdi. Putinin zəng etdiyi liderlər içərisində Prezident Əliyev yox idi. Paşinyan isə Putinə yalnız məsələ nizamlanandan sonra zəng etmişdir.


 Nəticə


Priqojinin qiyamı Rusiyanın idarəetmə sistemində çoxlu nöqsanlar üzə çıxartdı. Bu özünü həm Ukrayna cəbhəsində, həm də növbəti prezident seçkilərində biruzə verəcəkdir. Qiyam Kremlə maksimalist təşəbbüslərdən uzaqlaşıb, real dünyaya qayıtmaq haqqında bir xəbərdarlıq idi. “Vardanyan layihəsi”, Qarabağın rus icması kimi nəticəsiz layihələr Rusiyanın regionda mövqelərini möhkəmləndirmək əvəzinə onun Bakı və İrəvanla münasibətlərinə xələl gətirib, gələcək siyasi mövcudluğunu şübhə altına almış olur. 

 

Bu hadisələr fonunda həmçinin xarici işlər nazirləri ABŞ-da növbəti görüş keçirirlər. Görünən odur ki, ABŞ Rusiyadakı cari vəziyyətdən istifadə edib, sülh sazişinin imzalanması üçün tərəflərə təsir/təzyiq göstərəcəkdir. Bakının aydın gündəliyi və təzyiqə tab gətirə biləcək resurs/iradəsi olduğu halda Ermənistanda bunların heç biri yoxdur. Bu isə o deməkdir ki, danışıqlarda həm Bakı, həm də Vaşinqton İrəvandan praktiki addımların atılmasına tələb edəcəklər.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 5 404          Tarix: 27-06-2023, 22:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma