ABŞ-ın təşkilatçılığı və iştirakı ilə xarici işlər nazirləri arasında danışıqlar konkret nəticə vermədi. Danışıqlar barışmaz mövqelər və konstruktiv/destruktiv təsirlərlə müşaiyət olunurdu.
Barışmaz mövqelər
Ermənistan delimitasiyanın 1975-ci il xəritəsinə uyğun aparılması, qoşunların təmas xəttindən çəkilməsi, “Qarabağın erməni əhalisinin hüquqlarının müdafiəsi üzrə beynəlxalq mexanizmin” və sülh sazişinin təmin edilməsi üzrə beynəlxalq qarant institutunun bərqərar edilməsi mövqeyindədir. Bakı isə xarici işlər naziri C.Bayramovun timsalında İrəvandan qanunsuz silahlılar, daxili işlərə qarışmama, Qarabağ erməniləri ilə dialoqa mane olmama və beynəlxalq institutlarda Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkmə kimi 4 mühüm məsələdə konstruktiv siyasi iradənin təzahürünü gözləyir. Müşahidə etdiyimiz kimi danışıqların konstruktiv notda davam etməsinə mane olan əsas problem – Ermənistanın fərqli yollarla ölkəmizə qarşı davam edən ərazi iddiaları və separatizm siyasətidir. Lakin Prezident İlham Əliyev bildirdiyi kimi nə qədər ki, Ermənistan Azərbaycanın 86,6 min km2 çərçivəsində ərazi bütövlüyünə qarşı iddialarından əl çəkməyib, 29,8 min km2 çərçivəsində ərazisində özünü rahat hiss etməyəcək.
Şəkildə: 1920-ci il xəritəsi
Konstruktiv təsir – ABŞ
Blinken və Sallivanın yaxın iştirakı ilə təşkil olunan danışıqlar ABŞ-ın yüksək diplomatik aktivliyindən və konstruktiv rolundan xəbər verir. Bu aktivlik/konstruktivlik öz başlanğıcını ABŞ-ın beynəlxalq və regional maraqlarının kəsişdiyi nöqtədən götürür: şimalda Avropanın, cənubda isə Orta Şərqin təhlükəsizlik sistemini yenilətməyə çalışan dövlətlərlə qonşuluq, Rusiya və İranın qlobal/regional nüfuzunun azaldılma zərurəti, Mərkəzi Asiyaya yeganə təhlükəsizlik çıxış yolu, regionun Aİ-nin enerji təhlükəsizliyindəki rolu və NATO üzvü Türkiyənin Bakı ilə hərbi-siyasi ittifaqı ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasında marağını şərtləndirir. Bu məqsədlə ABŞ bir sıra destruktiv elementlərin təsir gücünü məhdudlaşdırıb. Danışıqların davam etdiyi müddətdə ABŞ-ın sanksiyaların koordinasiyası üzrə idarə rəhbəri C. O’Brayen N.Paşinyanla görüşmüş, erməni hərbçilərinin zərərsizləşdirilməsinə isə ən ermənipərəst ABŞ senatoru R.Menendez “dərin kədər” ifadəsi ilə münasibət bildirib.
Destruktiv təsir – Rusiya/Fransa
Moskva və Paris sülh sazişinin imzalanmasında maraqlı deyil. Nazirlərin may görüşü zamanı Rusiya təmir adı ilə Ermənistana qaz axınını dayandırmış, Metsamor AES-ni 75 günlük təmirə bağlamış və Ermənistanın Rusiyaya ixrac olunan kənd təsərrüfatı mallarına fərqli məhdudiyyətlər tədbiq etmişdir. Lakin bu dəfə Priqojin qiyamı və Ukraynanın əks-hücum əməliyyatı ilə əlaqədar bu təsir/təzyiqlər müşahidə edilməmişdir. Əvəzində Rusiyanın təsiri ilə təmas xəttində təxribat həyata keçirilmişdir.
Makron isə son çıxışlarında guya prezident İ.Əliyevə təzyiq göstərdiyini, “Qarabağ məsələsi ilə bağlı aydın mövqeyi və mesajı olan yeganə şəxs olduğunu” və Ermənistana hərbi attaşe təyin etdiyini bildirdi. Ölkə daxilində reytinqləri 20-30% civarında olan, təkcə öz rəqibləri deyil, hətta müttəfiq (ABŞ, İngiltərə, Almaniya və s.) və keçmiş müstəmləkələri (Əlcəzair, Mali, MAR, Tunis və s.) tərəfindən ciddiyə alınmayan şəxsin çıxışında təkcə bir hissə diqqətəlayiqdir: Makron çıxında “bu gündəmlə beynəlxalq ailədə demək olar ki, tək” olduğunu deyib, Fransanın maksimalist yanaşmasının ABŞ/Aİ və hətta Ermənistan tərəfindən dəstəklənmədiyini etiraf etdi.
Nəticə
Tərəflər Vaşinqtonda bəzi məsələlər üzrə irəliyişin əldə edildiyini bildirsələr də, görünən odur ki, əsas məsələ − Qarabağ üzrə ortaq fikrə gələ bilməyiblər. Hadisələrin inkişafı onu göstərir ki, danışıqlarda əsas maneəni aradan qaldırmaq məqsədilə, Bakının hərbi əməliyyat keçirməsi labüddür. Görüş zamanı zərərsizləşdirilən 5 hərbçidən ən azı ikisinin Ermənistan vətəndaşı olması İrəvanın “Müdafiə ordusu” ilə bağlı narrativlərini (bir daha) dağıdıb, Bakıya antiterror əməliyyatı keçirtməyə əlavə əsas verir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: