Ermənilər boş dayanmırlar. Dünyada əlləri çatan hər kəsə müraciət edib Azərbaycanın Qarabağda yaşayan erməni əhalisinə qarşı guya soyqırımı siyasəti yürütdüyünü anlatmağa çalışırlar.
Ovqat.com-un məlumatına görə, onların budəfəki “himayədarı” qismində vaxtilə BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri vəzifəsində işləmiş, hazırda Vaşinqton Amerika Universitetinin insan hüquqları üzrə professoru Juan Mendez çıxış edib.
Bildirilir ki, Juan Mendez BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin və çoxtərəfli humanitar əməkdaşlıqda maraqlı olan təşkilatların nümayəndə heyətlərinin qatıldığı görüşdə deyib:
“Soyqırım Konvensiyasına üzv olan dövlətlər bu cinayətin (Laçın sərhəd keçid məntəqəsinin bağlanmasının – Ovqat.com) qarşısını almağı öhdələrinə götürüblər və beynəlxalq ictimaiyyət bu əhalini qorumaq öhdəliyini yerinə yetirməlidir”.
O həmçinin, Qarabağdakı mövcud vəziyyətin mümkün soyqırımı barədə erkən xəbərdarlıq kimi qiymətləndirib və qarşısının alınmasını tələb edib. Mendezin fikrincə, Qarabağdakı “erməni soyqırımı”nın əsas göstərici “Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarının icra olunmamasıdır”.
“Laçın dəhlizinin qəsdən blokadaya alınması - Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarına zidd olaraq, Dağlıq Qarabağda yaşayan ermənilərin yaxın gələcəkdə ciddi fiziki və ya mənəvi zərər çəkə biləcəkləri ehtimalının yüksək olduğunu göstərir (“Soyqırımın qarşısının alınması və ona görə cəzalar haqqında Konvensiya”nın 2-ci maddəsinin b bəndi)”, - deyən Mendezin fikrincə, Azərbaycanın təqdim etdiyi əsaslandırmalar, blokadanın rədd edilməsi və ərzaq təminatının alternativ yollarının təklifi Beynəlxalq Ədalət Məhkəməsinin qərarına açıq şəkildə etirazını nümayiş etdirir:
“Anladığım qədəri ilə faktlar belədir: Azərbaycan, Ermənistan və Rusiya 2020-ci il noyabrın 9-da Ermənistan və Azərbaycan arasında müharibəyə son qoymaq üçün üçtərəfli bəyannamə imzalayıb. Bəyannamədə Dağlıq Qarabağ üzrə xüsusi maddə də var. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizi (eni 5 km)... 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında qalacaq. Azərbaycan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə təhlükəsiz hərəkətinə zəmanət verir”.
O xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli hökmündə bu barədə belə qərar verib: “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq və malların Laçın dəhlizi boyunca hər iki istiqamətdə iş üzrə yekun qərar qəbul edilənədək Azərbaycan insanların, nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir. Qərar 6 iyul 2023-cü ildə təsdiqlənib.
Azərbaycanın təhlükəsizlik qüvvələri Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etmək əvəzinə, mart ayından Laçın dəhlizinin qarşısını kəsib, iyun ayından isə Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistanla birləşdirən yolu da bağlayıb.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycana blokada nəticəsində yaradılmış ermənilərin “sağlamlığı və həyatı” üçün “real və bilavasitə risk” barədə xəbərdarlıq edir”.
Mendezin sözlərinə görə, Azərbaycan BMT baş katibinin, ABŞ dövlət katibinin, Fransa prezidentinin Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarını yerinə yetirmək və Laçın dəhlizinin açılması ilə bağlı çağırışlarına məhəl qoymayıb: “Bundan başqa, Azərbaycan rəsmiləri və ekspertləri faktları təkzib edərək humanitar yardımın göstərilməsi üçün alternativ yollar təklif edir, bununla da Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yerinə yetirməkdən imtina etdiklərini təsdiqləyirlər. Belə bir şəraitdə, mənim müşahidələrimə görə, yuxarıda göstərilən faktlar Dağlıq Qarabağ əhalisinin “ciddi fiziki və ya mənəvi zərər” təhlükəsi ilə üzləşməsi ilə bağlı beynəlxalq ictimaiyyətə erkən xəbərdarlıq üçün kifayət qədər əsas yaradır.
Soyqırım Konvensiyasına üzv olan dövlətlər bu cinayətin qarşısını almağı öhdələrinə götürüblər və beynəlxalq ictimaiyyət bu əhalini qorumaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.
Bu kontekstdə 1948-ci il Soyqırımının Qarşısının Alınması Konvensiyasını, Beynəlxalq Ədalət Məhkəməsinin Bosniya və Serbiyaya qarşı soyqırımın qarşısının alınması öhdəliyi ilə bağlı qəbul etdiyi hüquqi presedenti rəhbər tutduğunu vurğulayan hüquq müdafiəçisi deyib:
“Srebrenitsa işində Beynəlxalq Ədalət Məhkəməsi müəyyən etmişdi ki, Serbiya digər amillərlə yanaşı, məhkəmələrlə əməkdaşlıqdan imtina edərək, soyqırımın qarşısını almaq öhdəliyini pozub.
Müqayisə üçün, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən xüsusi olaraq risk altında olan əhalini qorumaq üçün qəbul edilmiş məcburi müvəqqəti tədbirin olmaması, ən azı məhkəmələrdə istintaqla əməkdaşlıqdan imtina etmək qədər güclü bir xəbərdarlıq idi”.
Göründüyü kimi, Juan Mendez Azərbaycanın Ağdam-Xankəndi yolunu açmağa hazır olduğunu bəyan etməsini nəzərə almadan Qarabağ ermənilərinin yaratmağa çalışdığı süni “humanitar böhranı” 1990-cı illərdəki Serbiya zülmünə bənzədib. Halbuki, Azərbaycan serblər kimi, Qarabağda yaşayan erməniləri nə kəsir, nə də asır, əksinə, “humanitar böhran vardırsa, biz öz vətəndaşlarımızı öz ərazimizdən keçən yollarla təchiz etmək istəyirik”, - deyir və bu məsələdə kifayət qədər haqlıdır.
Argentina əsilli olan Juan Mendez vəkildir və ölkəsində yaşanan insan haqları pozuntularına etiraz etdiyinə görə 18 ay həbsə atılmış, azadlığa buraxıldıqdan bir neçə il sonra ABŞ-a köçmüşdür.
ABŞ-da olduğu müddətdə İllinoys ştatının Aurora şəhərindəki katolik kilsəsində işləyən miqrant işçilərin hüquqlarını müdafiə edir. 1978-ci ildə Vaşinqton qanunvericiliyinə uyğun olaraq mülki hüquqlar üzrə hüquqşünaslar Komitəsinə qatılır və 1982-ci ildə Human Rights Watch-un (HRW) Amerika proqramına başlayıb. 15 ildən çox HRW ilə əməkdaşlıq edir və 1994-cü ildə qurumun baş məsləhətçisi vəzifəsinə layiq görülür. 2009-cu ildə BMT-də soyqırım üzrə müşavir, 2010-cu il oktyabrın 6-dan isə BMT-nin işgəncələr üzrə xüsusi məruzəçi olur.
Paylaş: