NATO-nun Vilnüsdəki iyul sammitinə diqqət Ukraynanın üzvlük perspektivlərinə yönəldildiyi üçün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin yoxluğuna nisbətən az diqqət yetirildi. Bununla belə, bu çatışmazlıq daha geniş Qara dəniz regionunda davam edən geosiyasi dəyişikliyi və beynəlxalq təhlükəsizlik üçün potensial ciddi nəticələri əks etdirirdi. Rusiya Ukraynada məğlub olsa da, Gürcüstanda qalib gəldiyinə dair bir çox əlamətlər var.
Gürcüstanın Baş naziri Qaribaşvili NATO-nun Vilnus sammitindən bir neçə həftə əvvəl beynəlxalq mediada sensasiyaya səbəb olab açıqlama verərək NATO-nun Rusiyanı Ukraynaya soxulmağa vadar etdiyini bildirmişdi. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” gündəlik qəzetinin verdiyi məlumata görə, bu açıqlama alyansın Qaribaşvilini zirvədəki yerindən imtina etməsinə səbəb olmuşdu. Qaribaşvilinin şərhləri mübahisəli ola bilər, lakin əsassız deyildi. Həqiqətən, onun komandası Gürcüstanın Avroatlantik inteqrasiyadan Kremlə doğru daha sürətli qayıdışını tətikləmişdilər.
2023-cü ilin iyul ayında Gürcüstan Çin ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamış və Pekinin Rusiyanın Ukraynaya müdaxiləsinə səssiz dəstəyinin fonunda Qərbdən daha da uzaqlaşmışdı. Gürcüstan hökuməti təkcə Pekinin "Kəmər və Yol" təşəbbüsünü dəstəkləməmiş, həm də Çinin bütövlükdə Qərbi və xüsusən də ABŞ-ı tarazlaşdırmaq üçün nəzərdə tutulmuş digər xarici siyasət cəhdlərini də müdafiə etdiyini vurğulamışdı. Yəqin ki, bu tendensiya bütün Qərb siyasətçilərinin də nəzərindən qaçmadı.
Qərb liderləri fərqindədirlər ki, hazırda Gürcüstanda baş verən geosiyasi dəyişikliklər gürcülərin “uzaqgörənliyin”dən irəli gəlir. 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzünə Qərbin zəif reaksiyası hazırda Vladimir Putinə cəsarət verən və Ukraynanın soyqırım işğalına zəmin yaradan böyük bir strateji səhv kimi qəbul edilir. On beş il sonra Rusiyanın Gürcüstandakı nüfuzunun canlanması Putinin ciddi uğursuzluqlara baxmayaraq, Ukraynadakı hədəflərinə çata biləcəyinə inanmasından qaynaqlanır.
Qərb dünyası Rusiyanın Ukraynaya hücumuna qarşı birləşsə də, Gürcüstan kənarda qaldı və bunun əvəzinə Kremlə dost olan bir sıra siyasi tədbirlərə baş vurdu. Nəticədə hazırkı Gürcüstan hakimiyyəti Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmaqdan qəti şəkildə imtina etdi. Üstəlik, Tbilisi bu yaxınlarda AB və ABŞ-ın bütün etiraz çağırışlarına baxmayaraq Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edib. Hökumət rəsmiləri həmçinin Qərbi Rusiyaya hücum etmək üçün Gürcüstana təzyiq göstərməyə çalışmaqda günahlandıraraq Kremlin təbliğatını dəstəkləyirlər. Beləliklə, Qərb tənqidçiləri Gürcüstan hakimiyyətini Rusiyanın son onilliklərdə apardığı antidemokratik siyasətə bənzər bir siyasət yürütməkdə günahlandırırlar.
2023-cü ilin yazında hakim "Gürcü Arzusu" partiyası vətəndaş cəmiyyəti təşkilatlarına qarşı "xarici agent" kimi baxan, mövcud Rusiya qanunvericiliyini dəqiq əks etdirən yeni qanunlar tətbiq etməyə çalışdı. Nəticədə bu təşəbbüs geniş miqyaslı ictimai etirazlarla bloklandı, lakin vətəndaş cəmiyyətini və ölkənin siyasi müxalifətini iblisləşdirmək səylərini da artırdı.
Rusiya təbliğatının Gürcüstan informasiya məkanına təsiri sovet diktatoru İosif Stalinin reabilitasiyası ilə bağlı xüsusilə aydın olan başqa bir problemli məsələni gündəmə gətirib. Uzun illərdir, Putin rejimi Stalinə revizionist yanaşmanı təbliğ edir, onun nasist Almaniyası üzərində Qələbənin təmin olunmasında rolunu cinayətlərindən üstün olan güclü bir lider kimi alqışlayır. Rusiya Gürcüstan auditoriyası arasında Stalinin gürcü köklərindən uğurla istifadə edir və sovet diktatoru üzərində Kremlin hekayələri ilə sıx əlaqəli olan anti-Qərb gürcü millətçiliyinin nominal lideri obrazı yaradır.
Son illərdə Gürcüstanda Stalinə 11 yeni heykəl qoyulub, Gürcüstanda son ictimai rəy sorğusu göstərir ki, respondentlərin təxminən 46% - ni təşkil edən "vətənpərvər” gürcülər Stalinlə fəxr edirlər. Stalinə münasibətdəki bu dəyişiklik Qərbdə hələ çox diqqət çəkməyib, ancaq Gürcüstan cəmiyyətinin Rusiyanın informasiya müharibəsi qarşısında zəifliyini ortaya qoyur.
Gürcüstanın Rusiyanın geosiyasi orbitinə sürüşməsinin öhdəsindən gələ bilməməsi bədəli ağır bir səhv ola bilər. Belə bir nəticənin qarşısını almaq üçün Vaşinqton və Brüssel aydın siyasət qəbul etməlidir. Zaman kritikdir. Rusiyanın bugünkü Gürcüstandakı təsiri artmaqda davam etdikcə, Qərbin təsir imkanları qaçılmaz olaraq azalır. Qərbin Moskvaya qarşı növbəti addımlarının əhəmiyyətli bədəllərlə nəticələnəcəyini nümayiş etdirmək üçün öz qanuni rıçaqlarını təxirə salmadan işə salması çox vacibdir. Bu, Gürcüstan xalqına ölkənin hazırkı təhlükəli inkişaf trayektoriyasını demokratik yolla geri qaytarmağa kömək edərdi.
Alternativ Gürcüstan Ukrayna və Qərbin maraqları üçün fəlakətli olardı. Putin Rusiyanın Gürcüstan üzərində hökmranlığını bərpa və ölkənin Avroatlantik ambisiyalarını alt-üst edə bilsə, ölkə ərazisinin iyirmi faizini işğal altında tutmağı sürdürərsə, nəticədə Ukraynada da oxşar nəticənin mümkünlüyünə inanması üçün əsas yaranacaq. Bu, indiki müharibəni uzadacaq və Rusiyanın növbəti təcavüzləri üçün də zəmin hazırlayacaq.
Müəllif: Georgi Kandelaki
Gürcüstan parlamentinin keçmiş deputatı və NATO Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin keçmiş sədridir. O, hazırda Gürcüstanın totalitar keçmişini araşdıran və tarixin silaha çevrilməsinə qarşı mübarizə aparan analitik mərkəz olan Sovet hakimiyətinin keçmişinin tədqiqatı laboratoriyasında (Sovlab) layihə rəhbəridir.
Atlantic Council
Tərcümə etdi: Ovqat.com
Paylaş: