Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının əsas mərhələsi başlayıb.
Ovqat.com-un məlumatına görə, bu barədə ABŞ-ın müxtəlif media orqanları məlumat yayıb.
“New York Times” Pentaqondakı mənbələrinə istinadən bildirib ki, əks-hücumun əsas istiqamətləri müəyyənləşdirilib, oraya ehtiyatlar qüvvələri göndərilib.
Nəşrin mənbələrinin iddiasına görə, Ukrayna komandanlığı Vaşinqtona əsas əks-hücum istiqamətinin Zaporojye vilayəti olduğunu bildirib. “Vilayətin Orexov rayonunun cənubu istiqamətində hücumun yeni mərhələsinin başlanması barədə məlumatlar var. Rusiya müdafiəsinin yarılması halında, bu, Ukrayna Silahlı Qüvvələrinə Tokmaka və daha sonra Azov dənizi yaxınlığında Melitopola hərəkət etməyə imkan verəcək”,-deyən Pentaqon yetkililərinin fikrincə, Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün xüsusi hazırlanmış və hələ də ehtiyatda saxlanılan bəzi yeni birləşmələri döyüşə cəlb edib.
Xəbərdə vurğulanır ki, indiyədək Ukrayna Silahlı Qüvvələri cəbhənin bir neçə sektorunda hücum əməliyyatları aparırdı ki, müşahidəçilər bunu ya Rusiya müdafiəsində zəif nöqtələrin axtarışı, ya da Rusiya Silahlı Qüvvələrinin ehtiyatlarını əsas zərbə yerindən uzaqlara çəkmək üçün nəzərdə tutulmuş aldadıcı manevrlər kimi şərh edirlər.
Əsas əks-hücum əməliyyatlarının Orexovo yaxınlığında başlaması ilə bağlı iddialar bir sıra digər mənbələr tərəfindən də təsdiqlənir: Çərşənbə günü “New York Times”ın müxbiri Karlotta Qoll bu ərazidən məlumat verib ki, orada Qərbdə təlim keçmiş bəzi yeni Ukrayna bölmələrinin toplandığını görüb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi də eyni ərazidə "tanklarla gücləndirilmiş 3 batalyon tərəfindən dəstəklənən kütləvi hücum" haqqında iddialar irəli sürüb.
"Bu, əsas sınaqdır", - deyə “New York Times” nəşri Pentaqondakı həmsöhbətindən sitat gətirib.
ABŞ-ın dünyaca ünlü digər media qurumu “Politico” da əks-hücum əməliyyatının başlandığına dair məlumatı təsdiqləyib. Nəşrin iddiasına görə, “Ukrayna ruslara qarşı döyüş meydanına yeni qoşunlar göndərib”.
“Pentaqonun yüksək çinli rəsmiləri son həftələrdə Ukraynanın strategiyasını düşmən xəttlərində zəif yerləri araşdırarkən ən yaxşı təlim keçmiş qüvvələrini ehtiyatda saxlamaq kimi təsvir edirdilər. Ukraynanın ehtiyatda saxladığı birliklərin çoxu Qərb tərəfindən qabaqcıl manevr taktikası üzrə təlim keçib, yaxşı zirehli Qərb döyüş maşınları və personal daşıyıcıları ilə təchiz edilib”, -deyə “Politico” bildirib.
Qəzetə danışan ABŞ rəsmiləri əks-hücumun gözləniləndən daha ləng getdiyini etiraf etsələr də, Kiyevin axtardığı fürsəti artıq yaxaladığını bildiriblər.
“Bu hücum yavaş olacaq, çətin olacaq və çox baha başa gələcək. Bu döyüş ukraynalıların sıx minalanmış sahələr və maneələr arasında vuruşduğu bir vaxtda davam edir, Ukraynanın güclü ehtiyat qüvvəsi isə Ukraynanın seçdiyi optimal vaxt və yerdə hərəkətə keçmək üçün pusquda dayanır”, - deyə ABŞ ordusunun Baş Qərargah rəisi general Mark Milli ötən həftə jurnalistlərə bildirmişdi.
Bu yaxınlarda Pentaqondakı yüksək postundan ayrılan Kolin Kahl da ukraynalıların ölkənin şərqində və cənubunda "zəif yerləri araşdırdıqları" üçün ləng hərəkət etdiklərini demişdi.
“Əsl həmlə zəif nöqtələri müəyyən etdikdən və ya cəbhə xəttində zəif nöqtələr və pozulmalar yaratdıqdan sonra ehtiyatda olan döyüş gücü ilə sürətli hərəkət etməklə reallaşacaq”, - Kahl iyulun 7-də jurnalistlərlə keçirdiyi brifinqdə bildirmişdi.
Pentaqon yetkililərinin iddiasına inansaq, Rusiyanın zəif nöqtəsi müəyyənləşdirilib və ukraynalılar bu istiqamətdə artıq hərəkətə keçiblər.
Ovqat.com
Paylaş: