Xəbər lenti

 

 Siyasi şərhçi, Ovqat.com saytının baş redaktoru Heydər Oğuzun “Müsavat”a müsahibəsini təqdim edirik:

 

-Heydər bəy, Qarabağ erməniləri qondarma prezident seçməklə nəyə nail olmaq istəyirlər? Arayik Aratyunyanın vəzifəsindən istefa verməsi və onun yerinə bir başqasının seçilməsi hansı zərurətdən doğdu?

 

-Arayik Aratyunyan istefa verərkən bunu 2 səbəblə əlaqələndirmişdi. Səbəblərdən biri hakimiyyətdə olduğu dövrlərdə II Qarabağ məğlubiyyətinin yaşanması və özünün bu məğlubiyyətdən çıxış yolunu tapa bilməməsi və nəticədə “seçiciləri” arasında nüfuzunu tam itirməsidir. Onun üzərində dayandığı digər səbəb isə Azərbaycanla başlayacağı gözlənilən dialoqda tərcümeyi-halının danışıqlar prosesinə mane olacağı ehtimalı ilə bağlıdır. Dediyinə görə, II Qarabağ savaşında erməni separatçılarına rəhbərlik etməsi onu Azərbaycan rəsmilərinin gözündən salıb. Bu da sağlam dialoq qurma imkanlarını heçə endirir. Araikin yerinə gətirilən Samvel Şahramanyan isə guya, bizimlə heç bir savaşa qatılmayan biridir və onunla Azərbaycan rəhbərliyi daha rahat dil tapa bilər.

Sözsüz ki, bütün bu arqumentlər Qarabağ ermənilərinin yeni əsassız və oyunpozan bəhanələridir. Əgər onlar həqiqətən də Azərbaycanla danışıqlara getməyə razıdırlarsa, seçki keçirməyə ehtiyac yox idi. Çünki bu seçkilər bizimlə dialoqa gələn erməni təmsilçisinə xüsusi və qondarma status qazandırır. Rəsmi Bakı isə, təbii ki, bu statusla onların təmsilçisinin danışıqlar masasına oturmasına razı ola bilməz. Bir sözlə, ermənilər prosesi uzatmaq üçün yeni bəhanələr tapıblar və bu yolla əsl məqsəddən yayınmağa çalışırlar.

 

-Samvel Şahramanyanın bu gün əldə edəcəyi status niyə reinteqrasiya prosesinə mane olur? Onun statusunun xüsusi əhəmiyyəti varmı?

 

-Əlbəttə, var. Biri var sən Qarabağ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının nümayəndəsi ilə görüşəsən, biri də var özünü respublika adlandıran bir qurumun “prezidenti" ilə bir masaya oturasan. Azərbaycan Samveli bu statusda qəbul etsə, deməli, qondarma “Artsax respublikası”nı da bir subyekt kimi tanıyır. Bu zaman Qarabağ ermənilərinin ölkəmizə reinteqrasiyası mahiyyətini dəyişəcək və faktiki olaraq onlar bizə federativ subyekt kimi birləşəcəklər. Azərbaycan rəhbərliyinin onları bu statusla qəbul etməsi ilk növbədə Konstitusiyamıza ziddir. Konstitusiyamıza görə, Azərbaycan unitar dövlətdir və onun tərkibində hər hansı federal subyekt ola bilməz. Üstəlik, Konstitusiyamız bu maddənı referenduma çıxarmağı belə qadağan edir. Yəni onu dəyişmək olmaz. Elədirsə, Qarabağ Azərbaycana federal subyekt kimi də birləşə bilməz. Sadəcə hər hansı bölgəmiz kimi yenidən Azərbaycanın ərazisinə qatıla bilər. Bu baxımdan bizimlə dialoq masasına oturan erməni təmsilçisinin statusu olduqca vacib məsələdir.

 

-Aydındır, belə çıxır ki, Qarabağ erməniləri beynəlxalq təzyiqlərdən yaxa qurtarmaq üçün bu gün yeni bəhanə əldə etməyə çalışırlar. Bu da onların reinteqrasiyada maraqlı olmadığını göstərir. Sizcə, Azərbaycan bu durumda hansı addımları atmalıdır?

 

-Qarabağ ermənilərinin özlərinə “prezident”, “parlament” seçmələri faktiki olaraq ayrıca bir respublika olduqlarını yenidən bəyan etmələri, başqa sözlə desək, müstəqillik bəyanatlarını təzələmələridir. Təbii ki, belə bir vəziyyətdə istənilən ölkənin antiterror əməliyyatı keçirmək hüququ doğur. Yəqin ki, rəsmi Bakı da separatçıları ipə-sapa yığmaq üçün bu hüququndan istifadə edəcək.

 

-Yəni hesab edirsiniz ki, antiterror əməliyyatı qaçılmazdı?

 

-Əgər bu separatçı inadkarlıq davam etdirilsə, bəli. Əslində Azərbaycan anti-terror əməliyyatına çoxdan başlayıb. Sadəcə əməliyyatın son akkordları qalıb və rəsmi Bakı əvvəl-axır bu akkordu da vurmalıdır.

 

-Fikrinizi aça bilərsinizmi? Niyə anti-terror əməliyyatının çoxdan başladığını iddia edirsiniz və əməliyyatın son mərhələsində nə gözlənilir?

 

-Gözəl sualdır. İcazənizlə, mən bunu bir qədər geniş şəkildə izah edim. Açığı, mən hələ 44 günlük müharibə başlayanda verdiyim müsahibələrdə bu əməliyyatların yalnız Qarabağla tamamlanmayacağını iddia edirdim. Mənim fikrimcə, 44 günlük müharibə bizim üçün Vətən müharibəsi idisə, kollektiv Qərb üçün Rusiya imperializmi ilə regiona – Cənubi Qafqaza nəzarət uğrunda mübarizə idi. Bildirirdim ki, Azərbaycan bu savaşı bitirdikdən sonra növbə Ukraynaya, Moldovaya, Gürcüstana, hətta Baltik dənizi ətrafına gələcək. Bizim şansınız onda gətirdi ki, Rusiya Azərbaycan hakimiyyətinə qeyri-dost ölkə kimi baxmır və Paşinyan hakimiyyətindən isə xoşlanmırdı. Üstəlik, Azərbaycanın 44 günlük müharibədə qazandığı uğurunu özünün sülhməramlılarını Qarabağa soxmaqla sıfırlamağa çalışır və ya ona ortaq çıxmaq istəyirdi. Və bizim qələbəmizdən Paşinyanı devirmək üçün faydalamaq arzusunda idi. Məhz bu səbəbdən Azərbaycanın qismi uğuruna mane olmadı. Amma artıq Qarabağın Rusiyanın təsir dairəsindən çıxarılması məsələsinə növbə çatıb. Bu məsələ kollektiv Qərbin, NATO-nun qarşısında dayanan ən ümdə çağırışa çevrilib. Qərb ölkələrinin Azərbaycanla Ermənistan liderlərini heç kimin iştirakı olmadan sülh danışıqlarına başlamağa çağırmaları və hətta belə bir şəraiti yaratmaq üçün ABŞ-ın özünün dövriyyəyə girməsi təsadüfi deyil. Bilirsiniz ki, Vaşinqton danışıqlarında Qarabağ Azərbaycanın tərkibində olmaqla, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və bu prinsip əsasında sülh müqaviləsinin imzalanması nəzərdə tutulur. Ən əsası isə Azərbaycan və Ermənistan liderləri sülh danışıqlarını vasitəçilərin iştirakı olmadan aparırlar. Əslində Rusiyanı da qıcıqlandıran budur. Moskva İrəvanın niyə Qarabağ iddiasından əl çəkdiyini və onu Azərbaycanın tərkibində qalmasına razı olduğunu anlaya bilmir. Və bunun Rusiyanı Şimali Qafqazdan uzaqlaşdırmaq planının tələbi olduğunu açıq-aşkar ifadə edir.

Bir sözlə, Qarabağ və Ukrayna savaşları NATO-nun regiona nəzarət mübarizəsi olduğundan bizim bundan sonrakı mərhələdə nə edəcəyimizi anlamaq üçün Ukraynanın son zamanlar həyata keçirdiyi hərb strategiyasına nəzər salmağımız lazımdır. Çünki hər iki strategiyanın müəllifi eynidirsə, deməli, həm Qarabağ, həm də Ukrayna sahələrində eyni taktikalardan istifadə olunacaq. Sual verə bilərsiniz: NATO alyansı Ukraynada hansı strategiya və taktikalardan istifadə edir ki, biz də onu örnək götürə bilərik?

 

-Bəli, açığı, onu soruşacaqdım.

 

-Bilirsiniz ki, bir müddət əvvəl Polşa ilə Ukrayna sərhədləri yaxınlığında ABŞ-ın Avropadakı ordusunun komandanı ilə yanaşı Böyük Britaniyanın Müdafiə naziri Ukraynanın Baş Qərargah rəisi görüşdü. Tərəflər Ukrayna ordusunun əks-hücum əməliyyatında son zamanlar qarşılaşdığı problemi müzakirə etdilər. Görüş məxfi idi, amma sızdırılan bəzi məlumatlara görə, İngiltərə Müdafiə naziri görüşdə Ukraynalı həmkarlarına “3S” startegiyasını həyata keçirməyi məsləhət görmüşdü. Bu taktika adından da göründüyü kimi 3 “S” hərfi ilə başlayan sözləri ehtiva edir: Starve (Ac saxlamaq) + Stretch (Uzatmaq) + Strike (Vurmaq). Sözsüz ki, bu sözlər rəmzi anlam daşıyır. “Starve” deyəndə hərfi mənada ac saxlamaq nəzərdə tutulmur, “təchizat xəttini kəsmək” mənasına gəlir. “Stretch” isə hədəf nöqtənin ətrafını nəzarətə götürmək, düşmən qüvvələrin ondan uzaqlaşdırmaq deməkdir. “Strike” isə hədəfi vurmaqdır. Azərbaycan Ordusunun 2020-ci ildən bəri həyata keçirdiyi əməliyyatlara nəzərə salanda “3S” strategiyasının ilk iki mərhələsinin həyata keçirildiyini görürük. Düzdür, bizdə “Starve” mərhələsi ilk başda deyil, daha sonra – Laçın keçid-buraxılış məntəqəsini bağlamaqla həyata keçirib. Ondan əvvəl isə, bilirsiniz ki, hələ ötən ilin mart ayında Xankəndini əhatəyə alan Pirlər və Fərrux yüksəklikləri ələ keçirilmiş, beləcə faktiki olaraq Xocalı, Əsgəran, hətta Ağdərəyə gedən yollar nəzarət altına alınmışdı. Həmin yüksəkliklərin əldə edilməsi Ordumuza Xankəndini istənilən an mühasirəyə almaq imkanı verir. Bu da “3S” strategiyasının “Stretch” mərhələsinin də tamamlanması deməkdir. Deməli bircə nə qalır? Təbii ki, “Strike” (Əsl Hədəfi Vurmaq) mərhələsi. Hesab edirəm ki, Qarabağ ermənilərinin öz “prezidenti”ni seçməsindən sonra Azərbaycan bu mərhələyə başlayacaq.

 

-Amma nə vaxt?

-Təbii ki, istənilən bu kimi addımları atmaq üçün beynəlxalq güc mərkəzləri ilə də bəzi razılıqlara gəlmək lazımdır. Son zamanlar baş verən hadisələrdən belə anlaşılırdı ki, buna Fransa, Rusiya və İran qarşı çıxa bilərdi. Prezident İlham Əliyevin “Total” şirkətinin rəhbəri ilə görüşündən sonra Fransanın köpünün alındığı hiss olunur. İran da artıq “şir quyruğunu” yelləmir. Bilirsiniz, niyə? Çünki Paşinyan hakimiyyəti ABŞ ordusunu İrəvana dəvət edib, Ermənistanla birgə hərbi təlimlərə başlamağa qərar verib. Bu isə İran üçün olduqca təhlükəlidir və onun Zəngəzur dəhlizi ilə bağlı marağının suya düşməsi deməkdir. Üstəlik, Hindistandan İrana, İrandan Ermənistan üzərindən Gürcüstana və Qara dənizə çıxması planlaşdırılan Cənub-Şimal nəqliyyat dəhlizi də artıq gündəmdən çıxıb. Ona görə ki, bu yol çox təhlükəlidir. Hindistan və onun digər tərəfdaşları bu dəhlizin Bəsrə körfəzi və İraq üzərindən Türkiyəyə, ordan isə Avropaya çıxarmaq barədə razılığa gəliblər. Adına “Qalxınma yolu” dəhlizi deyilən bu xəttin həyata keçirilməsi istiqamətində çox ciddi işlər gedir. Kərkükdə və Şimali İraqda baş verən son gərginliklər də bununla bağlıdır. Görünür, İran üz-üzə qaldığı reallıqları anladığından əvvəlki kimi reaksiya göstərmək istəmir. Əks halda Azərbaycan üzərindən Gürcüstana uzanan xətti də itirə bilər. Belə olan halda geriyə bir Rusiya qalır. Rusiyanın başı isə Ukraynada qalmaqaldadır. Üstəlik, Ermənistan da onunla yollarını ayırmaq üçün ciddi addımlar atır. Zənnimcə, Rusiya bu vəziyyətdə Azərbaycan ordusunun qarşısına çıxmaq istəməz. Belə anlaşılır ki, “Strike” mərhələsinin tamamlanması o qədər də uzun çəkməyəcək.

 

E.Məmmədəliyev,
Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 508          Tarix: 11-09-2023, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma