Belarus prezidenti Lukaşenka baş nazir Roman Qolovçenkoya Polşa ilə dialoqa başlamaq göstəriş verib.
Ovqat.com-un məlumatına görə, Belarus prezidenti əməkçilərlə görüşündə bunu bildirib.
“Baş nazirə onlarla (polşalılarla) əlaqə saxlamağı tapşırdım. İstəsələr, danışaq, münasibət quraq. Biz qonşuyuq, qonşular bir-birini seçmirlər, bu, Allahın təqdiridir”, - Aleksandr Lukaşenko çıxışında belə deyib.
Polşanın Rusiya və Belarus üçün birbaşa təhlükə yaratmasına baxmayaraq, Lukaşenkonun bu təklifi onun Qərbə yaxınlaşmaq istəyi kimi yozulub. İddialara inansaq, bu təklifin əsas səbəbi Belarus iqtisadiyyatına ciddi zərbə vuran Avropa sanksiyalarından yayınmaq istəyindən doğa bilər.
Maraqlıdır ki, bundan bir müddət əvvəl Minsklə Moskva arasında “Vaqner”in maliyyələşməsi məsələsində fikir ayrılıqlarının ortaya çıxdığına dair iddialar da mediaya sızdırılmışdı. Bildirilirdi ki, Moskva “Vaqner” hərbçilərinin maliyyələşdirilməsini Minskin öhdəsinə buraxsa da, Lukaşenko bu xərclərdən boyun qaçırmış və onlardan kiçik bir qrupu Belarus ordusuna hərbi təlimlər keçmək üçün götürmüş, digərlərini isə ölkədən çıxmağa çağırmışdı. Hətta 500-600 “vaqner”çinin bir neçə gün bundan əvvəl avtobuslarla Belarusu tərk etdiyi də gələn bilgilər arasında idi.
Bu iddialar rəsmən öz təsdiqini tapmasa da, qısa müddətdən sonra Lukaşenkonun yenidən Qərbə yönəlik yaxınlaşma ismarışları verməsi təsadüfi görünmür. Belə ki, “Vaqner” silahlıları Belarusun hərbi qüdrətini artırırdı və onlardan imtina Minskin Qərblə qarşıdurmaya getmək planından həqiqətən geri çəkdiyinə işarə sayıla bilər.
Qeyd edək ki, Qərblə Rusiya arasında var-gəl etmək Lukaşenkonun köhnə şakəridir və Belarus lideri bu manevrlərlə ölkəsinin qismi müstəqilliyini qorumağa çalışır. Bu səbəbdən də onun növbəti blefinin Qərb tərəfindən səmimi qarşılanmayacağı ehtimal olunur. Amma o da var ki, Lukaşenko məsələni tam bişirmədən ciddi açıqlamalar verəcək qədər naşı siyasətçilərdən də deyil.
Paylaş: