“Ermənistanın Zəngəzur bölgəsinin regional geosiyasətin ən mühüm mərkəzinə çevrildiyini başa düşmək üçün məncə, siyasət elminin dahisi olmağa ehtiyac yoxdur. Bu regionun bütün ölkələri Yer kürəsinin küncündə ən çətin ərazi dilemmasını necə həll etməyi düşünürlər, burada hər bir oyunçunun mütləq düşmənlərindən biri var: onunla heç vaxt əməkdaşlıq etməyəcək”.
Ovqat.com-un məlumatına görə, erməni analitik Samvel Hovhannisyan qələmə aldığı “Ermənistanda Mariya Zaxarovanın davamçılarına nə ehtiyac var?” sərlövhəli məqaləsində bildirib.
Məqalədə vurğulanır:
“Zəngəzur həqiqətən də büdrəmədir. Bu, Ermənistanın həm gücüdür, həm də problemi. O, avuç içində isti, lakin çox qiymətli bir daşdır. Onu tərk etməyə haqqımız yoxdur.
Başa düşdüyünüz kimi, ölkəmiz qonşuları ilə çox “şanslıdır” və qonşularımızdan biri olan Azərbaycan bu inciyə şəhvətlə baxır. Etiraf edək ki, hazırda Vətənimizin düşmən təcavüzündən müdafiə imkanları çox məhduddur. Bunun səbəblərini burada yazmayacağıq, mən və həmkarlarım artıq hər şeyi təfərrüatı ilə çeynəmişik. Amma gəlin, bunu bir fakt kimi qəbul edək: Ermənistan Silahlı Qüvvələri ağır günlər yaşayır.
Bu o deməkdir ki, biz manevr etməyi, güclər və dünya güc mərkəzləri arasındakı ziddiyyətlər üzərində oynamağı bacarmalıyıq. Möhkəm ola bilməsək, çevik olacağıq, güclü ola bilməsək, hiyləgərliyə əl atmalıyıq. Açığını deyim ki, xalqımız heç vaxt sonuncu keyfiyyətin yoxsulluğundan şikayətlənməyib, ona görə də biz hətta tez-tez zarafatların, lətifələrin qəhrəmanına çevrilmişik.
Diplomatik hiylə, rəftar necə olmalıdır ki, ölkəmizin bütövlüyünü qoruyub saxlaya bilək, xüsusən də Zəngəzur ermənilərə məxsus olaraq qalsın? Bu dünyanın qüdrətlilərini inandırmaq lazımdır ki, hüquqi sərhədləri daxilində tanınan güclü, azad, bütöv Ermənistan, ilk növbədə, onlara sərfəlidir. Zəngəzur bölgənin açarıdır və bu açar öz sahibinin etibarlı əlində qalsa, hamı üçün daha faydalı olar.
Hərbi ekspert Hayk Nahapetyan da “Sputnik-Armeniya”ya şərhində Ermənistanın bu cənub bölgəsinin həm Qərb, həm də Rusiya üçün strateji əhəmiyyətini etiraf edib. Və bu baxımdan mən onunla razıyam. Amma sonra ekspert Zəngəzur bölgəsi ilə bağlı məntiqsiz tezislər səsləndirməyə başlayıb. Qafanda AB-nin yeni ofisinin açılması onda anlaşılmaz bir “qısqanclıq” oyandırıb. Onun qənaətinə görə, bu hadisə və ümumilikdə Qərbin Ermənistanın cənubundakı fəaliyyəti bir məqsədə xidmət edir - Rusiya və İranı regiondan, xüsusən də Zəngəzurdan sıxışdırıb çıxarmağa!
Nahapetyan hesab edir ki, Rusiya konsulluğunun açılmasının elanından sonra Aİ-nin Zəngəzurda yeni ofis açması təsadüfi deyil.
Amma burada bir ziddiyyət görürük: nə üçün Rusiyaya Ermənistanın cənubunda konsulluq açmaq olar, amma Qərbə yox? Mən xatırlamıram ki, Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında bu torpaq sahəsinin konsessiyasına dair müqavilə imzalanıb. Yadıma gəlmir ki, İrəvan və Moskva hansısa təşkilatlar çərçivəsində və ya birbaşa razılığa gəliblər ki, bu bölgə Rusiyaya həvalə olunub və yalnız onun burda diplomatik nümayəndəliklərini açmaq hüququ var. Ancaq Rusiya Federasiyasına münasibətdə Sputnik-Ermənistanın eksperti nədənsə qısqanclıq hiss etmir.
Nahapetyanın sözlərinə görə, Aİ-nin bütün ofisləri kəşfiyyat strukturlarıdır və Aİ müşahidəçilərinin məqsədi heç bir halda sülh prosesinə töhfə vermək deyil. Haykın mülahizə səviyyəsi mənə 70-ci illərin sovet nənələrinin düşüncə qatarını xatırladır, onlar sanki həyətə girən hər yad adamın timsalında “Amerika casusu” görürdülər.
Sülh yolu ilə nizamlanmaya gəlincə, Azərbaycanın Laçın dəhlizinin açılması tələblərini ən çox Avropa strukturlarından eşidirik. Və biz buna hörmətlə yanaşmalıyıq ki, Avropa İttifaqından olan müşahidəçilər Ermənistanın sərhədlərində peyda olandan sonra Azərbaycan qoşunları özünü daha təmkinli aparmağa başladı. Zəngəzur ərazisində heç bir insident baş vermədi.
Bəs Cənub Hərbi Dairəsindən olan rus qoşunları nə edir? Alagöz və Kəmxud poliqonlarında mayallaq aşmalar, Ermənistana isə onların saltolarının heç bir faydası yoxdur.
Daha sonra A.Nahapetyan qəzəblənir ki, avropalılar “orada nəinki ofislər açır, həm də kiçik və orta biznesin inkişafına guya 100 milyon dollardan çox sərmayə qoyurlar. Yəni bu yolla əhalini “satın almağa” çalışırlar”.
Bunu işsiz qalan, hər qazancına sevinən Zəngəzurlular üçün deyir! Çünki bəzi investorlar bu uzaq bölgənin inkişafına pul yatırmaq üçün bölgəyə gəlirlər. Nahapetyanın fikrincə, onlar “pisdir”, çünki əhalini “almaq” istəyirlər. Yaxşı, qoy A.Nahapetyan bu regiona üçüncü ölkələrdən başqa investorlar gətirsin ki, onlar da əhalini “alsınlar”.
Rusiya da əhalimizi “alıb” və “alır”. Amma yüz minlərlə vətəndaşımızın gündəlik çörək dalınca getdiyi öz ərazilərində. Təbii ki, Ermənistan Respublikasında Köçəryanın və Sarkisyanın hakimiyyəti altındakı acınacaqlı iqtisadi vəziyyətdə bu, təkcə Rusiyanın günahı deyil, həm də soydaşlarımız ora könüllü gediblər. Amma fakt faktlığında qalır - Ermənistan, xüsusən də onun rayonları viranəyə dönüb.
Əhali hər halda “alınacaq”, amma bu, vətəndə olsa yaxşıdır. Doğma torpaqlarını tərk etmək ermənilər üçün ölkənin viran qalmasına, əhalinin azalmasına xidmət edir. Və ölkəni müdafiə etməlisənsə, bunu kim edəcək?
Ermənistan vilayətində iş yerləri yaratmaqla investorlar (bu halda Aİ) əhalinin öz doğma yerlərdə konsolidasiyasına töhfə verirlər. Və hətta buna görə də biz onlara minnətdar olmalıyıq.
Bundan əlavə, Hayk Nahapetyan bizi “rəvan dünyanın” ən əsas “pərdəarxası”, “məkrli” məqsədinə çatdırır. “Zəngəzur Rusiya üçün də strateji əhəmiyyət kəsb edir, Şimal-Cənub yolunun 4 qolundan biri Zəngəzurdan keçir, Qərb isə onların hər hansı birini kəsməyə çalışır”, - Nahapetyan bildirib.
Ekspert izah edir ki, Şimal-Cənub magistral yolu Rusiya Federasiyasının İrandan keçməklə Hindistana gedən yolunu 4 dəfə qısaldır. Avropa Zəngəzurdan keçən bu marşrutu bağlamaq istəyir, ona görə də orada ofislər açır, Aİ müşahidəçilərini yerləşdirir və planlarını həyata keçirmək üçün çoxlu pul yatırır.
Gəlin, ondan başlayaq ki, uzunmüddətli tikinti kateqoriyasına girən həmin Şimal-Cənub magistral yolu hələ də fəaliyyətə başlamayıb. İrandan Rusiyaya mallar və çox vaxt hərbi mallar birtəhər hərəkət edir. Güman edirəm ki, onlar Ermənistan ərazisindən keçmir. Yadınızdadırsa, iyulun sonunda baş nazir Paşinyan “France Presse” agentliyinə müsahibəsində demişdi: “Rusiyalı tərəfdaşlarımızla söhbətdə biz bunları demişdik: biz sizin gözləntilərinizi başa düşürük və onları doğrultmağa hazırıq, lakin o vaxta qədər ki, Ermənistanın sanksiyalara məruz qalması təhlükəsi yaranacaq”. Yəni Ermənistan qadağan olunmuş malların Rusiya Federasiyasına ixracına icazə verməmək üçün ona qarşı sanksiya rejiminə nəzarət edir.
Bundan əlavə, Rusiya İrandan “maraqlı” nəsə ixrac edərsə, Ermənistandan sonra onu Azərbaycana və ya Türkiyəyə deyil, çox güman ki, Gürcüstana aparacaq. Lakin Gürcüstan hökuməti orta dərəcədə qərbyönlü olsa da, hələ də Gürcüstan şəhərlərinin küçələrindən Aİ bayraqlarını yığışdırmayıb. Tiflis çətin ki, sanksiyalardan yan keçməklə bağlı bir neçə on milyonlar xatirinə Avropaya inteqrasiya perspektivini özü üçün bağlamaq istəsin.
Deməli, İrandan Rusiya Federasiyasına malların yerüstü çatdırılma üsullarının qapalı olmasından danışmağa ehtiyac yoxdur. Bu, Aİ-nin Qafanda nümayəndəliyinin olub-olmamasından asılı deyil.
Haykın “Avropa Zəngəzurdan keçən bu marşrutu bağlamaq istəyir, ona görə də orada ofislər açır, Aİ müşahidəçilərini yerləşdirir” kimi cəfəngiyyatı şərh etmək mənim üçün çox çətindir. Doğrudanmı o, Aİ-nin öz ofisini məhz bu yolda quracağını düşünür? Bəli, Zəngəzurda Ermənistanın zolağı nisbətən ensizdir, qərbdən şərqə cəmi 35-40 km, lakin bu, yol çəkmək və ofis tikmək üçün kifayətdir. Hər ikisi uyğun olacaq.
Yoxsa ekspertimiz hesab edir ki, Aİ missiyası öz silahlı postlarını yola salacaq? Və hər avtomobil axtarılacaq?
Çox qəribədir ki, Ermənistan vətəndaşı öz ölkəsində Rusiya Federasiyasının maraqlarını bu qədər canfəşanlıqla müdafiə edir. Nəzərə alsaq ki, Moskva bizə nəinki kömək etmək istəmir, əslində Azərbaycan-Türkiyə müttəfiqliyinə yaşıl işıq yandırır.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova demişdi ki, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyində sırf geosiyasi fon görür: “Aİ Zaqafqazda münasibətlərin real normallaşması maraqlarından uzaqdır, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək məqsədi güdür”. Bu, onun ölkəsinin mövqeyidir və o, dövlət qulluqçusu, diplomat kimi öz ölkəsinin siyasətini aparır.
Amma bizim həmvətənlərimiz bu cür mübahisə edəndə, bu, mənim üçün tamamilə anlaşılmazdır. Bizə Mariya Zaxarovanın davamçıları lazım deyil.
Tərcümə etdi: Ovqat.com
Paylaş: